Azərbaycan mallarının xaricdə rəqabət qabiliyyəti yüksəlir

post-img

10 ayda ixrac 2,7 milyard dollara yüksəlib

Son illər ölkəmizin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inki­şaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdiril­məsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılma­sı kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub. 

Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olun­ması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin gücləndiril­məsi və rəqabətin inkişafı ilə bağlı təd­birlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təh­lükəsizliyinə nəzarətin gücləndirilməsi sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb. 

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayında həyata keçirilən layihələ­rin nəticəsi olaraq diqqətə çatdırılan göstəricilərə əsasən, 2023-cü ilin 10 ayı ərzində ölkəmizin ümumi ixracı 29,3 mil­yard dollar, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqa­yisədə 11,1 faiz artaraq 2,7 milyard dol­lar təşkil edib. Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 706,9 milyon dolla­ra bərabər olub, elektrik enerjisinin ixracı 2,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 24,6 faiz, qara me­tal məmulatlarının ixracı 19,8 faiz, mey­və-tərəvəz ixracı isə 11,5 faiz artıb.

2023-cü ilin yanvar–oktyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsul­ları üzrə birgə ixracın statistik dəyəri 9,2 faiz artaraq 734 milyon dollar təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məh­sullarının yaratdığı dəyər ötən ilin müva­fiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 163 milyon dollara çatıb. 

Hesabat dövründə ixraca yönəldilən qeyri-neft sektoruna aid malların siyahı­sında elektrik enerjisi (348 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (126 milyon dollar) ikinci, qızıl (119 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb. 

10 ay ərzində Rusiya Federasiyasına 881 milyon dollar, Türkiyəyə 676 milyon dollar, Gürcüstana 266 milyon dollar, İsveçrə Konfederasiyasına 130 milyon dollar, Qazaxıstana isə 84 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Cari ilin oktyabr ayının qeyri-neft ixra­cı isə 15,4 faiz artaraq 278 milyon dollar olub. Yeyinti məhsulları üzrə ixrac 24,1 faiz artımla 91 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 11,6 faiz artımla 188 milyon dollar təşkil edib. 

Cari ilin oktyabr ayında qeyri-neft sek­toruna aid ən çox mal ixrac edilən ölkələ­rin siyahısında Rusiya Federasiyası (94 milyon dollar) birinciliyə yüksəlib. Bu siya­hıda Türkiyə (44 milyon dollar) ikinci və Gürcüstan (26 milyon dollar) üçüncü olub.

“İxrac icmalı”nda göstərilir ki, 2023-cü ilin yanvar–noyabr ayları ərzində “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitə­silə həyata keçirilən qeyri-neft ixracının dəyəri 221 milyon dollar, noyabr ayında isə 42 milyon dollar təşkil edib.

İcmalda, həmçinin qeyd edilir ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dün­yanın 46 ölkəsinə 16 milyon dollar dəyə­rində peyk telekommunikasiya xidmətləri ixrac olunub. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 

2023-cü ilin yanvar-oktyabr ayları ər­zində peyk telekommunikasiya xidmətlə­rinin ixracının ilk beşliyində isə 4,7 milyon dollar ilə Birləşmiş Krallıq, 3,4 milyon dol­lar ilə Lüksemburq, 1,4 milyon dollar ilə BƏƏ, 873 min dolları ilə Almaniya və 622 min dollar ilə Nigeriya qərarlaşıb.

Belə göstəricilərin əldə olunmasında təbii ki, yazının əvvəlində sadalanan amil­lərlə yanaşı, digər səbəblər də mühüm rol oynayıb. Məsələn, respublikamız “Ümu­miləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramına (“GSP+”) qoşulandan sonra ixrac potensialı nəzərəçarpacaq dərəcə­də güclənib, ixrac mallarının çeşidi artıb. Bu, ölkəmizə Avropa İttifaqı (Aİ) bazarları­na güzəştli şərtlərlə ixrac imkanı yaradıb. Belə bir tədbirin gerçəkləşdirilməsi həm də ixrac potensialının genişləndirilməsinə və ixrac strukturunun diversifikasiyasına önəmli təsir göstərib. Bütün bunlarla bə­rabər, ixrac potensialının güclənməsini son illər Vergi Məcəlləsinə edilən düzə­lişlər, sənaye məhəllələrinin, texnoparkla­rın, azad iqtisadi zonaların salınması da sürətləndirib. 

Azərbaycanın ixrac potensialının güc­ləndirilməsindən danışarkən bir məqamı da xatırladaq. Qeyd edək ki, biznes eko­mühitinin yaxşılaşdırılmasının mühüm qolu iqtisadiyyatın gömrük-vergi tənzim­lənməsi sisteminin təkmilləşdirilməsidir. Bu baxımdan ölkəmizdə investisiya mü­hitinin cəlbediciliyinin artırılması üçün müəyyən layihələrin gerçəkləşdirilməsi ümumi prosesə təkan verir. Bu gün yerli istehsalatda istifadə olunan 300-ə yaxın aralıq malın idxal rüsumundan azad edil­məsi yerli istehsalın maya dəyərinin azal­dılmasına, yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına müs­bət təsir göstərməsi də deyilən fikrin bariz ifadəsidir. 

Hazırda da bu proses davam edir. Belə ki, ixracda hesablaşma qaydalarının təkmilləşdirilməsi, yerli istehsalda xammal ehtiyacının ödənilməsi, əhalinin idxaldan asılı olan bir sıra zəruri istehlak malları ilə etibarlı təminatı məqsədilə tətbiq olunan tarif tədbirləri, o cümlədən güzəşt müd­dətlərinin uzadılması istiqamətində qa­nunvericilik layihələri hazırlanaraq aidiy­yəti dövlət orqanları ilə müzakirə olunur.

Yuxarıda qeyd edilənlər və bununla bağlı müsbət göstəricilər hazırda ölkə iqtisadiyyatı üçün yeni istiqamətlərin formalaşmasını deməyə əsas verir. Bu, istiqamətlər idxaldan asılılığın azaldıl­ması, qeyri-neft əmtəə və xidmət ixracı həcminin yüksəldilməsi, qeyri–neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının ge­nişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl in­vestisiyaların dominant rolunun gerçək­ləşdirilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevril­məsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni məqsəd­lərə doğru yolda əldə edilən ilkin nəticələr isə müsbətdir.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat