Yeni “kənd təsərrüfatı krediti”

post-img

Bundan sonra bankların aqrar sahəyə marağı daha da artacaq

Respublikamızda son illər ərzində kənd təsərrüfatının modernləş­dirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması istiqamətlərində mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyev tərəfindən aqrar islahatların müasir mərhələsi ilə bağlı qəbul olunan qərarlar, bu sahənin institusional, iqtisadi və tex­noloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində komp­leks layihələrin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf dövrünə keçməsini şərtləndirib. Bütün bu tədbirlərin nəticəsində isə yerli istehsal potensialı güclənib və ərzaq məhsullarının rəqabətqabi­liyyətliliyi artıb, həmçinin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin olunması və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəlməsi gerçəkləşib. 

Azərbaycanın ərzaq təhlükəsiz­liyi sahəsindəki nailiyyətləri nüfuzlu beynəlxalq qurumların hesabatla­rında da əksini tapır. Belə ki, Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi (The Global Food Security Index) üzrə hesabata əsasən, respublikamızın ümumi ərzaq təhlükəsizliyi indeksin­də ardıcıl olaraq yüksəlmə müşahidə olunur. Hazırda da ərzaq təhlükəsiz­liyinin dayanıqlılığının gücləndirilmə­si üçün yeni institusional mexanizm­lər yaradılır.

Mərkəzi Bankın kənd təsərrüfatı kreditləri ilə bağlı aktlarda dəyişiklik­lər etməsi də bu sahənin inkişafını daha da sürətləndirmək məqsədin­dən irəli gəlib. Həmin dəyişikliklərə əsasən, kənd təsərrüfatı məhsulla­rının istehsal prosesi üçün nəzərdə tutulan xərclərin, istehsal avadanlıq­larının alınması və kənd təsərrüfatı sahəsində inkişaf layihələrinin ma­liyyələşdirilməsi məqsədilə verilən kreditlər “kənd təsərrüfatı krediti” anlayışına aid olunub. Məhsul is­tehsal etməyən, yalnız emal və ti­carətlə məşğul olan şəxslərə verilən kreditlərin kənd təsərrüfatı krediti deyil, standart biznes kreditləri kimi təsnifləşdiriləcəyi qərara alınıb. Eyni zamanda, kənd təsərrüfatı kreditləri üzrə borcalanlar sırasına ailə– kənd­li təsərrüfatları da daxil edilib. 

Bankın həyata keçirdiyi dəyişik­liklərdə aqrar sektora aid kreditlərin xüsusiyyətləri, o cümlədən mövsü­milik amili nəzərə alınaraq onlara münasibətdə daha yumşaq ehtiyat­lanma tələbləri tətbiq olunub. 

Kənd təsərrüfatı kreditləri üzrə kapital tələbləri də müəyyənləşdiri­lib. Mikro sahibkarlara milli valyuta­da ayrılan kənd təsərrüfatı kreditləri 75 faizli risk qrupuna, ailə–kəndli təsərrüfatlarına verilən kənd təsər­rüfatı kreditləri 100 faiz risk qrupuna aid edilib. Aqrar sektorda fəaliyyət göstərən orta və kiçik sahibkarlara ayrılan kənd təsərrüfatı kreditləri isə 50 faiz mövcud risk qrupunda saxla­nılıb. Eyni zamanda, dövlət tərəfin­dən yaradılan və bank kreditləri üzrə öhdəliyin onun yerinə yetirilməsinə zəmanət verən fondların zəmanəti­nin qeyd-şərtsiz təmin olunan hissə­si isə 20 faizlik risk qrupunda qeydə alınıb. 

Mərkəzi Bankın məlumatında tətbiq edilən dəyişikliklərin bank­ları kənd təsərrüfatı sektorunun kreditləşməsində fəal iştiraka təş­viq edəcəyi deyilir. Beləliklə, aqrar sənayedə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar üçün ma­liyyə resurslarına çıxış imkanlarının genişlənməsi maliyyə inklüzivliyinə və iqtisadi dayanıqlılığa əhəmiyyətli töhfə verəcək. 

Kənd təsərrüfatı üzrə yuxarıda qeyd edilən tələblərdən əlavə ola­raq real sektorun kreditləşməsini və dayanıqlı inkişafını dəstəkləyən digər tənzimləyici dəyişikliklər də edilib. Belə ki, iri layihələrin banklar tərəfindən maliyyələşməsini stimul­laşdırmaq üçün xüsusi meyarlara cavab verən layihə maliyyələşdiril­məsi kreditləri tam təminatlı kreditlər sırasına daxil olunub. Bu kreditlər üzrə faizlərin ödənilməsi dövriliyinin müvafiq layihə müddətlərinə uyğun­luğu müəyyənləşdirilib. 

Bu cür dəyişikliklərlə layihə ma­liyyələşdirilməsi kreditləri üzrə ehti­yat yükü tənzimlənəcək, həmçinin bu növ kreditlər təminatsız kreditlər üzrə konsentrasiya limitindən istis­na ediləcək. Həmçinin ekoloji təmiz avtomobillərin maliyyələşdirilməsinə verilən kreditlər üzrə borcalanın borc yükü ilə bağlı ehtiyatlanma tələblə­ri yumşaldılacaq, biznes kreditləri qismində çıxış edən istehsal, ticarət və digər xüsusi avadanlıqlara dair tələblər yumşaldılacaq. 

İstehlak kreditlərində isə borcun gəlirə nisbəti əmsalı müvəqqəti ola­raq müəyyən edilə bilinməyən (xü­susilə, iş yerini itirmiş şəxslər) bor­calanların restrukturizasiyası imkanı yaradılıb. Eyni zamanda, bununla əlaqədar bankın kredit risklərini mi­nimallaşdırmaq üçün sərt təsnifləş­dirmə tələbləri müəyyənləşdirilib. 

Bankın məlumatında, eyni za­manda, ölkə iqtisadiyyatının, xüsu­silə real sektorun maliyyəyə çıxışı­nın yaxşılaşdırılması istiqamətində həyata keçirilən digər tədbirlərdən də bəhs edilir, “Azərbaycan Respub­likasının 2022-2026-cı illərdə sosi­al-iqtisadi inkişaf Strategiyası” çər­çivəsində kiçik və orta sahibkarlığın inkişafı, maliyyə inklüzivliyinin geniş­ləndirilməsi kimi prioritet istiqamət­lərlə bağlı layihələrin reallaşdırıldığı diqqətə çatdırılır. Bildirilir ki, ölkədə davam edən iqtisadi artım bankların kredit portfelinin artımını şərtləndirir. Cari ilin əvvəlindən bank sektorunun kredit portfelinin 11,3 faiz, biznes kreditləri portfelinin isə 8,9 faiz art­ması vurğulanır. 

Maliyyə qurumunun məlumatın­da, həmçinin biznes kreditləri portfe­linin artımının 13 faizinin kənd təsər­rüfatı kreditlərinin payına düşdüyü, cari il avqust ayının 31-nə kimi bank­lar tərəfindən kənd təsərrüfatına verilən kreditlərin biznes portfelinin 12,5 faizini (1,5 milyard) təşkil etdiyi bildirilir.

Ümumilikdə, son tənzimləmə islahatlarının bank sektoru vəsait­lərinin iqtisadi artımda səmərəli rol oynaması, məsuliyyətli borclanma və sağlam kreditləşmə prinsiplərinin möhkəmlənməsi istiqamətində töhfə verəcəyi proqnozlaşdırılır.

Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert

Kənd təsərrüfatının inkişa­fı məqsədilə bundan əvvəl də müəyyən stimullaşdırıcı tədbir­lər həyata keçirilib. Məsələn, cari il əsas əkinlərdən sonra təkrar əkin olaraq çəltik, qarğıdalı, kartof əkən fermerə hər hektara görə 100 manat subsidiya verilməsi qə­rara alınıb. Eyni zamanda, cari il torpaq analizi verən fermerlərdən təkrar əkin bəyanında bu sənədin tələb olunmaması nəzərdə tutu­lub. 

Bütün bu tədbirlərin nəticəsi­dir ki, son dövrlər qlobal ərzaq ba­zarında yaşanan böhranın daha da dərinləşməsinə baxmayaraq, Azərbaycanın idxaldan asılı ol­duğu məhsullar üzrə təminatında heç bir problem nəzərə çarpmır. Bununla yanaşı, ərzaq qiymət­lərində baş verən bahalaşma­nın mənfi təsirlərinin qismən də olsa kompensasiyası məqsədilə ölkəyə idxal olunan bir sıra ərzaq məhsullarının və xammalların gömrük rüsumlarından və ƏDV-dən azad olunması ilə bağlı əhə­miyyətli qərarlar qəbul edilir.

Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata ke­çirilən kompleks tədbirlər aqrar sahənin kreditləşməsi ilə bağlı riskləri azaltmağa və banklar tərə­findən kənd təsərrüfatının maliy­yələşdirilməsində yeni imkanlar yaratmağa təkan verib. Təbii ki, belə bir şərait aqrar sektorun in­kişafını sürətləndirib. Yeri gəlmiş­kən, xatırladaq ki, cari ilin yanvar–sentyabr aylarında Azərbaycanda 9 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edi­lib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur. Son 1 ildə ölkədə isteh­sal olunan bitkiçilik məhsullarının dəyəri 2,5 faiz artaraq 5 milyard manat, heyvandarlıq məhsulları­nın dəyəri isə 3,5 faiz artaraq 4 milyard manat təşkil edib. 

Oktyabrın 1-nə kimi tarlalar­dan qarğıdalı da daxil olmaqla 3 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz çox dənli və dənli paxlalı bitkilər, 182 min ton (0,1 faiz çox) üzüm, 962 ton (17,6 faiz çox) yaşıl çay yarpa­ğı yığılıb. 9 ay ərzində quş əti də daxil olmaqla diri çəkidə 424 min ton ət, 15 min ton yun, 357 ton ba­rama istehsal olunub. Bir il əvvələ nisbətən ət istehsalı 3,2 faiz, süd istehsalı 1,7 faiz, yumurta isteh­salı 11,9 faiz, barama istehsalı 4,6 faiz artıb.

V.BAYRAMOV
XQ



İqtisadiyyat