Yağış Ağcabədidə pambıqçılığa mənfi təsir göstərib

post-img

Ağcabədi rayonunda 11 min 492,7 hektar sahədə çiyid səpini həyata keçirilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb. Bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb. Lakin yağıntılı hava şəraiti Ağcabədi rayonunda pambıq yığımında problemlər yaradıb. İntensiv yağışlar səbəbindən məhsulun yetişməsi gecikib. Həmçinin məhsuldarlığın azalmasına səbəb olub.

Bu barədə Ağcabədi rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov dedi:

– Bu il tarlalara vaxtında və səmərəli aqrotexniki qaydada qulluq göstərdik. Vaxtında görülən işlər səmərəsini vermişdi, pambıq kolları yüksək səviyyədə bar verməyə hazır idi. Hər şey öz axarında gedirdi, lakin avqust və sentyabrda yağan yağışlar vəziyyəti çətinləşdirdi, pambıq məhsulu üçün problemlər yaratdı. Məhsulun bir hissəsi itkiyə getdi, keyfiyyət isə aşağı düşdü. Bundan əlavə, yağıntılı hava şəraiti qozalarda çürümə yaratdı, pambıq tarlalarında texnikaların da hərəkəti çətinləşdi. 

Mənim də pambıq sahəm var. Yağış səbəbindən yığıma gec başladıq. Bu il pambığın məhsuldarlığı keçən illə müqayisədə 10 faiz aşağı düşüb. Eyni vəziyyət digər fermer təsərrüfatlarında da müşahidə olunur.

Hoyabrın 1-nə rayonda 4 min 548 hektar sahədə pambıq yığımı aparılıb və 14 min 123 ton məhsul əldə edilib. Yığım davam edir. Hər hektar üzrə orta məhsuldarlıq 32,5 sentner təşkil edib. Bu, ötən ilin göstəricisindən 1,6 sentner azdır. Yığımın sonunadək məhsuldarlığı saxlamağa çalışacağıq. 

Ötən təsərrüfat ilində Ağcabədi rayonunda 11 min 838,6 hektar sahədə çiyid səpini aparılmış, sahələrdən 40 min 362,6 ton xam pambıq tədarük edilmişdi. Hər hektardan orta məhsuldarlıq 34,1 sentner təşkil etmiş, bununla da, Ağcabədi pambıqçıları respublika üzrə ən çox məhsul əldə edən rayonlardam biri olmuşdu.

Abbas Süleymanov bildirdi ki, pambıqşılıq Ağcabədi iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biridir. Əmək tutumlu sahə olan pambıqçılıq on minlərlə imsanı işlə təmin edir. Rayonda işsizliyin aradan qaldırılmasında rol oynayır. O, həm də çox gəlirli sahədir. 

2023-cü ildə pambığa görə subsidiya ötən ilə nisbətən yüksək olacaq. 2023-cü il üçün subsidiya əmsalları barədə qəbul olunmuş qərara əsasən, fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 180 manat məhsul subsidiyası alacaqlar. 

Pambıqdan fərqli olaraq 2023-cü ildə taxıl sahələrindən yüksək məhsul əldə olunub. Rayonda ümumilikdə 26 min 664 hektar sahədə taxıl səpini aparılıb. Ağcabədi rayonunda biçin aparılmış 19 min 514 hektar buğda sahəsindən 74 min 211 ton, 7 min 150 hektar arpa sahəsindən isə 27 min 956 ton məhsul yığılıb. Buğdada orta məhsuldarlıq 47,5, arpada isə 39,1 sentner təşkil edib. Ümumilkdə, biçin aparılmış sahələrdən 120 min 714 ton məhsul əldə edilib. Məhsuldarlıq isə hektara 45,3 sentner olub. Bu, ötən ilin göstəricisindən 4,9 sentner çoxdur. 
2022-ci ildə rayon üzrə cəmi 28 min 198,7 hektar sahədə taxıl əkilmiş, 113 min 814 ton taxıl yığılmışd. Məhsulun 80 min 701 tonu buğda, 33 min 113 tonu arpa idi. Məhsuldarlıq hektara 40,4 sentner təşkil etmişdi. Qarğıdalı yığımı isə davam edir.

Yüksək məhsuldarlığa isə sahələrə arotexniki qaydada xidmət göstərilməsi, sertifikatlı toxumun seçilməsi, taxılın vaxtında suvarılması, gübrənin verilməsi təsir edib. Artıq fermerlər əvvəlki illərdə olduğu kimi, əlinə keçən taxılı deyil, sertifikat toxum əkirlər. Yüksək göstəricinin əldə olunmasını şərtləndirən səbəblərdən biri də Ağcabədidə böyük həcmli təsərrüfatların yaradılmasıdır.

Ağcabədililər baramaçılıq sahəsində də uğura imza atıblar. Ötən il təhvil verilən məhsula görə rayon respublika ikincisi olub. Hər qutudan 38,9 kq olmaqla 33,53 ton barama məntəqələrə təhvil verilib. Bu mövsümdə də rayonda baramaçılığa xeyli maraq olub. İpəkqurdu toxumları yaş barama tədarük edəcək kümçülərin təsərrüfatlarında inkubasiya olunub, yem tədarükü, yaş baramanın təhvili, məhsulun qurudulması və saxlanılması prosesi qabaqcıl təcrübə əsasında təşkil edilib. Nəticədə 275 nəfər kümçü 700 qutu ipək qurdundan 34 min 450 kiloqram keyfiyyətli barama isehsal edib. Məhsul “AzSilk” MMC-ə təhvil verilib. Hər qutudan orta məhsuldarlıq 49,2 kiloqram təşkil edib. Bu, ötən il hər qutudan əldə olunmuş məhsuldan 101,3 kiloqram çoxdur.

Rəqəmlərdən aydın olur ki, Ağcabədi rayonunun kənd təsərrüfatı potensialı yüksəkdir. İnnovativ yeniliklərin tətbiq olunması rayonun intensiv inkişafına və sakinlərin həyat şəraitinin yaxşılaşmasına xidmət edəcək.

Pünhan ƏFƏNDİYEV

XQ

 

İqtisadiyyat