Rəqabət artdıqca inhisarçılıq zəifləyir

post-img

Bu isə bolluğa və ucuzluğa meydan açır

Bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məcəllənin qəbulunun ölkə iqtisadiyyatının inkişafına, biznes mühitinin əlverişliliyinin artırılmasına göstərə biləcəyi təsir nəzərə alınaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə sentyabrın 26-da parlamentdə sənədin ictimai dinləməsi keçiriləcək.

Dinləmədə Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayən­dələri, millət vəkilləri, İqtisadiyyat Na­zirliyinin əlaqədar vəzifəli şəxsləri, sahibkarlar assosiasiyalarının, ticarət pa­latalarının, QHT-lərin təmsilçiləri, ekspert­lər və mütəxəssislər iştirak edəcəklər. 

Xatırladaq ki, Rəqabət Məcəlləsinin la­yihəsi 12 fəsil 84 maddədən ibarətdir. Bu Məcəllə Azərbaycan Respublikası Konsti­tusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, ölkəmizdə azad və sağlam rəqabətin tə­min olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunverici­liyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsi­nin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozul­masına görə məsuliyyəti müəyyən edir. Sözügedən sənəd, həmçinin sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zə­min yaradır. 

Rəqabət Məcəlləsinin qəbulu ilə Azərbaycanda haqsız rəqabətin forma­ları da müəyyən ediləcək. Parlamentə daxil olmuş layihədə haqsız rəqabətin formaları kimi isə müştərilərə qarşı aq­ressiv davranış, rəqib təsərrüfat subyek­tinin nüfuzdan salınması, rəqibin təsər­rüfat fəaliyyətinin təqlidi, müştərilərin çaşdırılması və aldadılması, kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması, eləcə də bu Məcəllənin 25-ci maddəsində nəzərdə tutulan haq­sız rəqabətə səbəb olan digər hərəkətlər öz əksini tapıb. 

Məlum olduğu kimi, hazırda ölkə qar­şısında duran əsas məsələlərdən biri də özəl sektor üçün rəqabəti təmin etməkdir. Bu məqsədlə son illər ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və inhisarçı­lığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hətta bir neçə il bundan əvvəl ölkə Prezidenti İlham Əliyev bununla bağlı narahatlığını bildirərək bəzi dövlət məmurlarını müxtə­lif biznes dairələrinə kömək göstərməklə haqsız rəqabətə imkan yaratmaqda it­tiham etmişdi. Dövlət başçısı Azərbay­canda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsinin vacibliyini önə çəkərək bununla biznes dairələri üçün daha yaxşı şərait yaradılacağına əmin olduğunu bil­dirmişdi.

Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin əvvəlindən etibarən ölkədə haqsız rəqa­bət hallarına, inhisarçılığa qarşı mübarizə sahəsində bir sıra təsirli tədbirlər həyata keçirilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, cari ilin 6 ayı ərzində “Haqsız rəqabət haqqın­da” Qanunun tələblərinin pozulması ilə əlaqədar aparılan bazar araşdırması və daxil olmuş müraciətlərin araşdırılması zamanı bir sıra bazar subyektləri tərə­findən antiinhisar qanunvericiliyinin po­zulması əlamətləri müəyyən edilib və nəticədə 19 bazar subyektinə qarşı 19 iş qaldırılıb.

Dövlət Xidmətinin məlumatında, həm­çinin bildirilib ki, ötən dövrdə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan is­tifadə olunmaqla haqsız rəqabətə yolver­mə əlamətləri üzrə qaldırılmış işlərin sayı üstünlük təşkil edib. Belə ki, istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haq­sız, qeyri-dəqiq və gizli reklam üsulların­dan istifadə olunmaqla haqsız rəqabətə yolvermə əlamətləri üzrə 4 iş, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolver­mə əlamətləri üzrə 5 iş qaldırılıb. Ötən ilin müvafiq dövründə 19 bazar subyektinə qarşı qaldırılmış 18 iş üzrə digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolver­mə (10 iş) say etibarilə üstünlük təşkil edib.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı 

Azərbaycanda Rəqabət Məcəllə­sinin qəbul edilməsi vacib idi. Rəqa­bət Məcəlləsi həm bazarın tənzim­lənməsi, həm də iqtisadi proseslər baxımından əhəmiyyətli bir sənəddir. Bu, bütövlükdə bazarda inhisarşılıq meyillərinin azaldılmasına və qiymət­lərin liberallaşdırılmasına imkan yara­dacaq.

Son zamanlar aparılan monito­rinqlər də göstərir ki, istehlak baz­rında bəzi məhsullar üzrə süni qiy­mətlər mövcuddur, inhisarçı mövqe qiymətlərə təsir göstərir. Ona görə də Rəqabət Məcəlləsi bazarda rəqabətin gücləndirilməsi və inhisarçılığın mini­mallaşdırılmasını özündə ehtiva edir. Bu da təbii ki, bazara giriş imkanla­rının artırılması, rəqabtin gücləndiril­məsi, fərqli və ya oxşar məhsulların ayrı-ayrı şirkətlər tərəfindən fərqli qiymətlərlə təqdim olunmasına imkan yaradacaq. 

Düşünürəm ki, Rəqabət Məcəllə­sinin qəbul edilib icrasına başlanılma­sı ilə ölkədə bir sıra məhsulların qiy­mətlərinin optimallaşdırılması, hətta ucuzlaşması baş verəcək. 

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat