Aqrar elmin hədəfi kənddə bolluq yaratmaqdır

post-img

Torpaq ta qədimdən ruzi çeşməsi, bərəkət mənbəyi hesab edilib. Dini dəyərlərimizdə, elmi inkişafımızda da bu amil həmişə əsas götürülüb, torpağı əkib-becərməyin, məhsuldarlığının ilbəil artırılmasının yolları axtarılıb. 

Torpağa münasibət bu gün də belədir. Sadəcə indi kənd təsərrüfatının özəyini təşkil edən torpağın becərilməsi daha çox innovativ yanaşma tələb edir. Sirr deyil ki, qlobal iqlim dəyişikliyi, mənşəyi bilinməyən xəstəliklər, eləcə də qəfil baş verən təbii fəlakətlər aylarla çəkilən zəh­məti bir andaca məhv edə bilir. Deməli, kənd təsərrüfatı həm də riskli bir sahədir. Amma bütün bunlara baxmayaraq aqrar sahənin inkişafına elmi yanaşma, kim­yəvi və üzvi preparatlardan vaxtında və düzgün istifadə əksər hallarda ümidləri doğruldur, məhsuldarlığı artırır. 

Dövlət başçısı İlham Əliyevin dediyi kimi, ölkəmizdə kənd təsərrüfatının inki­şafı, bu sahəyə göstərilən dövlət qayğısı yüksək ixtisaslı mütəxəssislərin yetişmə­sini də tələb edir. “Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gən­cin kənd təsərrüfatı üzrə mütəxəssis ol­maq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq bizə həyatımızın və iqtisadiyyatımı­zın mühüm sahəsinin səmərəliliyini artır­mağa çox kömək edir. Çünki ölkə əhalisi­nin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. 

Beləliklə, əminəm ki, bu, bizim birgə həyata keçirə biləcəyimiz çox mühüm yeni layihə ola bilər. Ümumilikdə, Azər­baycan yeni texnologiyalara, innova­siyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlər­lə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur. Ona görə də biz yeni texnologiyalara tam açığıq, çünki onlar yeni miqyasa, dina­mizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır”. Ölkə Prezidentinin bu sözləri hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yol xəritəsidir və kollekti­vin qarşıdakı hədəflərə doğru inamlı ad­dımlarının əsasını təşkil edir. 

Təhsil prosesinin və idarəetmənin daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara cavab verməsi üçün kollek­tivimiz son bir ildə az iş görməyib. Bu baxımdan elektronlaşma universitetdə strateji idarəetmənin təşkili və operativ reaksiyaların verilməsi üçün olduqca mü­hüm əhəmiyyət daşıyır. Hazırda bu pro­ses yekunlaşma mərhələsindədir. Daha sonra isə 6 min 500-dən çox tələbənin akademik fəaliyyətinin həyata keçirilməsi üzrə tədrisin təşkili, seçmə fənlərin təyin olunması, əvvəlki illərdən akademik bor­cu yaranmış tələbələrin alt və fərdi qrup­larda yerləşdirilməsi, akademik fəaliyyəti haqqında elektron arayış və transkriptlə­rin verilməsi, adambaşına maliyyələşmə prinsipi əsasında təhsil haqqı ödənişi və təqaüd məbləğlərinin müəyyənləşdi­rilməsi və digər işlər elektron qaydada həyata keçiriləcək. 

Bununla yanaşı, universitet rəhbərliyi uğurlu kadr potensialının əldə olunma­sında kənd təsərrüfatı müəssisələri ilə əməkdaşlığa böyük önəm verir. Təkcə, ötən bir il ərzində 20-dən çox müəssisə rəhbəri ilə görüşlər keçirilib. “GP İmiş­li Cotton” MMC, “Şərqi CO LTD” MMC, “AgroFood” MMC, “AgroTradeSupply” MMC, “Azərtütün” ASC və “Tabaterra Leaf” QSC, “IBC İrrigation Systems”, “Parlar” və digər şirkət nümayəndələri ilə birgə tədqiqat işlərinin aparılması, se­minar və təlimlərin keçirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkili, həm­çinin, məzunların işə qəbul prosesi kimi bir çox məsələlər qarşılıqlı əməkdaşlıq çərçivəsində müzakirə olunub.

Təkcə onu göstərmək kifayətdir ki, Azərbaycan Dövlət Aqrar Universitetin­də son illərin ən yüksək qəbul göstərici­si (94,77 faiz) 2023-cü ildə olub. Bu isə abituriyentlərin aqrar təhsilə, kənd təsər­rüfatı sahəsinə marağının artmasının ba­riz nümunəsidir. Təbii ki, uğurun əsasını yaradılan təhsil şəraiti təşkil edir. Qeyd edək ki, dövlətin xüsusi qayğısı isə hər an hiss olunur. Kənd təsərrüfatı ixtisas­larının dövlət tərəfindən maliyyələşməsi, əlavə təqaüdlərin verilməsi, yeni tədris korpusunun və tələbə evlərinin istifadəyə verilməsi bu uğuru şərtləndirən başlıca amillərdəndir. 

Bəli, aqrar sahənin inkişafı dövlətin qarşısında duran ən vacib məsələlərdən biridir. Təbii ki, bu işin uğurlu icrasınin bir ağır yükü də Aqrar Universitet komanda­sının üzərinə düşür və kollektiv bu məsu­liyyəti yaxşı dərk edir.

Elcan MƏMMƏDOV,
Azərbaycan Dövlət Aqrar Universiteti mətbuat şöbəsinin müdiri

İqtisadiyyat