Azərbaycanın beynəlxalq daşımalarda rolu və önəmi yüksəlir

post-img

Keçən il ölkə ərazisindən tranzit yüklər 75 faiz artıb

Son illər ərzində ölkəmizdə nəqliyyat və logistika sahələrinin inkişaf etdirilməsi, sahənin infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, respublikamızın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialından tam istifadənin gerçəkləşdirilməsi ilə bağlı bir sıra önəmli layihələr həyata keçirilib. 

“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasının 2022−2026-cı illər­də sosial-iqtisadi inkişaf Strategiyası” kimi sənədlərin icrası diqqət mərkə­zində saxlanılıb. 

Burada onu da xatırladaq ki, son dövrlərdə regionda baş verən geosi­yasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda müəy­yən çətinliklər yaranıb. Bu isə ölkə­mizdən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində kəskin artı­ma gətirib çıxarıb.

Belə ki, 2021-ci illə müqayisədə keçən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaların ümumi həcmi 75 faiz artaraq 10,7 milyon tona çatıb. Beləliklə, artan tələbatın qarşılanması, respublikasının tranzit potensialının daha da gücləndirilməsi, eləcə də əra­zimizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün ölkə rəhbəri tərə­findən qarşıya bir sıra mühüm vəzifələr qoyulub. Bu, dövlətimizin başçısının 2023-cü il 23 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respubli­kasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensi­alının artırılmasına və tranzit yükda­şımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda da öz ifadəsini tapıb. 

Həmin sənəddə qarşıya qoyu­lan vəzifələrlə bağlı iki önəmli məqa­mı diqqətə çatdırmaq istərdik. Belə ki, sənədə əsasən, Bakı və Hövsan limanlarında sərhəd və gömrük nə­zarətinin, eləcə də digər rəsmiləşdir­mənin səmərəli qaydada aparılmasını təmin edən infrastruktur yaradılacaq, Bakı Limanında yük terminalının kon­teyner üzrə yükaşırma qabiliyyətinin artırılması üçün infrastruktur genişlən­diriləcək və zəruri avadanlıqlar alına­caq. Bundan başqa, idxal, ixrac rejimli yüklər üzrə genişfunksiyalı əməliyyat imkanlarının yaranması nəticəsində Şərq−Qərb istiqamətində yükdaşıma­larda konteyner yüklərinin payı artırı­lacaq, habelə yük avtomobil nəqliyyat vasitələrinin bir mərkəzdə cəmləşməsi (regional qovşaq konsepsiyasına uy­ğun) təmin ediləcək. Eyni zamanda, Bakı Limanında və Dübəndi Termina­lında dibdərinləşdirmə işlərinin aparıl­ması nəticəsində limanın və terminalın akvatoriyasına yükgötürmə qabiliyyəti və suya oturumu daha yüksək olan gə­milərin girişi təmin ediləcək.

2024−2026-cı illər üçün nəzərdə tutulan Fəaliyyət Planında, həmçinin Biləcəri stansiyasının çeşidləmə par­kında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin, Baş Ələt dəmiryol stansiyasının əsaslı təmiri, Biləcə­ri−Yalama dəmiryol xətti üzrə kontakt şəbəkə və mikroprosessor əsaslı ra­bitə-işarəvermə sisteminin yenidən qurulması nəzərdə tutulub. Eyni za­manda, Bakı−Böyük Kəsik dəmiryol xəttinin elektrik təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlərin başa çatdırılması, Ucar−Bakı hissəsinin mikroprosessor əsaslı rabitə-işarəver­mə sisteminin yenidən qurulması, Yev­lax−Böyük Kəsik sahəsində 38 yoldə­yişənin və 7 qəbul-göndərmə yolunun əsaslı təmiri planlaşdırılıb.

Adıçəkilən Fəaliyyət Planında bil­dirilir ki, beynəlxalq iqtisadi əməkdaş­lığın və ticarətin əsas aparıcı element­lərindən biri olan nəqliyyat və logistika əməliyyatları, xüsusilə, son illərdə yeni istiqamətdə inkişaf edir. Qloballaşma və inteqrasiya proseslərinin sürətlən­məsi, yüksək texnologiyaların geniş tətbiqi ilə xarakterizə olunan müasir beynəlxalq ticarət sistemləri bütöv­lükdə milli iqtisadiyyatın, eləcə də ay­rı-ayrı sahələrin qarşısında müəyyən vəzifələr qoyur, xarici ticarət iştirakçı­larının artan gözləntilərinin və müasir çağırışlarının gerçəkləşməsinə müsbət təsir göstərir.

Son illərdə qlobal təchizat zəncirin­də fasiləsizliyin təmin edilməsi, ölkələr arasında ticarətin asanlaşdırılması, malların daşınması zamanı nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurla­rının sadələşdirilməsi, risk qiymətlən­dirilməsi əsasında fiziki yoxlamaların minimuma endirilməsi, eləcə də aidiy­yəti dövlət qurumları arasında elektron məlumat mübadiləsinin həyata keçiril­məsi məqsədilə əməliyyatların optimal­laşdırılması tranzit potensialının inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Dinamik dəyişən dünyanın tələb və gözləntiləri ilə uzlaşmaq üçün bir sıra logistik trend­ləri, o cümlədən regional qovşaqlar, çe­vik təchizat zənciri, özəl sərmayələrin dövlət infrastrukturunda iştirakı, eləcə də şəffaf və izlənilə biləcək tranzit döv­riyyəsinin yaradılması kimi trendləri də diqqət mərkəzində saxlamaq zəruridir. 

Bu məqsədlə tranzit daşımaların müasir, avtomatlaşdırılmış və məlumat əsaslı prosesə transformasiyası üçün yüksək texnologiyalardan istifadənin geniş tətbiqi gözlənilir. Qlobal tədarük zəncirində Azərbaycan Respublikası­nın mövqeyinin gücləndirilməsi və regi­onal qovşağa çevrilməsi perspektivinin reallaşdırılması istiqamətində hədəf­lərə nail olmaq üçün güclü infrastruk­turun yaradılması, innovativ logistik həlləri təmin edən zonaların inkişaf etdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılması xüsusi önəm daşıyır. Bununla yanaşı, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün nəqliyyat infrastrukturlarının müasir­ləşdirilməsi, logistika mərkəzlərinin və azad iqtisadi zonaların yaradılması, Azərbaycanın normativ hüquqi aktla­rının beynəlxalq hüquqi tənzimləmə alətlərinə (konvensiyalara, çoxtərəfli beynəlxalq sazişlərə və s.) uyğunlaşdı­rılması, həmçinin nəqliyyatda təhlükə­sizliyin gücləndirilməsi tədbirləri xüsusi əhəmiyyət kəsb edir. 

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

Azərbaycanın regionun nəqliy­yat-logistika mərkəzinə çevrilməsi istiqamətində son illər bir sıra mühüm layihələr həyata keçirilib. Bu sahə­də düşünülən məqsədyönlü dövlət siyasətinin reallaşdırılması nəticə­sində Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərində vacib infrastruktur obyektləri olan Bakı Beynəlxalq Dəniz Ticarət Lima­nı, Bakı−Tbilisi−Qars dəmir yolu xətti, Astara dəmiryol terminalı, Astaraçay üzərində dəmir və avtomobil yolu körpüləri salınıb. Bu addımlar isə, öz növbəsində, Azərbaycanın regionda etibarlı və təhlükəsiz tranzit ölkəsinə çevrilməsinə zəmin yaradıb. 

Bununla yanaşı, Azərbaycan Respublikası beynəlxalq tranzit da­şımalarının tənzimləndiyi “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyaya və “Beynəlxalq Dəmir Yolu Yükdaşımalarına dair Saziş”ə qoşulub. Ölkəmizdə dəmir yolları, dəniz nəqliyyatı və dəniz limanları, eləcə də dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində sərhədkeçmə prosedurlarının və da­şıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələn­dirmə işlərinin təmin edilməsi məqsə­dilə Prezident İlham Əliyevin 2015-ci il 21 oktyabr tarixli Fərmanı ilə Tran­zit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. 

Adıçəkilən koordinasiya şurası tərəfindən respublikamızın mühüm regional əhəmiyyətli logistika və ti­carət qovşağına çevrilməsi və əsas ticarət marşrutlarından biri kimi bey­nəlxalq miqyasda etimad qazanması, infrastruktur və əməliyyatlarda tək­milləşdirmə işlərinin səmərəli icrası istiqamətində strategiyanın həyata keçirilməsində dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi sahə­sində bir sıra xüsusi əhəmiyyətli tədbirlər görülüb. Məsələn, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçi­liyi”, Dövlət Gömrük Komitəsi, Döv­lət Sərhəd Xidməti və “Azərbaycan Dəmir Yolları” tərəfindən “Tranzit yüklərin daşınması zamanı əməliy­yatların idarəedilməsi üzrə Prosedur Qaydalar” qəbul edilib. Bu qaydalar beynəlxalq tranzit daşımaları zamanı ayrı-ayrı əməliyyatlar üzrə yerli ope­ratorların üzərinə düşən vəzifələrin beynəlxalq standartlara uyğun şəkil­də çevik və operativ icrasını sürətlən­dirib. 

 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat