Ölkəmiz “yaşıl keçid” hərəkatının ön sırasında

post-img

Noyabrın 30-da Birləşmiş Ərəb Əmirlik­lərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci tərəflər konfransı öz işinə baş­layıb. Tədbirdə 100-dən çox dövlət və hökumət başçısı, on minlərlə yaxın nümayəndə iştirak edir. 

Azərbaycan COP28-də böyük nümayəndə heyəti ilə təmsil olunur. Bu da tədbirdə ölkəmizin ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən “yaşıl” texnologiyalardan istifadə perspektivləri­ni müzakirə etmək imkanı yaradır. Onu da qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq bu il COP28 sərgisində ayrıca pavilyonla təmsil olunur. 254 kvadratmetr sahədə quraşdırılan pavilyonda müxtəlif yerli, regional və beynəlxalq təşkilatlar­la birgə tədbirlər və seminarlar keçiriləcək. Eyni zamanda, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə və onun təsirinin azaldılması istiqamətində gör­düyü işləri əks etdirən virtual eksponatlar nüma­yiş etdiriləcək. Yeri gəlmişkən, dövlətimizin baş­çısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin evsahibliyi ilə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfran­sının 28-ci sessiyasında iştirakı tədbirin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını sübut edir.

Bütövlükdə isə, dekabrın 12-dək davam edəcək İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci tərəflər konfransında qlobal iqlim dəyişikliyinin nəticələri və istixana qazlarının tullan­tılarının azaldılması tədbirləri müzakirə ediləcək. Konfransın əsas mövzusu Paris sazişinin məqsədinə – planetdə qlobal temperaturun 2 °C-dən yuxarı qalxmasının qarşısının alınmasına nail olunmasının ilkin qiymətləndirilməsi olacaq.

Xatırladaq ki, BMT-nin İqlim Dəyi­şikliyi üzrə Çərçivə Konvensiyasının tərəflər konfransı 1995-ci ildən etibarən hər il keçirilir. Konfransın əsas məqsə­di dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirdikləri tədbirləri qiymətləndirməkdir. Bunun­la yanaşı, 1990-cı illərin ortalarından başlayaraq İqlim Dəyişikliyi üzrə Çər­çivə Konvensiyasının tərəflər konfran­sı çərçivəsində inkişaf etmiş ölkələrdə atmosferə atılan istixana qazları emis­siyalarının məhdudlaşdırılmasına dair hüquqi öhdəlikləri özündə əks etdirən Kioto Protokolu müzakirə olunur. 2015-ci ildə isə iqlim dəyişikliyi ilə mübarizə­də ən mühüm beynəlxalq sənəd hesab olunan Paris sazişi qəbul edilib. Artıq 195 ölkə bu sazişə imza atıb. 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulan Azər­baycan da artıq qlobal iqlim dəyişmələ­rinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Eyni zamanda, 2016-cı ildə Paris sazişini ratifikasiya edən ölkəmiz “yaşıl keçid” platformasının fəal üzvünə çevrilib.

Bu mühüm beynəlxalq platformanın fəal üzvlərindən sayılan Azərbaycan 2021-ci ildə Qlazqoda keçirilən İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası­nın Tərəflər Konfransının 26-cı sessi­yası zamanı 2050-ci ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsi ilə müqayisədə 40 faiz azaltmağa razı­laşaraq iqlim dəyişikliyi ilə bağlı təşəb­büslə çıxış edib. Belə ki, bərpaolunan enerji potensialı ilə zəngin olan Azər­baycan Respublikası 2030-cu ilədək istilik effekti yaradan qazların emissi­yalarının səviyyəsində 35 faiz azalma­nı hədəf kimi götürüb. Bu məqsədlə “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda ölkənin ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırıl­ması nəzərdə tutulub. 

Qarşıya qoyulmuş hədəflərə çat­maq üçün isə Azərbaycanda hərtərəfli imkanlar mövcuddur. Məhz bu səbəb­dəndir ki, qlobal enerji və nəqliyyat la­yihələrinin təşəbbüskarı və fəal iştirak­çısı kimi tanınan ölkəmizin bərpaolunan enerji potensialı beynəlxalq səviyyədə olduqca yüksək qiymətləndirilir. Belə ki, respublikamızın bərpaolunan ener­ji potensialının həcmi, quruda külək və günəş enerjisi nəzərə alınmaqla, 27 qiqavatdan çoxdur. Bundan əlavə, Xəzər dənizinin Azərbaycan sektorun­da 157 qiqavat həcmində külək enerjisi potensialı mövcuddur. 

Ölkəmizin işğaldan azad edilmiş əraziləri də “yaşıl” sərvətlə zəngindir. Mütəxəssislərin araşdırmalarına görə, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqa­vatadək külək enerjisi potensialı möv­cuddur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızın bərpaolunan enerji potensialını nəzərə alaraq həmin əraziləri “yaşıl enerji" zonası elan edib.

Hazırda ölkəmiz bərpaolunan enerji potensialının hərəkətə gətirilməsində, eləcə də “yaşıl enerji”nin ixracında bö­yük beynəlxalq dəstəyə malikdir. Eti­barlı enerji tərəfdaşı kimi özünü tam təsdiqləyən Azərbaycan, hazırda həm də “yaşıl” layihələrə investisiya yatır­maq üçün cəlbedici ölkələrdən biri sa­yılır. Hazırda dünyanın aparıcı “yaşıl enerji” şirkətləri ilə bərpaolunan enerji sahəsində fəal əməkdaşlıq edilir. Ötən müddətdə ölkəmizin bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi üçün əcnəbi şirkətlərlə bir sıra saziş və an­laşma memorandumlara imzalanıb. Bu baxımdan Birləşmiş Ərəb Əmirlikləri­nin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın BP və Avstraliyanın “Fortescue Futu­re Industries” şirkətləri ilə imzalanmış sənədlər Avropaya enerji təchizatının artırılması baxımından mühüm əhə­miyyət kəsb edir. Bütövlükdə isə, xa­rici investorlarla imzalanan sənədlərə əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerjinin həcmi 10 qiqavata çatdırılacaq.

Artıq ölkəmiz “yaşıl” əməkdaşlığın ilk uğurlarını qeyd edir. Belə ki, cari ilin oktyabr ayında Birləşmiş Ərəb Əmir­liklərinin “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası istifadəyə verilib. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır. 

Qarşıdakı illərdə isə Azərbaycan bərpaolunan enerji mənbələri sahəsin­də daha böyük uğurlara imza atmaq əzmindədir. Belə ki, ölkəmiz 2027-ci ilə qədər istehsal olunan resursların 80 faizini ixrac etmək niyyətindədir. Bu məqsədlə yaxın perspektivdə res­publikamızda 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal edilə­cəyi nəzərdə turulur. Azərbaycanın əsas “yaşıl bazarı” isə Avropa qitəsin­də yerləşir. “Yaşıl” sərvətimizi “köhnə qitə”yə çatdırmaq üçün ortada artıq konkret layihə də mövcuddur. Məlum olduğu kimi, ötən il il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Av­ropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar. Əldə edilmiş razılaşma çərçivəsində 1000 meqavat gücündə və 1195 kilometr uzunluğunda Qara dəniz sualtı elektrik kabelinin çəkilmə­si nəzərdə tutulur. Həmin kabellə Azər­baycanda hasil edilən “yaşıl” elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq üçün Macarıstana və Avropanın qalan his­səsinə nəql olunacaq.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat