Bakı qarışıq döyüş meydanı olacaq

post-img

Çarpışmanın əks-sədası indidən duyulur

Dünən Bakıda noyabrın 4-də başlayacaq Rizin Döyüş Federasiyasının “Landmark 7” turnirinə həsr olunmuş mətbuat konfransı keçirilib. 

Konfrans zamanı federasiyanın təsisçisi və baş icraçı direktoru Nobuyuki Sakakibara Yaponiyanın dünyaca məşhur qarışıq döyüş sənəti (MMA) təşkilatı “Rizin”in “Landmark 7” beynəlxalq turnirinin Bakıda keçirilmə­sinin tarixi hadisə olduğunu bildirib: “Turnir ilk dəfədir Yaponiyadan kənarda keçirilir və onun bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edən Bakıda keçirilməsinə çox şa­dıq. Tədbirin ərsəyə gəlməsində bizə dəstək olan təşkilatçılara – Gənclər və İdman Nazir­liyinə və Bakı Şəhər Halqası Əməliyyat Şirkə­tinə xüsusi təşəkkürümü bildirirəm. Əminəm ki, azərbaycanlı idmançıların qatıldığı turnirin öz vətənlərində keçirilməsi yerli azarkeşləri xüsusilə sevindirəcək. Burada olmaqdan çox məmnunuq və rizin həvəskarlarına unudul­maz təcrübə vəd edirik”. 

Konfransda jurnalistlərin suallarını ca­vablandıran Azərbaycan döyüşçüsü Vüqar Kərəmov rəqiblərinin həmişə güclü olduğunu bildirib. İdmançımız Bakıda təşkil olunacaq “Landmark 7” turnirində qarşılaşacağı Suzuki Çihiro üzərində qələbə qazanacağına əmin olduğunu deyib: “Rizin” təşkilatı ölkəmizə xoş gəlib. Kəməri icarəyə götürməmişəm. Doğma divarlar arasında gücümü sübut edə­cəyəm. Kəmər ən azı bir il məndə qalacaq”. 

Vüqar Kərəmovun rəqibi Suzuki Çihiro da çempionluğa iddialı olduğunu vurğulayıb: “Düşünürəm ki, döyüşüb qalib gələ bilərəm. O gücü özümdə hiss edirəm. Buraya çempi­on olmaq üçün gəlmişəm. Çox hazırlıqlıyam”. 

Azərbaycan döyüşçüsü Tofiq Musayev isə bildirib ki, öz döyüşləri ilə gənclərə örnək olmaq istəyirlər: “Rizin” döyüşündə 2019-cu ildə çempion olduqdan sonra “Bellattor”da mübarizə aparıram. Həmişə güclü rəqiblərlə qarşılaşmışam. Düşünürəm ki, karyeramı elə “Rizin” döyüşündə başa vuracağam. Maraqlı qarşılaşmalar üçün əlimizdən gələni edəcə­yik”.

Digər təmsilçilərmiz Tural Rəhimov, Meh­man Məmmədov və Nəriman Abbasov doğ­ma azarkeşlər qarşısında çıxış etməkdən fəxarət hissi duyduqlarını bildiriblər. Onlar Azərbaycandakı turnirdə maraqlı qarşılaş­maların keçiriləcəyinə və yarışın yüksək sə­viyyədə təşkil olunacağına əmin olduqlarını dilə gətiriblər. 

Sonra ənənəvi olaraq, tədbir zamanı dö­yüşçümüz Vüqar Kərəmov ilk dəfə öz rəqibi Çihiro Suzuki ilə üzləşdirilib. Üzləşmədən əvvəl soydaşımız “İstəsən döyüşdən sonra qələbə kəmərimlə şəkil çəkdirə bilərsən ”- deyə rəqibinə meydan oxuyub. Əlavə edək ki, hazırda “Rizin” kəmərinin sahibi Vüqar Kərəmov titulunu qorumağa çalışacaq. 

Konfransda turnirin bilet satışına start ve­rildiyi elan olunub. Həyəcan dolu tədbirə qa­tılmaq istəyənlər biletləri “iTicket” platforması (bilet üçün klikləyin) vasitəsilə onlayn və ya platformanın şəhərimizdəki kassalarından əldə edə bilərlər. Qeyd edək ki, biletlərin qiy­məti 50–350 AZN arasında dəyişir. Qarşılaş­maya ilk bileti yaponiyalı azarkeş alıb. 

Qeyd edək ki, Milli Gimnastika Arenasın­da təşkil olunacaq turnirdə idmançılarımız Vüqar Kərəmov yaponiyalı Çihiro Suzuki, Tofiq Musayev digər yapon Toji Takeda, Nə­riman Abbasov rusiyalı Ali Abdulxalilov, Meh­man Məmmədov ABŞ-li Castin Skoqqins, Tural Rəhimov isə cənubi koreyalı Kyun Pyu Kim ilə üz-üzə gələcəklər.

L.QURBANOVA
XQ

İdman