Bu virtual marşrut Şərqdən Qərbə mənəvi dəyərlər daşıyacaq
Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq “Rəqəmsal İpək yolu” (Digital Silk Way) layihəsi respublikamızla Orta Asiya ölkələri arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün yeni imkanlar yaradır. Hazırda həmin layihə regional və beynəlxalq təşkilatların diqqət mərkəzindədir.
Xatırladaq ki, bu rəqəmsal infrastruktur layihəsi haqqında bir müddət bundan əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Mərkəzi Asiya Dövlətləri Başçılarının V Məşvərət Görüşündə ətraflı bəhs olunub.
Prezident İlham Əliyev “Rəqəmsal İpək yolu” layihəsinin önəmini qeyd edərək fiber-optik infrastrukturun yaradılmasını ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi kimi yüksək dəyərləndirib və Azərbaycanın bu təşəbbüsü xüsusi diqqət mərkəzində saxladığını bildirib.
Yeri gəlmişkən, “Rəqəmsal İpək yolu” Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirəcək müasir fiber-optik tranzit xəttinin yaradılması məqsədi ilə reallaşdırılan innovativ rəqəmsal infrastruktur layihəsidir. Bu layihə “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun təşəbbüsü ilə onun törəmə şirkəti “AzerTelecom” tərəfindən həyata keçirilir. Hazırda layihənin icrası yerüstü və sualtı marşrutlar üzə fiber-optik kabel xətlərinin çəkilməsi mərhələsindədir.
Layihədə nəzərdə tutulan tədbirlər başa çatdırılandan sonra yüksək sürətlə məlumatların ötürülməsi reallaşacaq və bununla da magistral rabitə xətləri Avropa və Asiya arasında rəqəmsal əlaqənin qurulmasını təmin edəcək. Beləliklə, Qafqaz, Mərkəzi və Cənubi Asiya da daxil olmaqla bütün regionda rəqəmsallaşma özünün ən yüksək inkişaf mərhələsinə daxil olacaq, eyni zamanda, belə bir mövcud vəziyyət bu cür müasir rabitənin daha geniş yayılmasında mühüm rol oynayacaq. Onu da deyək ki, “Rəqəmsal İpək yolu” layihəsi regionun “Google”, “Amazon”, “Netflix” və digər qlobal şirkətlər üçün potensial fəaliyyət istiqamətinə çevrilməsinə imkan yaradacaq.
Xəzər dənizinin dibi ilə Azərbaycanla Orta Asiya ölkələri arasında fiber-optik kabel xətlərinin çəkilməsi məqsədilə “AzerTelecom” şirkəti Qazaxıstanda tərəfdaşı olan “Kazakhtelecom” qurumu ilə birgə müəssisə yaradıb. Həmin müəssisə indiyədək layihənin müəyyən komponentlərini də uğurla başa çatdırıb.
Yeni yaradılan “AzerTelecom”–“Kazakhtelecom” birgə müəssisəsi Transxəzər Fiber–Optik Kabel Xəttinin tikintisi və istismarını da həyata keçirəcək. Azərbaycan–Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xəttinin uzunluğu 380 kilometr, məlumat ötürmə gücü isə 400 terabit/s-ə qədər təşkil edəcək.
Bundan əvvəl isə “AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tərəfindən Xəzərin dibi ilə Azərbaycan və Qazaxıstan arasında fiber-optik rabitə xəttinin çəkilişi üçün tədbirlərin həyata keçirilməsini özündə əks etdirən əməkdaşlıq şərtləri haqqında saziş və birgə müəssisənin yaradılmasına dair səhmdarlar müqaviləsi imzalanıb.
Qeyd edək ki, “Rəqəmsal İpək yolu” layihəsi çərçivəsində “AzerTelecom” şirkəti Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı istiqamətində də layihə həyata keçirir. Qurum Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində respublikamızda dəmir yolu xətləri boyunca müxtəlif istiqamətlər üzrə magistral fiber-optik kabel xətlərinin çəkilişini gerçəkləşdirir.
Qeyd edək ki, dəmir yolları boyunca magistral fiber–optik kabel xətlərinin çəkilməsi ölkənin rəqəmsal infrastrukturunu gücləndirəcək, ölkə üzrə yeni dayanıqlı infrastruktur, genişzolaqlı fiber–optik kabel əlaqələri formalaşdıracaq və telekommunikasiya sektorunun inkişafına ciddi təkan verəcək.
“Rəqəmsal İpək yolu” layihəsi hazırda beynəlxalq və regional səviyyədə diqqət mərkəzindədir. Bu gün Türk Dövlətləri Təşkilatı tərəfindən layihəyə mühüm maraq vardır. Təşkilatın ötən il noyabr ayının 11-də Özbəkistanın paytaxtı Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsində üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək “Rəqəmsal İpək yolu” layihəsi çərçivəsində Trans–Xəzər fiber–optik kabel infrastrukturunun əhəmiyyəti, sözügedən layihənin həyata keçirilməsində IT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin “2022–2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nda da Xəzərin dibi ilə Trans–Xəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə olaraq qeyd olunub.
Nəhayət, sözügedən təşəbbüs Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə məlumat mübadiləsi ehtiyaclarını ödəyəcək region ölkələri üçün strateji əhəmiyyətli bir layihədir. Layihə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.
Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert
“Rəqəmsal İpək yolu” layihəsi “Dubay Ekspo” ümumdünya sərgisində və “Capacity Middle East 2022” qlobal telekommunikasiya tədbirində də təqdim edilib və beynəlxalq marağa səbəb olub. Layihənin məqsədi Azərbaycandan keçməklə, Avropa və Asiyanı birləşdirəcək telekommunikasiya dəhlizinin yaradılmasıdır. “NEQSOL Holding”in təşəbbüsü ilə “AzerTelecom” tərəfindən həyata keçirilən layihə ölkəmizdə informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafı, eləcə də ölkənin regionun rəqəmsal mərkəzinə çevrilməsinə xidmət edir.
İndiyədək bir sıra beynəlxalq tərəfdaşlar tərəfindən layihəyə böyük maraq göstərilib. Bununla bağlı “Google”, “Cienna”, “Lumen”, “Neterra”, “China Telecom Global”, “China Mobile International”, “Vodafone Carrier Services”, “Turkcell Superonline”, “Vodafone” “Turkey”, “Batelco”, “STC” və digər iri beynəlxalq şirkətlərlə danışıqlar aparılıb. Layihə üzrə müxtəlif telekommunikasiya operatorları və təchizatçıları ilə əməkdaşlıq modelləri razılaşdırılıb və anlaşma memorandumlarının imzalanması nəzərdə tutulub.
Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə formalaşan “Rəqəmsal İpək yolu” regionda rəqəmsallaşmanın və bağlantı xidmətlərinin inkişafına mühüm töhfə verəcək. Qlobal tədbirlərdə layihənin təqdimatı, faydalı müzakirələr və əldə olunan razılaşmalar beynəlxalq tərəfdaşların ciddi marağını göstərib. Ölkənin enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq, layihə Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsinə də töhfə verəcək.
“Rəqəmsal İpək yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi qiymətləndirilib.
“NEQSOL Holding”in tərkibində olan “AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və ölkəni beynəlxalq internet şəbəkəsi ilə bağlayır. “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupu səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.
Vaqif BAYRAMOV
XQ