BP Azərbaycanın mötəbər enerji ortağıdır

post-img

Şirkət və tərəfdaşları ölkəmizin neft-qaz sektoruna 84 milyard dollar sərmayə qoyub

Azərbaycanın enerji sektorunda uğurla əməkdaşlıq etdiyi Böyük Britaniyanın BP şirkəti ölkəmizdə gələcəkdə reallaşdırılacaq neft-qaz və alternativ enerji layihələrinə də maraq göstərir. Bununla bağlı fikirlər şirkət rəsmilərinin sentyabrın 20-də Bakıya səfəri zamanı səsləndirilib. 

Xəbər verildiyi kimi, BP-nin İdarə heyətinin sədri Helge Lund, hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qor­don Birrel və şirkətin sabiq icraçı direktoru Mədinqli lordu Braun SOCAR-ın ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Gülüstan sarayında keçirdiyi tədbirdə iştirak etmək üçün Bakıda olublar. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sent­yabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Lan­dı qəbul edib. Qəbulda şirkətin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də Bakıda “Xəzərin Azərbaycan sektorunda yerləşən “Azə­ri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yer­ləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişə imza atan sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.

Görüş zamanı “Əsrin müqavilə­si”nin önəmi qeyd olunmaqla yana­şı, bu tarixi sazişin ölkəmizin inkişaf tarixində çox mühüm bir səhifə ol­duğu vurğulanıb. Prezident İlham Əliyev BP şirkətinin rəhbərliyinin, eləcə də “Əsrin müqaviləsi”nin im­zalanmasının birbaşa iştirakçısı və uzun illər şirkətə rəhbərlik edən Lord Con Filip Braunun Azərbay­canda neft işçilərinin peşə bayra­mı kimi qeyd edilən Neftçilər Günü və sazişin 29-cu ildönümü ilə bağlı keçirilən tədbirdə iştirakını yüksək qiymətləndirib. Dövlətimizin başçı­sı, həmçinin Azərbaycan ilə Böyük Britaniya şirkəti arasında həyata keçirilən uzunmüddətli sıx, səmərə­li və strateji əməkdaşlığın tarixindən bəhs edib. 

Azərbaycanın keçdiyi çətin və tarixi sınaq dövründə iqtisadi inki­şaf yolunun əsasının qoyulmasında “Əsrin müqaviləsi”nin xüsusi rolunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilmiş və nəzərdə tutu­lan regional və qlobal miqyaslı la­yihələrdən söhbət açıb. 

BP şirkətinin sabiq baş icra­çı direktoru Lord Con Filip Braun Azərbaycan üçün çətin bir dövrdə məhz Heydər Əliyevin ölkəyə rəh­bərlik etməsi sayəsində investisiya qoyuluşu üçün mövcud risklərin dəf edildiyini və beləliklə, “Əsrin müqaviləsi”nin imzalandığını bö­yük məmnunluqla xatırladıb. Şirkə­tin nümayəndələri bu tarixi sazişin ölkəmizin mürəkkəb dövründə Ümummilli liderin qətiyyətli və mə­harətli siyasəti nəticəsində ərsəyə gəldiyini söyləyib, Azərbaycanın enerji ehtiyatlarının inkişafında müqavilənin rolundan bəhs ediblər. 

Qeyd etdiyimiz kimi, görüş za­manı qlobal enerji keçidi nəzərə alınaraq BP-nin Azərbaycanda olan tərəfdaşlarla, o cümlədən SOCAR ilə əməkdaşlıqda, yeni bərpaolunan enerji layihələrinin həyata keçiril­məsində maraqlı və qətiyyətli oldu­ğu bir daha diqqətə çatdırılıb, yeni sərmayə qoyuluşu imkanları müza­kirə olunub. 

Bu məsələlər BP nümayəndə heyəti ilə SOCAR rəhbərliyi ara­sında keçirilən görüşdə də ətraflı müzakirə mövzusu olub. Görüşdə bp-nin ölkəmizdəki səmərəli fəaliy­yətindən, SOCAR ilə bp arasında uzunmüddətli uğurlu əməkdaş­lıqdan məmnunluq ifadə edilib. Tərəflər, həmçinin enerji layihələri üzrə mövcud əməkdaşlıq imkanla­rını nəzərdən keçirib, insan kapitalı sahəsində təcrübə mübadilələrinin həyata keçirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar. Son­ra Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) nümayəndələri ilə birgə tərəf­lər arasında Qoşulma Sazişi imza­lanıb. Bu sənəd SOCAR-ın və AİŞ-in “Şəfəq” (Sunrise) layihəsinə daxil olmaq niyyətini əks etdirir.

Xatırladaq ki, 1992-ci ildə Azər­baycanla enerji sahəsində fəal əməkdaşlığa başlayan BP şirkəti hazırda ölkəmizdə həyata keçirilən bir sıra dünya səviyyəli neft-qaz layihələrinin operatoru kimi fəa­liyyət göstərir. “Azəri-Çıraq-Də­rinsulu Günəşli” yataqlar bloku, “Azəri-Mərkəzi-Şərqi”, “Şahdəniz” (1 və 2-ci mərhələlər) yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişləri üzrə layihələr, Səngəçal terminalının inşası və ge­nişləndirilməsi, eləcə də Azərbay­canın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasını təmin edən ixrac boru kəmərləri layihələri məhz dünyanın neft nəhəngi sayı­lan BP şirkətinin operatorluğu ilə re­allaşdırılıb. Hazırda isə şirkət Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” yatağın­da kəşfiyyat-qiymətləndirmə işlərini davam etdirir. 

“Əsrin müqaviləsi”nin ilkin im­zalanmasından ötən 29 il ərzin­də bp və tərəfdaşları tərəfindən Azərbaycanın neft-qaz sektoruna, təxminən, 84 milyard ABŞ dolları investisiya qoyulub. Bundan əlavə, şirkət ötən müddətdə ölkəmizdə reallaşdırdığı sosial sərmayə la­yihələrinə, ümumilikdə, təqribən 109 milyon ABŞ dolları vəsait xərc­ləyib

BP şirkəti ölkəmizdə növbəti layihəsini işğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirəcək. Məlum olduğu kimi, 2021-ci il iyunun 3-də Azər­baycan Respublikasının Energetika Nazirliyi və BP arasında Zəngilan/Cəbrayıl rayonu ərazisində 240 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçi­rilməsi fəaliyyəti üzrə əməkdaşlı­ğa dair İcra Müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətlən­dirilməsini, stansiyanın layihələn­dirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.

Bir il sonra, 4 iyun 2022-ci il tarixində Azərbaycan Respublika­sının Energetika Nazirliyi və BP arasında Cəbrayılda inşa oluna­caq 240 meqavatlıq Günəş Elektrik Stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti ad­dımların atılması məqsədilə möv­cud müqaviləyə Əlavə imzalanıb. Xatırladaq ki, “Bakı Enerji Həftəsi” çərçivəsində Şuşa şəhərində im­zalanmış bu sənəd “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsinin re­allaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün gö­rüləcək tədbirləri əks etdirir. 

Yeri gəlmişkən, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bir qədər əvvəl mətbuata bildirib ki, “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi layihəsinin texniki və kommersiya parametrləri, demək olar ki, razılaşdırılıb. Onun sözlərinə görə, adıçəkilən layihənin maliyyə tərəfləri ilə bağlı Energetika Nazirliyi və BP şirkəti arasında razı­lığa gəlinib. 

Qeyd edək ki, gələcəkdə adıçə­kilən stansiyada istehsal olunacaq enerji Səngəçal terminalını təmin edəcək. “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisinin isə, təqri­bən, iki il ərzində başa çatdırılması nəzərdə tutulur. 

M.YAQUBZADƏ
XQ



İqtisadiyyat