Son 8 ildə Azərbaycanda 45 bank mövcud olub. 2020-ci ilin avqustunda bu bankların sayı 26-ya enib. Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların sayı 23-ə enib. Bankların ləğv prosesi daha çox vətəndaşlara yoxsa iqtisadiyyata əks təsir edir?
Sözü gedən mövzu ilə bağlı Xalq TV-ə açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, xırda bankların sıradan çıxması, maliyyə institutlarına qarşı inamsızlıq yaradır.
"Məlumdur ki, son 10 il ərzində, ümumiyyətlə, Azərbaycan üçün 45 bankda çox idi və hazırda 23 bank lisenziya əsasında fəaliyyətini davam etdirir. Azərbaycan maliyyə bazarı üçün fəaliyyətini davam etdirən banklar, maliyyə institutlarının effektiv fəaliyyət göstərməsi üçün 23 bank da çoxdur. Amma bankların bəzilərinin bağlanması, saylarının azalması prosesi bazar rəqabəti şəraitində həyata keçməlidir, süni inzibati təsirlər əsasında yox. Hazırda problem ondan ibarətdir ki, xüsusi ilə də qeyri-dövlət, özəl sektorda olan banklar var ki, ciddi inzibati və maliyyə resurslardan faydalanırlar. Müəyyən səbəblərdən və digər bankların bu cür çıxış imkanları olmadığına görə rəqabətə davam gətirmir və uyğunsuz vəziyyət yarandığı üçün riskli kreditlər verməyə məcbur olurlar. Bu da sonda kapital yetərsizliyi ilə başlanan ciddi problemlər yaradır.
Dövlətin əmanətləri sığorta fondunun olması və bu prosesdən istifadə əmanətlərini sığortalı şəkildə banklara yerləşdirən vətəndaşlar bu prosesdən çox əziyyət çəkmirlər. Bankların bağlanması prosesi zamanı hansı ki, əmənətləri sığortalanan vətəndaşlar var, onlar bir ay qeyri-müəyyənlik dövründə vəsaitlərinin əlçatmayan olması sığorta hadisəsinin məhkəmə yolu ilə baş verməsinə dair qərardan ödəniş alan müddətə qədər əziyyət çəkirlər.
Beləliklə, əmanətlərin sığortalanması böyük pul vəsaitlərinin itkisinə gətirib çıxartmır. Digər tərəfdən isə banklardan alacağı olan və vəsaitləri sığortalanmayan sahibkarlar bu prosesdən əziyyət çəkə bilərlər. Bankların iflası halında sığortası olmayan vətəndaşlar öz əmanətlərini geri ala bilmirlər və ya geri ala bilsələr də, buna illərlə vaxt gedir, bu da sahibkar üçün çox ciddi problemdir. Kiçik bankların bağlanması və lisenziyasının ləğvinin iqtisadiyyata ciddi təsirini görmürəm. Xırda bankların sıradan çıxması, maliyyə institutlarına qarşı inamsızlıq yaradır. Amma iqtisadiyyata ciddi zərər vermir".
Ayşən Azadova