20 ildə taxıl istehsalı 1,5 dəfə artıb

post-img

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov mediaya açıqlamasında ötən 20 ildə taxılçılığın inkişafının diqqət mərkəzində saxlanıldığını, kənd təsərrüfatının bu mühüm sahəsində mühüm nəticələr əldə olunduğunu bildirib. O, ölkədə taxıl istehsalının 2003-cü illə müqayisədə 2022-ci il 1,5 dəfə artaraq 3 milyon tonu keçdiyini vurğulayıb. 

Nazirliyin rəsmisi müqayisə olunan dövrdə taxılın məhsuldarlıq göstəriciləri barədə də məlumat verərək, buğdada 21,8 faiz, arpada 20,5 faiz, dən üçün qar­ğıdalıda isə 32,3 faiz artımın qeydə alın­dığını diqqətə çatdırıb. 

İmran Cümşüdovun sözlərinə görə, taxılçılıqda istehsal və məhsuldarlıq göstəricilərinin artımını müasir texno­logiyaların bu sahəyə tətbiq olunması şərtləndirib. O, fikrini pivot suvarma sis­temlərinin tətbiq edildiyi, təqribən, 50 min hektardan çox iri taxılçılıq sahələ­rinin suvarılmasında səmərəli nəticələr əldə olunması ilə əsaslandırıb. Həmçinin bu sahədə işlədilən yüksək reproduktiv toxumlardan istifadə hesabına keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına nail olunduğunu qeyd edib. 

Şöbə müdiri məlumatında, ölkə­də taxılçılığın inkişafına müsbət təsir göstərən amillər sırasında bu sahə üzrə ixtisaslaşmış texnikanın sayının davam­lı olaraq artmasını da xatırladıb. Bildirib ki, respublikada son 20 il ərzində müa­sir kənd təsərrüfatı texnikası, təqribən, 2,8 dəfə artılb. Belə ki, ötən il taxılyığan kombaynların sayı 3594-ə, taxıl toxumu səpən texnikaların sayı isə 3967-ə çatıb. Beləliklə, aqrar sektorda ixtisaslaşmış texnika ilə təminat səviyyəsi müqayisə olunan dövrdə 2,1 dəfə artıb. Hər min hektara düşən taxılyığan kombaynların sayı 1,8-dən 3,8-ə qədər yüksəlib.

Nazirliyin rəsmisi 20 il ərzində taxıl­çılıqda həyata keçirilən islahatlar barədə də fikirlərini bölüşüb. Bildirib ki, əhali­nin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inki­şafı daim diqqət mərkəzində saxlanılıb. Taxılçılığın, o cümlədən buğda istehsa­lının sürətli inkişafı ilə əlaqədar müxtəlif normativ–hüquqi aktlar imzalanıb, bu məsələyə dövlət proqramları və hökumət strategiyalarında da geniş yer verilib. Eyni zamanda, Prezident İlham Əliyevin 2021-ci il 7 oktyabr tarixli fərmanı əsa­sında Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxsi yaradılıb. Bu quruma ölkəni strateji əhəmiyyətli mallarla, o cümlədən ərzaqlıq buğda ilə təchizatının dayanıqlı­lığını gerçəkləşdirmək və daxili bazarda qısamüddətli kəskin qiymət dəyişmələri­nin qarşısını almaq istiqamətində mühüm vəzifələr tapşırılıb. 

Bütün bunlarla bərabər, respublikada ərzaqlıq buğda ilə özünütəminetmə sə­viyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə döv­lət başçısının müvafiq fərmanına əsasən, ərzaqlıq buğdaya 2023-cü ildən etibarən 5 il müddətində məhsul subsidiyasının verilməsinə başlanılıb. 

İ.Cümşüdov, eyni zamanda, qeyd edib ki, aqrar sığorta sisteminin təşkili, inkişafı və dayanıqlılığının təmin edilməsi məqsədilə 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Aqrar Sı­ğorta Fondu təsis edilib və “Aqrar sığorta haqqında” Qanun qəbul olunub. Bununla da taxılçılıq məhsullarının sığortalanma­sına başlanılıb. 

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri sonda işğaldan azad edilən əra­zilərin əkin dövriyyəsinə cəlb edilməsi məsələsinə də toxunub. Bildirib ki, Vətən müharibəsi parlaq qələbəmizlə başa ça­tandan sonra Prezident İlham Əliyevin ilk tapşırıqlarından biri düşməndən tə­mizlənən torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi olub. Bunun üçün 200 min hektardan çox torpaq sahəsinin əkin üçün istifadə ediləcəyi nəzərdə tutulub. 

XQ

İqtisadiyyat