Cəbrayıl dirçəldikcə bar-bərəkəti də artır

post-img

İkinci Qarabağ müharibəsində Ermənistanın ağır məğlubiyyətə uğradılmasında Cəbrayıl rayonunun düşmən tapdağından azad edilməsi önəmli qələbə oldu. Bununla uzun illər işğal altında qalan Hadrut və Füzulinin, eləcə də Şuşanın azad olunmasına yol açıldı. Bu barədə hərbi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi: 

– Cəbrayılın geri alınması düşmənin müdafiə xəttinin yarılması, onun zərbə qüvvəsinin müəyyən bir hissəsinin məhv edilməsi ilə paralel şəkildə baş verdi. Rayonun işğalçıdan təmizlənməsi or­dumuzun Cəbrayılın ətrafındakı strateji əhəmiyyətli nöqtələrə nəzarəti ələ keçir­məsinə və sonrakı əməliyyatlara da müs­bət təsirini göstərdi. Başqa sözlə, Cəbra­yılın azadlığa qovuşması Xocavənd və Hadrutda uğurlu əməliyyatlar üçün də əlverişli şərait yaratdı. 

Hazırda işğaldan azad edilən bütün ərazilərimizdə olduğu kimi, Cəbrayılda da genişmiqyaslı bərpa-quruculuq la­yihələri icra edilir. Əhalinin öz doğma torpaqlarında tezliklə məskunlaşması və bu regionda yüksək həyat şəraitinin yara­dılması istiqamətində tədbirlər həyata ke­çirilir. İnfrastruktur, sosial obyektlər yeni nəsil texnologiyalar əsasında inşa edilir. İcra olunan layihələrin miqyas və sürəti Cəbrayıldan didərgin düşən insanların qısa zamanda öz dədə-baba yurdlarına qayıtmalarını tezləşdirməyə xidmət edir. 

Rayon əhalisinin əsas məşğuliyyət sahələrindən biri kənd təsərrüfatı olub. Araz boyunca yerləşən, əlverişli iqlimi və bolsulu çayları ilə diqqət çəkən Cəb­rayılın münbit torpaqlarının yenidən əki­lib-becərilməsi rayonda kənd təsərrüfatı­nın dirçəldilməsinə imkan yaradır. 

Kənd Təsərrüfatı Nazirliyindən ve­rilən məlumata görə, rayon işğaldan öncə üzümçülük, tütünçülük sahəsi üzrə ixtisaslaşmışdı. Əsasən də üzümçülük inkişaf etmiş sahələrdən idi. 1985-ci ildə 8 min 438 hektar sahədən 46 min ton məhsul yığılmışdı. Erməni vandalizminə məruz qalan Cəbrayılın üzümçülük inf­rastrukturu da yerlə-yeksan edilib. Ha­zırda bu sahənin bərpası istiqamətində tədbirlər görülür.

Rayonun aqrar sahədə aparıcı sahələrindən biri də taxılçılıq idi. 1988-ci ildə 5 min 699 hektar sahədən 20 min ton taxıl yığılmışdı. İşğaldan sonra rayonun minadan təmizlənmiş ərazisində ikiqat çox taxıl səpini həyata keçirilib. Ötən ilin payızında 18,8 min hektar sahədə payız­lıq taxıl səpini aparılıb. 2021-ci ildə 13 min 261 ton, 2022-ci ildə isə 8 min 681 ton buğda yığılıb. Arpada bu göstəricilər isə müvafiq olaraq 3 min 112 və 4 min 554 ton təşkil edib. Gələn ilin məhsulu üçün rayonda 14 min hektar sahədə pa­yızlıq taxıl səpini aparılır. Əkinlərin 1800 hektarı suvarılan əraziləri əhatə edir. Hazırda fermerlər tərəfindən 4 min 500 hektardan çox sahədə yay şumu aparılıb ki, bu da proqnozlaşdırılan əkinlərin 32,1 faizini təşkil edir. Ərazidə əkin aparan fermerlər üçün bölgəyə uyğun toxumlar tədarük edilir. 

Cəbrayılda pambıqçılıq, tütünçülük və baramaçılığın yenidən dirçəldilməsi istiqamətində də işlər görülür. Bu sahələr iqtisadi cəhətdən səmərəliliyi, yeni iş yer­lərinin yaradılması və əhalinin gəlirlərinin yüksəldilməsi baxımından mühüm əhə­miyyət daşıyır.

Əkin sahələrinin suvarma suyu ilə tə­min edilməsində mövcud olan problemlər də aradan qaldırılır. Araz çayı üzərində tikilən “Xudafərin” su anbarı, ümumilik­də, 250 min hektardan çox sahənin su­varılmasını yaxşılaşdıracaq. “Qız qalası” anbarı isə 12 min hektarda su təminatını yaradır. Belə şərait isə Cəbrayılda əkin sahələrinin yüksək səviyyədə suvarılma­sını şərtləndirəcək. 

Cəbrayıl həm də arıçılıq rayonların­dan biridir. Bu il ərazidə məskunlaşmış arıçılar 1393 arı ailəsindən 12 ton bal istehsal ediblər. 

Yayı isti, qışı mülayim olan rayonda heyvandarlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var. 1988-ci ildə ət isteh­salı 2 min 271 ton olub. Cəbrayıl işğal­dan azad edildikdən sonra bu sahədə də artım nəzərə çarpır. 2021-ci ildə ət isteh­salı 1275 ton, 2022-ci ildə isə 1295 ton ət istehsal edilib.

Pünhan ƏFƏNDİYEV
XQ



Sosial həyat