Aqrar islahatlar bolluğa meydan açıb

post-img

Son 10 ildə kənd təsərrüfatı istehsalı 47 faizədək çoxalıb 

Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bütün digər sahələr kimi aqrar bölmənin də inkişafı üçün əlverişli imkanlar yaradıb. Hazırda əhalisinin təqribən yarısının bölgələrdə yaşadığı Azərbaycanda aqrar sahənin inkişafı, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı getdikcə ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməkdədir. 

Ölkədə kənd təsərrrüfatının inkişaf etdirilməsi, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı, eləcə də dövlətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı tədbir­lər müsbət nəticələr verir. Eyni zamanda, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması kənd təsərrüfa­tında təşəbbüskarlığa geniş meydan açır. Bütün bunlar isə ölkədə məhsul bolluğuna təminat yaratmaqla yanaşı, yerlərdə iqti­sadi fəallığın artmasına səbəb olur. 

Təkcə onu qeyd etmək kifayətdir ki, son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 46,8 faiz artıb. Ötən dövrdə ölkədə bitkiçilik məhsullarının istehsalında 53 faiz, hey­vandarlıq məhsullarının istehsalında isə 42,5 faiz artım qeydə alınıb. Bu da kənd təsərrüfatı və ərzaq məhsullarının ixra­cının təqribən 30 faiz artmasına imkan yaradıb. 

Aqrar sektorda müşahidə olunan müsbət dinamika bu ilin ötən dövründə də davam edib. Dövlət Statistika Ko­mitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu­nun faktiki qiymətlərlə dəyəri 8 milyard 397,2 milyon manat təşkil edib. Bunun da 4 milyard 492 milyon manatı bitkiçilik, 3 milyard 905,2 milyon manatı isə hey­vandarlıq məhsullarının payına düşüb. Bu ilin 8 ayında əvvəlki ilin eyni dövrü müqayisədə kənd təsərrüfatının ümumi istehsalı 3,3 faiz artıb. Hesabat dövrün­də heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə isə 3,2 faiz artım qeydə alınıb.

Kənd təsərrüfatının mühüm sahələ­rindən sayılan bitkiçilik məhsullsrının is­tehsalının artırılması üçün ölkədə geniş imkanlar mövcuddur. Bu səbəbdəndir ki, son illər istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə cəlb edilməsi istiqamətin­də mühüm tədbirlər həyata keçirilir. Əkin sahələrinin genişləndirilməsi isə məhsul bolluğuna təminat yaradan mühüm amil­dir. Bu məqsədlə ötən ilin payızından başlayaraq 2023-cü ilin məhsulu üçün bit­kiçilik məhsullarının əkini intensiv qayda­da davam etdirilib. Mövsüm ərzində ölkə üzrə, ümumilikdə, 1 milyon 546 min 733,1 hektar sahədə əkin aparılıb. Ayrı-ayrı gün­lərdə müşahidə olunan əlverişsiz hava şə­raitinə baxmayaraq, sahələrdə bol məhsul yetişdirilməsinə nail olunub. 

Ötən müddətdə məhsulun optimal vaxtda və itkisiz yığılması üçün bütün im­kanlardan maksimum istifadə edilib. Döv­lət Statistika Komitəsindən verilən məlu­mata görə, bu ilin sentyabr ayının 1-dək qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon tondan artıq dənli və dənli-pax­lalılar toplanılıb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çoxdur. Hesabat dövründə təsərrüfatlarda 868,5 min ton (0,5 faiz çox) kartof, 1 milyon 486,8 min ton (3,1 faiz çox) tərəvəz, 494,9 min ton (3,3 faiz çox) meyvə və giləmeyvə, 73,6 min ton (əvvəlki ilin müvafiq dövrü ilə eyni səviyyədə) üzüm, 22,4 min ton (0,3 faiz çox) günəbaxan, 9 min ton (30 faiz çox) şəkər çuğunduru, 885,4 ton (16,4 faiz çox) yaşıl çay yarpağı və 140,5 ton pambıq yı­ğılıb. Bununla belə, cari ilin ötən dövrün­də ölkə üzrə bostan məhsulları və tütün istehsalında azalma qeydə alınıb. Belə ki, bu ilin 8 ayında təsərrüfatlarda 430,9 min ton bostan məhsulları və 2,1 min ton tütün yığılıb ki, bu da ötən ilin eyni dövrünə nis­bətən müvafiq olaraq 5,4 faiz və 21,5 faiz azdır. Hazırda ölkəmizdə kənd təsərrüfatı məhsullarının yığımı davam edir. 

Kənd təsərrüfatının ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf et­dirilməsi üçün də ölkədə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu baxımdan sü­rünün cins tərkibinin yaxşılaşdırılması is­tiqamətində görülən işlər mal-qaranın baş sayının artmasına və heyvanların məh­suldarlığının yüksəlməsinə səbəb olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-avqust ayla­rında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 375,4 min ton ət, 1 milyon 482 min ton süd, 1 milyard 481,2 milyon ədəd yu­murta, 14,8 min ton yun istehsal olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,7 faiz, yu­murta istehsalı 11,9 faiz artıb, yun istehsa­lı isə 3 faiz azalıb. 

İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verən fer­merlər daxili bazarda məhsul bolluğuna şərait yaratmaqla yanaşı, ölkənin ixrac potensialının artırılmasında da yaxın­dan iştirak edirlər. Bütövlükdə isə, kənd təsərrüfatı məhsulları ixracının son bir neçə ildən etibarən başlayan yüksək ar­tım dinamikası bu ilin ötən dövründə də davam edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın sentyabr sayına əsasən, 2023-cü ilin yanvar-avqust ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4 faiz artaraq 593,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib his­səsində əhəmiyyətli yer tutan aqrar-sə­naye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz artaraq 132,6 milyon dollara çatıb. 

Göründüyü kimi, aqrar sahədə möv­cud potensialdan səmərəli istifadə olun­ması, əkin sahələrinin genişləndirilməsi, eləcə də heyvandarlığın inkişaf etdirilmə­si üçün göstərilən dövlət dəstəyi ölkənin ərzaq təhlükəsizliyinə və ixrac potensia­lının artırılmasına mühüm töhfələr verir. Qarşıdakı illərdə isə kənd təsərrüfatının hər il orta hesabla 4 faiz artacağı proq­nozlaşdırılır. Elə Azərbaycan Respublika­sının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında bir çox sahələrdə olduğu kimi, da aqrar sektorda müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş yerlərinin yara­dılacağı qeyd olunub. 

M.QULİYEV
XQ

İqtisadiyyat