Görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətinin ilk dövrü Naxçıvandan başlamış, bu böyük azərbaycanlı həyatının ilk illərini bu torpaqda yaşamış, təhsilini Naxçıvanda almışdır. Naxçıvan mühiti, ilk təhsil və tanınmış müəllimləri onun formalaşmasında mühüm rol oynamışdır.
Heydər Əliyevin uşaqlıq və gənclik illəri burada keçmişdir. Ulu öndərin özü dəfələrlə bu torpağın qeyri-adiliyindən, əsrarəngiz təbiətindən, dağlarından, insanlarından, kəskin kontinental iqlimindən bəhs etmiş və həyatında Naxçıvanın önəmli rol oynadığını dəfələrlə, həm də minnətdarlıqla xatırlamışdır.
Dünyanın ən məşhur dövlət xadimlərinin portretlərini yaradan görkəmli rəssam Nikos Safronov Heydər Əliyevin 80 illik yubileyi münasibətilə onun portretini çəkərkən dahi insanla ünsiyyətdə olduqdan sonra bu qənaətə gəlmişdir ki, Heydər Əliyev Tanrının yaratdığı möcüzədir, belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir. N.Safronov yazmışdır: “Heydər Əliyev gözəl, alicənab və çox ağıllı bir insandır. Mən ona dərin rəğbət bəsləyirəm və həmişə ona baxarkən düşünürəm ki, görəsən, Tanrı belə insanları necə yaradır? Lakin Naxçıvana, Prezidentin vətəninə getdikdən, oranın füsunkar təbiətini, gözəlliyini gördükdən sonra bunların necə bir qüvvə olduğunu başa düşdüm, başa düşdüm ki, Naxçıvan hər bir sərkərdənin, hər bir dahi insanın güc, qüvvət ala biləcəyi bir yerdir”.
Ümummilli lider Heydər Əlirza oğlu Əliyev 100 il bundan əvvəl – 1923-cü il may ayının 10-da Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan şəhərində anadan olmuşdur. Gələcəyin liderinin fitri istedadı, dərin zəkası, çalışqanlığı ətrafdakıların diqqətini cəlb etmiş, ona yaşıdlarından fərqli münasibət bəslənilmişdir. Keçən əsrin 20-ci illərində Naxçıvanda bir inkişaf, intibah baş vermiş, məktəb və mədrəsələrdə diqqəti çəkən müəllimlər gənclərin təlim-tərbiyəsi ilə ciddi məşğul olmuşlar. Bunlar barədə bəhs edən Heydər Əliyev qeyd etmişdir ki, “XX əsrin əvvəllərində Naxçıvanda təhsil və mədəniyyət çox geniş olmuşdur. Burada çox yüksək səviyyəli məktəblər var idi. Naxçıvanda insanlar çox yüksək təhsil alırdılar. Məktəblərdə verilən dərslər və şagirdlərin dərsləri qavramaları çox yüksək səviyyədə idi”.
Naxçıvan şəhərində təhsil alan Heydər Əliyev əvvəl 1 nömrəli beynəlmiləl orta məktəbdə, sonra isə pedaqoji məktəbdə oxumuşdur. O, orta məktəbin yeddinci sinfini bitirdikdən sonra pedaqoji məktəbə daxil olmaq qərarına gəlir. Halbuki o, onuncu sinfədək oxuya bilərdi. Ancaq o, nə üçünsə qərara almışdı ki, müəllim olmalıdır. Görünür, bu işdə o illərdə Naxçıvanın pedaqoji məktəbinin (onu bəzən texnikum da adlandırırlar – İ.H.), ümumiyyətlə, müəllimliyin böyük nüfuza malik olması da əsas rol oynamışdı.
Pedaqoji məktəbdə Heydər Əliyevin ədəbiyyat müəllimi olmuş Lətif Hüseynzadə onun texnikuma qəbul olunması tarixini bu cür xatırlayır: “Heydərin atası Naxçıvanda nüfuzlu şəxs idi. O, mənim atamla da tanış idi... 1936-cı tədris ili ərəfəsində o, oğlu ilə birlikdə bizə gəldi. Əlirza kişi dedi: “Heydər müəllim olmaq istəyir, bu elə mənim də arzumdur”. Sentyabrın 1-dən artıq 10 gün keçirdi, dərslər başlamışdı. Biz o vaxtlar tələbələri müsabiqə yolu ilə qəbul edirdik, onları sorğu-sual edir, bilik səviyyələrini yoxlayırdıq... Onu yoxlamaq qərarına gəldim. Dildən, ədəbiyyatdan suallar verməyə başladım. O, gözəl Azərbaycan dilində əla cavab verdi. Heydər mənim çox xoşuma gəldi və mən dedim: “Ondan yaxşı müəllim olar”. Biz onunla birlikdə direktor Kazım Talıblının yanına getdik. Mən ona dedim: “Bu uşağı itirmək olmaz, o çox hazırlıqlıdır”. Direktor təklif etdi ki, onu riyaziyyatdan yoxlayaq”. Riyaziyyat müəllimi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu Tofiq Bektaşi də abituriyentdən razı qalır. Heydərin qəbul məsələsi həll olunandan sonra L.Hüseynzadə – məktəbin direktor müavini onu sinfə aparıb tələbələrə və müəllimə təqdim edir.
Texnikum həyatı balaca Heydərin həyatında çox böyük rol oynayır. O, müəllimlərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməklə yanaşı, hərbi təlimlə, idmanla da, Şamil Qazıyevin dərnəyində rəssamlıqla da məşğul olmağa vaxt tapırdı. Puşkinin “Yevgeni Onegin”, “Ruslan və Lyudmila”, “Kapitan qızı” əsərlərinə çəkdiyi illüstrasiyalara görə Heydər müsabiqənin qalibi olub. Tələbə yoldaşları arasında Heydər Əliyev Lev Nikolayeviç Tolstoyun “Hərb və sülh” romanını orijinaldan oxuyan ilk tələbə olmuşdu. Bunu ona rus dili müəllimi Həsən bəy Qazıyev məsləhət görmüşdü. Heydər Əliyev tez-tez şəhər yarışlarında texnikumun idman şərəfini qoruyurdu. Onun teatra sonsuz marağı var idi.
Heydər Əliyev 1939-cu ildə pedaqoji texnikumu fərqlənmə ilə bitirdi. Bununla əlaqədar 2027 nömrəli attestat aldı. 30 fənnin hamısından “əla” qiymət almışdı. Diplomda yazılırdı: “Vətəndaş Əliyev Heydər Əlirza oğlu 1938/39 ilin tədris planının bütün tələblərini yerinə yetirdiyi üçün ibtidai məktəbdə – I-IV siniflərdə dərs aparmaq hüququna malikdir”.
2002-ci il iyunun 18-də Naxçıvanda Bəhruz Kəngərli muzeyinin açılışındakı çıxışında Heydər Əliyev bu binadakı təhsil illəri haqqında belə deyirdi: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək. Müəllimlərimin hamısı yadımdadır. Hansı binada, hansı sinif otağında dərs keçməyimizi, hansı parta arxasında oturduğumu da yaxşı xatırlayıram. Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb. Əksinə, burda olduğu kimi, tələbələr arasında da seçilmişəm. Bax ona görə də bu divarlar mənə əzizdir”.
Göründüyü kimi, Naxçıvanda aldığı təhsili ulu öndərimiz sonrakı illərdə dəfələrlə minnətdarlıqla xatırlayırdı: “O dövrdə aldığım təhsil gələcək həyatımın bütün mərhələlərində mənə yardım edibdir”. Altmış ildən sonra, ona dərs demiş müəllimləri və onların tədris etdikləri fənlərin adlarını dəqiqliklə söyləməsi ümummilli liderimizin bir tərəfdən müəllimlərinə bəslədiyi dərin hörmətin ifadəsi idisə, digər tərəfdən bu dahi insanın fenomen yaddaşa malik olduğunu bir daha göstərirdi. “Heydər Əliyev iti ağlı, güclü məntiqi, fenomen yaddaşı olan qüvvətli bir şəxsiyyət, sözün həqiqi mənasında kompüter insandır”.
Heydər Əliyevi gənc yaşlarından tanıyanların hamısı onun xarakterinin bir cəhətini xüsusi olaraq vurğulayırlar – bu oğlan bütün cəhətlərilə anadangəlmə lider idi. Onun liderliyini ailəsində də, məktəbdə də, texnikumda da, daha sonralar dostlarının əhatəsində də sözsüz qəbul edirdilər. Halbuki, dostları arasında ondan yaşca da, rütbəcə də, vəzifəcə də böyük olanlar vardı. Çoxları artıq o zamanlar güman edirdilər ki, onun parlaq gələcəyi var.
Sonrakı dövrlərdə də müəllim peşəsini çox yüksək qiymətləndirən Heydər Əliyev texnikumu bitirən vaxt müəllim olmaq arzusu bir qədər azalmışdı. O, başqa, daha yüksək, daha şərəfli arzu və istəklə yaşayırdı. Onun arzusu memar olmaq idi, bu arzu ilə də o, 1939-cu ildə Bakıya yollandı. Sənədlərini Sənaye İnstitutunun memarlıq fakültəsinə verdi. O, memarlıq ixtisasına qəbul olmaq üçün 13 imtahan verməli oldu. İmtahanların hamısından “əla” alıb instituta qəbul olundu. Heydər burada da tələbə yoldaşları arasında zəhmətsevərliyi, inadkarlığı, zəngin bilik ehtiyatı və bu ehtiyatı yorulmadan artırmaq cəhdləri ilə seçilirdi. İxtisas fənlərinin çoxunu rus dilində tədris edirdilər. Bu da gənc Heydərin rus dilində nitqinin daha da təkmilləşməsinə imkan yaradırdı.
Heydər Əliyevin öz sözlərinə görə, o, tələbəlik illərində rəssamlıqla məşğul olmaqda davam edirdi və onun rəsm əsərləri Bakının sərgi salonlarında uğurla nümayiş etdirilirdi.
İlk iki semestri həmişəki kimi uğurla, yüksək qiymətlərlə başa vuran gənc Heydər ailənin maddi durumu ilə əlaqədar institutdan möhlət götürür və təhsilini yarımçıq qoymalı olur. Qardaşı Aqil Əliyevin xatirələrindən aydın olur ki, Heydər institutda cəmi bir il oxumuşdur. Bakıda yaşamaq maddi cəhətdən çox çətin olduğundan Naxçıvana qayıdırlar. Bu barədə müsahibə verən Heydər Əliyevin gənclik dostu, əməkdar hüquqşünas İbrahim İsmayılov da qeyd edir ki, Heydər, mən və Aqil 1940-cı ilin avqustunda qatarla Naxçıvana getdik.
Naxçıvana qayıdan Heydər Əliyev Naxçıvan Daxili İşlər Xalq Komissarlığının arxiv şöbəsində ədəbi işçi vəzifəsinə işə düzəlir. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Mərkəzi Dövlət Arxivində rəsmi sənəd var: “15 oktyabr 1941-ci ildə Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının Arxiv şöbəsi üzrə 80 nömrəli əmrə əsasən və Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının razılığı ilə (baş leytenant, yoldaş Quliyev) Əliyev Heydər Əlirza oğlu Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının Mərkəzi Dövlət Arxivinə elmi işçi vəzifəsinə qəbul edilmişdir.
6 iyun 1942-ci ildə Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının baş leytenantı yoldaş Quliyevin sanksiyasına əsasən elmi işçi Heydər Əliyev Mərkəzi Dövlət Arxivinin məxfi şöbəsinə müdir vəzifəsinə keçirilmişdir. Buna qədər gənc Heydər rus dilini əməlli-başlı öyrənmişdi, sənədləri nöqsansız yazmağı və tərtib etməyi bacarırdı. Hərbi komissarlıq da kömək üçün ona müraciət edirdi. O vaxtlar Naxçıvanda ümumiyyətlə savadlı adamlar az idi, ona görə də Heydər kimiləri göydə axtarırdılar.
Elə o vaxtdan Heydərdən dövlət təhlükəsizliyi xətti üzrə də istifadə etməyə başladılar. O, arxivin ştatında qalsa da, artıq orqanlar üçün işləyir, arxivin məxfi hissəsi ilə bağlı xüsusi tapşırıqları yerinə yetirirdi. Axı o vaxtlar insanları əsaslı şəkildə yoxlayırdılar. Həmin orqan da onu dəyərli, perspektivli əməkdaş kimi orduda xidmətdən azad etmişdi.
Heydər Əliyev Naxçıvan MSSR Hərbi Komissarlığının 3 iyun 1943-cü il rəsmi məktubuna və Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının razılığına əsasən 22 nömrəli əmrlə (mayor, yoldaş Nağıyev) hərbi xidmətə çağırışla əlaqədar tutduğu vəzifədən azad olunur. Daha sonra 14 iyul 1943-cü ildə Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığı nəzdində 45 nömrəli əmrlə müvəqqəti Naxçıvan MSSR Xalq Komissarları Sovetinə ümumi şöbənin müdiri təyin edilir. 17 may 1944-cü ildə isə başqa işə keçdiyi üçün 27 nömrəli əmrlə Heydər Əliyev Naxçıvan MSSR Xalq Komissarları Sovetinin ümumi şöbəsinin müdiri vəzifəsindən azad edilir.
Rusiya jurnalisti Andrey Karaulova 1989-cu ilin noyabrında verdiyi müsahibədə Heydər Əliyev özü ilk xidmət addımlarını belə təsvir edirdi: “1941-ci ildən mən Naxçıvan MSSR-in NKVD-sində... arxiv şöbəsinin məxfi hissəsinin müdiri vəzifəsində işləyirdim. Sonra muxtar respublikanın Xalq Komissarları Sovetində şöbə müdiri, 1944-cü ildən isə Xalq Daxili İşlər Komissarlığı – Dövlət Təhlükəsizliyi Nazirliyi və Dövlət Təhlükəsizliyi Komitəsində əməliyyat işində işləmişəm”.
1944-cü il yanvarın 27-də Heydər Əliyev Dövlət Təhlükəsizliyi Xalq Komissarlığına əməliyyat müvəkkili vəzifəsinə işə götürülməsi barədə ərizə yazır. 1944-cü ilin mayında isə o artıq XDTK-nın leytenant rütbəsini daşıyan əməkdaşı idi. O vaxt onun 21 yaşı təzəcə tamam olmuşdu. Dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətə başlayan Heydər Əliyev çox çətin və şərəfli yol keçmişdir. Təhlükəsizlik orqanlarında xidmət etmək nə qədər şərəfli idisə, bir o qədər də ağır və riskli idi. Bu orqanlarda işləmək çoxlarının arzusu idi, lakin oraya seçilmiş adamları götürürdülər. Təhlükə sizlik orqanlarında işləmək üçün təkcə maraq və arzu kifayət deyildi, vətənə hədsiz məhəbbət, səbir, dözüm, güclü analitik təfəkkür, sərbəst qərar qəbul etmək bacarığı və digər keyfiyyətlər tələb olunurdu. Heydər Əliyevdə bunların hamısı cəmlənmişdi.
Heydər Əliyev dövlət təhlükəsizliyi orqanlarının sıralarında yalnız öz şəxsi keyfiyyətləri – dərin erudisiyası, hərtərəfli dünyagörüşü, parlaq zəkası nəticəsində vəzifə pillələrində addım-addım irəliləyirdi. Heydər Əliyev XX əsrin 40-cı illərində Azərbaycan SSR Xalq Dövlət Təhlükəsizliyi Komissarlığında gedən prosesləri diqqətlə izləyir, gənc əməkdaş kimi dövlət təhlükəsizliyi orqanları qarşısında qoyulmuş vəzifələri dərindən öyrənirdi. O, hər vəchlə təcrübəsini artırmağa, əməliyyat işinin sirlərini dərindən öyrənməyə çalışır, yaşlı əməkdaşların təcrübələrindən bəhrələnirdi.
Heydər Əliyev 1945-ci ilin iyun-iyul aylarında Bakı Diyarlararası Məktəbin əməliyyat işçilərinin peşə hazırlığının artırılması üzrə qısamüddətli kursu əla qiymətlərlə bitirir. bu gəncin dövlət təhlükəsizliyi orqanlarına gəlişi II Dünya müharibəsi və Cənubi Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət aldığı dövrə təsadüf edir. Cənubi Azərbaycanda və Sovet Azərbaycanında cərəyan edən proseslər, ayrı-ayrı vaxtlarda doğma Vətənə münasibətdə baş vermiş tarixi ədalətsizliklər, milli ziyalılarımızın daim təqib olunması gənc Heydər Əliyevi düşündürürdü. Naxçıvan MSSR XDİK-də İran ərazisi istiqamətinə nəzarət edən Heydər Əliyev bu və digər şəkildə Cənubi Azərbaycanda sovet xüsusi xidmət orqanı əməkdaşlarının əməliyyatlarının əks-kəşfiyyat mühafizəsində iştirak edirdi.
Naxçıvanın idarəetmə və hüquq-mühafizə orqanlarında çalışan əməkdaşlar üçün 1944–1946-cı illər Cənubi Azərbaycanda başlayan qızğın hadisələrlə bağlı ən gərgin və dramatik bir vaxt idi. Heydər Əliyev Azərbaycan xalqının birləşməsi üçün olduqca əlverişli şəraitin yarandığını görürdü. Lakin Moskva, əfsuslar olsun ki, işi axıra çatdırmadı. ABŞ və Böyük Britaniyanın təzyiqləri nəticəsində SSRİ öz qoşunlarını Cənubi Azərbaycandan çıxarmağa məcbur olur. 1946-cı il aprelin 4-də imzalanan Sovet–İran sazişi ilə Cənubi Azərbaycan məsələsi İranın daxili işi hesab edildi.
Bundan istifadə edən İran qoşunları Cənubi Azərbaycanın azərbaycanlı əhalisinə qarşı zor tətbiq etdi, minlərlə insan güllələndi, edam və həbs edildi. Minlərlə soydaşımız SSRİ-yə sığınmaq arzusu ilə Naxçıvan sərhədinə gəldi. Bir neçə günün içində on minə yaxın soydaşımız sərhədi keçdi. Naxçıvana gələn qaçqınların ardı-arası kəsilmirdi. Yaranmış vəziyyətdən istifadə edən İran, ABŞ və İngiltərə kəşfiyyat orqanları bu qaçqınların sırasına öz agentlərini göndərirdilər.
Belə bir qarışıq dövrdə Heydər Əliyevin hansı potensiala malik olması aydın sezilməyə başladı. Sovet–İran sərhədinin Naxçıvan hissəsində casusların tutulması, ifşa edilməsi istiqamətində Heydər Əliyevin fəaliyyəti yuxarı dairələrin diqqətini cəlb edirdi. Təsadüfi deyil ki, Heydər Əliyev bu dövrdə ilk mükafatına “Əmək rəşadətinə görə” medalına layiq görülür. 1947-ci ildə artıq baş leytenant olan Heydər Əliyev Naxçıvan Dövlət Təhlükəsizliyi Nazirliyinin 5-ci şöbəsinin rəisi təyin olunur. Bu şöbə Naxçıvan təhlükəsizlik orqanlarının ən əsas bölmələrindən biri idi, İran və türk xüsusi xidmətlərinə qarşı əks-kəşfiyyat işləri aparırdı.
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi nazirinin 1949-cu il 10 may tarixli 66 saylı əmri ilə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Nazirliyinin 5-ci şöbəsinin rəisi, baş leytenant Heydər Əlirza oğlu Əliyev vəzifəsi saxlanılmaqla bir il müddətinə təhsil almaq üçün SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Leninqraddakı (indiki Sankt-Peterburq – İ.H.) xüsusi məktəbinə ezam edilir.
(ardı var)
İsmayıl HACIYEV,
AMEA Naxçıvan bölməsinin sədri, akademik