Ağbənd körpüsü Naxçıvana açılan qapıdır

post-img

Azərbaycanın əlverişli geosiyasi məkanda, qlobal nəqliyyat dəh­lizlərinin qovşağında yerləşməsi region dövlətləri ilə əməkdaşlığın genişlənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun getdikcə artmasına səbəb olub. Ötən müddətdə Azərbaycanda ən müasir nəqliyyat infrast­rukturu–beynəlxalq səviyyəli aeroptlar, dünya standarlarına tam cavab verən magistral avtomobil və dəmir yolları, eləcə də Bakı Dəniz Ticarəti Limanı yaradılıb. Bu baxımdan indi ölkəmizin ərazisi beynəlxalq yük­lərin təhlükəsiz və sürətlə daşınması üçün ən əlverişli məkan sayı­lır. Məhz bu səbəbdəndir ki, son zamanlar Azərbaycanla nəqliyyat və logistika sahəsində əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. 

Yaxın gələcəkdə isə ölkə­mizin təşəbbüsü və iştirakı ilə region üçün daha bir önəmli layihənin gerçəkləşdirilməsinə başlanılacaq. Bu, İran ərazisin­dən keçməklə ölkəmizin qərb ərazisini Naxçıvanla birləşdirən yeni avtomobil körpüsü və sər­həd-gömrük infrastrukturudur. Sözügedən layihə təcavüzkar Ermənistanın uzun illər bloka­dada saxladığı Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat bağ­lantısının yaradılmasına imkan yaratmaqla yanaşı, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələn­dirilməsi baxımından da xüsusi önəm daşıyır. 

Təsadüfi deyil ki, oktyabrın 6-da İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşı qəbul edən Prezident İlham Əliyev Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük in­frastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələ­rinin təməlqoyma mərasiminin önəmini vurğulayaraq bunun iki ölkə arasında dostluq əlaqələri­nin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyini bildirib. 

Azərbaycanın həm ikitərəf­li, həm də çoxtərəfli formatlarda nəqliyyat dəhlizlərinin yaradıl­ması ilə bağlı fəaliyyətini davam etdirdiyini bildirən dövlətimizin başçısı sözügedən layihənin təməlinin qoyulmasının yolların şaxələndirilməsi baxımından da önəmini vurğulayıb. Qeyd olu­nub ki, ölkələrimizi birləşdirən və region üçün böyük əhəmiyyətə malik olan avtomobil və dəmir yollarının çəkilişi bütün bölgədə sabitliyə və əməkdaşlığa xidmət edəcək. Rəisi İrandan keçməklə Naxçıvanla bağlantı yaradacaq keçidin tikintisinin sürətləndiril­məsini istəyir

Eyni zamanda, İran Prezi­denti İbrahim Rəisi də ölkəsindən keçməklə Naxçıvanla bağlan­tı yaradacaq keçidin tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. İran hökumətin okt­yabrın 8-də keçirilən iclasında İb­rahim Rəisi bildirib ki, bu layihə­nin işə düşməsi iki ölkə, eləcə də region ölkələri arasında müba­dilə, iqtisadi və ticarət əlaqələri­nin səviyyəsini artıracaq.

Qeyd edək ki, oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbay­can Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökumə­ti arasında İran İslam Respublika­sının ərazisindən keçməklə Azər­baycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Nax­çıvan Muxtar Respublikası ara­sında yeni kommunikasiya bağ­lantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çər­çivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə təd­birləri layihələrinin təməlqoyma mərasimi keçirilib. Bununla da layihə çərçivəsində tikinti işlərinə start verilib. 

Tədbirdə Araz çayı üzərin­dən tikintisi başlanılan körpünün koordinatları və texniki parametr­ləri, körpüyə yaxınlaşma yolu layihəsi, ərazidə yaradılacaq mü­vafiq sərhəd-gömrük məntəqə­sinin göstəriciləri, çayın əvvəlki məcrasına qaytarılma məqsədilə görüləcək sahilbərkitmə və məc­ratəmizləmə tədbirləri və İran ərazisindən keçməklə Şərqi Zən­gəzur iqtisadi rayonu ilə Naxçı­van Muxtar Respublikası ara­sında inşa ediləcək yeni dəmir yolu xətti və körpülərinin planları barədə aidiyyəti dövlət qurumla­rının məlumatları dinlənilib. Qeyd olunub ki, Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, eləcə də 15 min insanın sərhəddən keçidi təmin olunacaq. 

Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, bu yol tran­zit yüklərin daşınmasına da xid­mət etməklə həm Azərbaycan, həm İran, həm də region üçün əhəmiyyətli olacaq. Onun sözlə­rinə görə, Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastruktur rolu oynayacaq bu yolun istifa­dəyə verilməsi nəticəsində böl­gə logistik mərkəzə çevriləcək. Yaxın vaxtlarda isə ərazidə avto­mobil yolu ilə yanaşı, dəmir yolu körpüsünün də tikintisi nəzərdə tutulub. 

Samir HEYDƏROV, 
iqtisadçı ekspert

Oktyabrın 6-da Azərbay­can–İran hökümət nümayən­dələrinin iştirakı ilə Zəngilan rayonunun Ağbənd yaşayış məntəqəsi yaxınlığında avto­mobil yol körpüsünün təməli qoyuldu. Yeni yol infrastruktur layihəsi çərçivəsində sərhəd buraxılış məntəqəsinin, eyni zamanda, ərazidə abadlıq quruculuq işlərinin yerinə yet­rilməsi ilə yanaşı, gələcəkdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur. Bu yol inf­rastrukturu İran İslam Res­publikasından keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin yaradılmasına, eləcə region ölkələrinin tranzit imkanlarının artmasına xidmət edəcəkdir. Perspektivdə isə bu infrastruk­turdan enerji dəhlizi kimi elekt­rik enerjisinin ixracında da isti­fadə oluna bilər.

Məlum olduğu kimi, Er­mənistanın qeyri-konstruktiv mövqeyi, Azərbaycanla sülh müqaviləsinin imzalamaması və prosesi uzatması Zəngəzur dəhlizinin açılmasını da ləngi­dir. Ermənistan özünün əvəzo­lunmaz tranzit ölkə statusunda olduğunu zənn edərək Şərq-Qərb dəhlizinin reallaşmasının qarşısını alır. Baxmayaraq ki, bu meqalayihənin reallaşması onun öz iqtisadiyyatına da fay­da verə bilər. 

Azərbaycanın əsası ulu öndər Heydər Əliyev tərəfin­dən qoyulan və hazırda ölkə Prezidenti İlham Əliyev tərə­findən uğurla davam etdirilən balanslı xarici siyasəti nəticə­sində qarşıya qoyulan bütün hədəfləri həyata keçirmək mümkün olub. Tarixi mehri­ban qonşuluğa və dostluq si­yasətinə əsaslanan Azərbay­can–İran münasibətlərində yaranmış anlaşılmazlıqları dəf edən ölkələrimiz artıq iqtisadi əlaqələri dərinləşdirmək yolu­nu tutublar. Elə hər iki ölkənin birgə səyi ilə reallaşdırılacaq yeni yol infrastrukturu layihə­si də məhz bu məqsədə xid­mət edir. Bu yolun açılması, həm də faktiki olaraq qlobal nəqliyyat sistemində inqilabi xarakter daşıyan Qərb-Şərq meqalayihəsinın reallaşdrıl­ması deməkdir. Özünün yol infrastrukturunu şaxələndirmə­yi hədəfləyən Azərbaycan qar­şıdakı illər ərzində beynəlxalq yüklərin Qərb istiqamətinə da­şınmasına mühüm töhfə verə bilər. 

Yeri gəlmişkən, sentyabr ayının sonlarında qardaş Tür­kiyə Respublikasının Prezi­denti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsin­də İğdır-Naxçıvan təbii qaz kəmərinin təməlinin qoyulması regionun böyük inkşafın as­tanasında olmasından xəbər verir. Bütün bu layihələr isə Naxçıvanın iqtisadi inkşafına, bölgədə məşğulluq səviyyə­sinin artmasına müsbət təsir göstərəcək. 

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat