Paşinyan iqtidarı Moskvanın himayəsi altında keçirilən tədbirləri boykot etdi
Nikol Paşinyanın 2018-ci ildə Hayastanda hakimiyyətə gəlişi ilə Ermənistan-Rusiya münasibətləri ziddiyyətlər dövrünə qədəm qoyub. Məhz həmin ildən etibarən İrəvanla Moskva arasında vaxtaşırı problemlər yaşanır. Bu ziddiyyətlər bəzən yoxuşda, bəzən enişdə olur. Amma heç zaman səngimir. Çünki onların yaranmasına əsas verən səbəblər aradan qaldırılmır. Nəinki aradan qaldırılmır, əksinə, üzərinə yeniləri əlavə olunur. Maraqlıdır ki, tərəflər hər biri özünü haqlı sayır və qarşı tərəfin narazılığına gətirib çıxaran səbəbləri aradan qaldırmaqda maraqlı görünmür.
Son olaraq, Ermənistan Azərbaycanın sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunun erməni azlığının yaşadığı hissəsində lokal xarakterli antiterror tədbirləri keçirərək suverenliyini tam bərqərar etməsinə Rusiyanın münasibətindən narazı qaldı. Bu istiqamətdə ilk narazılığı antiterror tədbirlərinin başladığı gün erməni xalqına müraciətində baş nazir Paşinyan dilə gətirdi. O qeyd etdi ki, Rusiya Ermənistanı Azərbaycanın antiterror tədbirləri barədə xəbərdar etməyib. Bundan əlavə, Paşinyan Ermənistanın təhlükəsizlik strukturunun qeyri-effektiv olduğunu bəyan etdi.
Baş nazirin nəyi nəzərdə tutduğu aydın idi. Məsələ bundadır ki, 2018-ci ilədək Ermənistan Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi sayılırdı. Əsas beynəlxalq məsələlərin əksəriyyətində Rusiya və Ermənistanın mövqeləri üst-üstə düşür və ya yaxın olurdu. Ermənistan Rusiya ilə Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində isə hərbi-siyasi əməkdaşlıq edirdi. Bundan əlavə, Ermənistan və Rusiya arasında ikitərəfli formatda da geniş əməkdaşlıq əlaqələri qurulmuşdu. Dövlətlərarası münasibətləri müəyyən edən müqavilə və sazişlər arasında 1997-ci il 29 avqust tarixli “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım Müqaviləsi” və Rusiyanın 102 saylı hərbi hissəsinin Ermənistan ərazisində olmasını tənzimləyən bir sıra sənədlər var.
İndi isə Paşinyan xalqına müraciətində deyir: “Ermənistanın olduğu təhlükəsizlik strukturu qeyri-effektivdir. Bu, 2021-ci ilin may və noyabr, həmçinin 2022-ci ilin sentyabr hadisələri zamanı aydın idi. Siyahını uzatmaq olar. Azərbaycanın davam edən təcavüzü (?) və Laçın dəhlizinin bağlanması (?) suallar doğurur. O cümlədən, Rusiya sülhməramlılarının fəaliyyəti və motivləri kontekstində...”
Hərçənd ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova elə həmin gün jurnalistlərə açıqlamasında ölkəsinin antiterror tədbirlərinin başlanacağından xəbərsiz olduğunu dilə gətirdi. O qeyd etdi ki, Paşinyanın ittihamları doğru deyil. Belə ki, informasiya antiterror tədbirlərinin başlamasına bir neçə dəqiqə qalmış Rusiya sülhməramlı kontingentinə çatdırılıb. Bununla da M.Zaxarovanın timsalında Rusiya tərəfi Ermənistanın və ermənilərin əlindən onları xəbərdar etməməklə bağlı əsas arqumenti almış oldu.
Yeri gəlmişkən, Paşinyanın Rusiya ilə hərbi əlaqələrə dair mövqeyindəki kəskin dönüşü göstərmək üçün bir müqayisə aparmaq istərdik. Əgər 2021-ci ildə Ermənistanın baş naziri Birgə Qoşunlar Qrupunun (Birgə Qoşunlar Qrupu 2016-cı ildə yaradılıb. Rusiya və Ermənistan müdafiə nazirləri tərəfindən 30 noyabr 2016-cı ildə imzalanmış sazişə əsasən, qrupa 102-ci Rusiya bazası və Ermənistan silahlı qüvvələrinin hərbi hissələri daxildir – S.H.) gücləndirilməsinin vacibliyini bəyan etmişdisə, 2023-cü ildə belə sıx inteqrasiyanın və Ermənistanın hərbi təhlükəsizlik sahəsində Rusiyadan asılı olmasının yanlış olduğunu bəyan etmişdi.
N.Paşinyan bu il sentyabrın 3-də İtaliyanın “La Repubblica” qəzetində dərc olunan müsahibəsi zamanı isə demişdi: “Ermənistanın təhlükəsizlik arxitekturası 99,999 faiz Rusiya ilə, o cümlədən, silah və sursat əldə etmək baxımından bağlı idi. Amma bu gün Rusiyanın özünün silaha və sursata ehtiyacı olduğu dövrdə aydındır ki, o istəsə də, Ermənistanın təhlükəsizlik ehtiyaclarını təmin edə bilməyəcək”.
Beləliklə, Rusiya XİN-in rəsmi nümayəndəsinin qeyd etdiyimiz açıqlamasına baxmayaraq, N.Paşinyan iqtidarının mənsubları və sadə ermənilər arasında Rusiyadan narazılıq azalmadı. Əksinə, artan xətt üzrə getdi və getməkdə davam edir. Bu günlərdə rusiyalı jurnalist Aleksey Pivovarovun “YouTube”dakı “Redaksiya” kanalında Ermənistanda baş verən proseslərlə bağlı bir saatlıq reportajını izlədik. Bütün məqamların hərtərəfli əks olunduğu reportajda 19-20 sentyabr hadisələri günlərində gecə vaxtı İrəvandakı Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirən və rusca “Pozor, pozor!” (Rəzalət!) şüarları səsləndirən etirazçı şəhər sakininin dediyi fikirlər diqqətimizi cəlb etdi. İrəvan sakini Qrayr Dadikyan deyirdi: “Bu, bizim dinc etiraz aksiyamızdır. Hazırda Qarabağda olan Rusiya sülhməramlılarına mən sülhməramlı deyə bilmərəm. Onların adının qarşısında dırnaqarası sözü işlədilməlidir. Onlar orada sadəcə, dayanıblar. Heç bir iş görmürlər. Ermənistan müstəqilliyini bərpa etdikdən indiyədək hazırda ən rusofob dövrdür”.
***
Qeyd etdiyimiz kimi sentyabrın 19–20-dəki lokal antiterror tədbirlərindən sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi getdikcə güclənir. Ötən müddət ərzində iki ölkənin rəsmi şəxsləri arasında yalnız bir istisna olmaqla əlaqə saxlanılmasına dair heç bir məlumat yoxdur. Həmin istisna hal isə N.Paşinyanın oktyabrın 7-də Prezident Vladimir Putini doğum günü münasibətilə təbrik etməsidir. Bu da protokol xatirinə yaradılan ünsiyyətdir.
Bu günlərdə isə Ermənistan Rusiyaya qarşı daha bir demarş edib. İrəvan oktyabrın 9-dan 13-dək Qırğızıstanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin sülhməramlı qüvvələrinin birgə təliminə qatılmayıb. Bu barədə təşkilatın katibliyi məlumat yayıb. Təlim “Sarsılmaz qardaşlıq–2023” adı altında keçirilir. Yeri gəlmişkən, qeyd edək ki, təlimlərə 200-dən çox xüsusi və zirehli texnika, hərbi nəqliyyat, qırıcı və döyüş təyyarələri, pilotsuz uçuş aparatları və döyüş katerləri cəlb olunub. Oktyabrın 9-da Qırğızıstanın İssık-Kul gölü sahillərində yerləşən Edelveys poliqonunda təlimlərin açılış mərhələsi baş tutub. Təlimlərdə Qırğızıstanla yanaşı, Rusiya, Qazaxıstan, Belarus və Tacikistanın hərbi kontingentləri iştirak edirlər.
Onu da qeyd edək ki, N.Paşinyan 2022-ci ilin noyabrında KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının, yəni təşkilatın dövlət və hökumət başçıları sammitinin bəyannaməsini və Ermənistana yardım üzrə birgə tədbirlər layihəsini imzalamaqdan imtina etmişdi. İrəvan öz mövqeyini sənəddə Azərbaycanın “təcavüzkarlığı”na qiymət verilməməsi ilə əsaslandırmışdı. 2023-cü ilin yanvarında Ermənistan öz ərazisində “Sarsılmaz qardaşlıq–2023” təlimini keçirməkdən də imtina etmişdi.
Cari ilin sentyabrın 5-də isə Ermənistan prezidenti Vaaqn Xaçaturyan Viktor Biyaqovu respublikanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırıb. Bu barədə qərar baş nazir Paşinyanın təklifi əsasında qəbul edilib. Yeni daimi nümayəndənin təyin edilməsi ilə bağlı hələ də heç bir sərəncam imzalanmayıb.
Buna paralel olaraq, sentyabrın 11-dən 19-dək Ermənistanda ABŞ-la birgə “Qartal tərəfdaşı – 2023” təlimləri keçirilib. Manevrlərdə 85 amerikalı və 175 erməni hərbi qulluqçusu iştirak edib.
Bundan əlavə, Hayastanın xarici işlər naziri Ararat Mirzoyan da Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcək. Xarici İşlər Nazirliyindən bildirilib ki, iclasda Ermənistanı Mirzoyanın müavini təmsil edəcək. XİN-in rəsmi nümayəndəsi Ani Badalyanın verdiyi məlumata görə, onlar oktyabrın 4-də bu barədə MDB İcraiyyə Komitəsinə yazılı şəkildə məlumat veriblər. Onu da qeyd edək ki, oktyabrın 9-da Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin Bişkekdə Ermənistan, Rusiya və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqların mümkünlüyünü nəzərdən keçirdiklərini bildirmişdi.
Nəhayət, Rusiyaya qarşı daha bir demarşı Paşinyan bilavasitə özü nümayiş etdirib. Dünən Ermənistan baş naziri ilə Qırğızıstan Prezidenti Sadır Japarov arasında telefon danışığı olub. Qırğızıstan liderinin mətbuat xidmətinin yaydığı məlumata görə, Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etməyəcəyini bildirib. “Telefon danışığı zamanı Paşinyan təəssüflə bildirib ki, bir sıra şərtlərə görə MDB Dövlət Başçılarının Sammitində iştirak edə bilmir”, – deyə “İnterfaks” Qırğızıstan liderinin mətbuat xidmətinin məlumatından sitat gətirib.
Əlbəttə, Paşinyanın hansı şərtləri əsas gətirdiyi açıqlanmasa da, prosesləri izləyən diqqətli oxucu Ermənistan liderinin Bişkekə hansı səbəbdən getmədiyini başa düşür. Rusiya–Ermənistan münasibətlərindəki soyuqluq və bizim yazımızın ana xəttini təşkil edən məqamlar Nikolun Rusiyanın eqidası altında keçirilən həmin tədbirlərdən imtinasının əsas səbəbləridir.
Orxan BAĞIROV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin baş elmi işçisi:
– Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Qərbmeyilli siyasət yürüdürdü. Biz bunu onun bir çox addımlarında açıq-aydın hiss edirdik. Ancaq ilk dövrlərdə Rusiya ilə münasibətlər indiki kimi pis vəziyyətdə deyildi. Paşinyana qədər hakimiyyətdə olan şəxslər – Koçaryan və Sarkisyan Rusiyaya bağlı adamlar idilər. Rusiya onların hakimiyyətə gəlişində böyük rol oynamışdı. Ona görə də onların vasitəsilə Rusiya Ermənistan üzərində təsir imkanlarını saxlayırdı.
Paşinyan tamam fərqli formada hakimiyyətə gəldi. Burada daha çox erməni xalqının iradəsi rol oynadı. İnsanlar Koçaryan-Sarkisyan rejimindən bezmişdilər. Elə bunun nəticəsidir ki, Ermənistanın İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətinə baxmayaraq, erməni xalqı yenə Paşinyanı seçdi. Belə deyək, onlar çox pisdənsə, pisi seçməli oldular. Paşinyan Rusiyaya qarşı çıxarkən daha çox erməni xalqına güvənir. Çünki hətta müharibə, ondan sonra baş verən hadisələr belə hayları Paşinyana qarşı çevirə bilmədi.
Rusofobiyaya gəldikdə isə bu, Ermənistanda hər zaman olub. İndi isə sadəcə, güclənib. Hətta İkinci Qarabağ müharibəsi dövründə rusların fərdi qaydada Ermənistana kifayət qədər dəstək göstərməsinə baxmayaraq, müharibəni uduzduqdan sonra rusların ünvanına ciddi tənqidlər səsləndirilirdi. Bu da ondan irəli gəlir ki, erməni xalqı hər zaman kimdənsə kömək umur.
Laçın yolu ətrafında yaşanan proseslər zamanı Rusiya sülhməramlılarından narazılıq daha da gücləndi. Qeyd edirdilər ki, sülhməramlılar öz funksiyalarını yerinə yetirmirlər. Ancaq erməni xalqı dərk etmirdi ki, bu məsələdə Rusiyanın əvvəlki potensialı yoxdur. Bildiyiniz kimi, Ukrayna müharibəsi Rusiyanı gücdən salıb. Digər tərəfdən, Rusiyanın yanaşması bu idi ki, erməni xalqı hakimiyyətə elə bir adam gətirib ki, o, Rusiyaya qarşı Qərbin göstərişlərini yerinə yetirir.
Bununla belə Ermənistanla Rusiya arasında güclü iqtisadi əlaqələr var. Ermənistanın Rusiyadan qopması, tamamilə ayrılması o qədər də asan məsələ deyil.
Səxavət HƏMİD
XQ