Hindistan “Bir kəmər, bir yol”a rəqib ola biləcəkmi?

post-img

Orta Dəhlizin üstünlükləri ona 5 milyard avro investisiya qoyulması ilə təsdiqlənib

Bu günlərdə Yeni Dehlidə keçirilən G20 sammitində Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi elan edilib. Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Fransa, Almaniya, İtaliya və Avropa İttifaqı daxil olmaqla cəmi 8 ölkə bu layihənin bir hissəsi olacağı bildirilib. Bu layihədən, eyni zamanda, İsrail və İordaniyanın da faydalanacağı vurğulanıb. 

Mumbaydan başlayacaq yeni dəhliz Çinin “Bir kəmər, bir yol” layihəsinə alter­nativ kimi fəaliyyət göstərməlidir. Ümumi uzunluğu 6 min kilometr olacaq dəhlizin, 3 min 500 kilometri dəniz marşrutu ola­caq. Bildirilir ki, dəhliz işə düşdükdən sonra Hindistandan Avropaya yüklərin daşınmasına, təxminən, 40 faiz az vaxt sərf oluna bilər.

Bu təşəbbüsün reallaşacağını za­man göstərəcək. Hazırda isə Orta Dəhliz səmərəli fəaliyyət göstərir və onun inki­şafı məqsədilə müəyyən layihələr həyata keçirilir. Məsələn, bu yaxınlarda Polşanın Karpaç şəhərində reallaşan 32-ci “Köh­nə qitənin yeni dəyərləri – Avropa dəyi­şikliklər astanasında” adlı iqtisadi forum çərçivəsində təşkil olunan paneldə Orta Dəhliz unikal coğrafi mövqeyi baxımın­dan Avropa və Asiyanı birləşdirən həyati körpü rolunu oynadığı, Mərkəzi Asiyanın resursla zəngin regionlarını Avropanın sənaye mərkəzləri ilə əlaqələndirdiyi və bu nəqliyyat platformasından regiondakı bütün ölkələrin faydalandığı diqqətə çat­dırılıb. 

Azərbaycanında “Bir kəmər, bir yol” layihəsinin reallaşmasına xüsusi əhə­miyyət verilir. Ekspertlər tərəfindən də bu marşruta səmərəli alternativin olmadığı qətiyyətlə bildirilir. 

Respublikamızın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Bakıda “Azər­baycan və Qazaxıstan arasında müna­sibətlər Qazaxıstan Prezidentinin xalqa müraciəti prizmasından” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında Orta Dəhlizin potensialının gündən-günə artdığını, Zəngəzur dəhlizinin açılması­nın isə onun gələcək inkişafı və geniş­lənməsində mühüm amil olacağını deyib. Diplomat Orta Dəhliz layihəsinin təkcə region ölkələrinin deyil, həm də xarici investorların diqqətini cəlb etdiyini vurğu­layıb. 

Bu günlərdə Qazaxıstanda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan qazaxlı həmkarı Murat Nurtlenu ilə görüşündə Orta Dəhliz layihəsini yüksək dəyərləndirərək bildirib ki, Çindən Avro­paya və əks istiqamətə daşınan yüklə­rin Orta Asiyadakı türk respublikalarının ərazisindən keçərək Transxəzər dəhlizi ilə Azərbaycana, buradan isə Türkiyə və Avropaya aparılması bu marşrutun həm səmərəlilik, həm də vaxta qənaət baxı­mından önəmini göstərir. 

Qeyd edək ki, Azərbaycan artıq bey­nəlxalq aləmdə Şərq–Qərb, Şimal–Cə­nub nəqliyyat dəhlizləri ilə yanaşı, Orta Dəhliz marşrutu ilə də mühüm mərkəz kimi tanınır. Ölkəmizin tərəfdaşları ilə bir­likdə bu nəqliyyat infrastrukturunun tam ötürücülük gücü ilə fəaliyyətini təmin et­mək üçün praktik işlər görülür. Məsələn, hökumət tərəfindən dəhlizlərin inkişafına mühüm vəsait ayrılması, respublikamız­da avtomobil və dəmir yollarının müasir səviyyədə qurulmasına xüsusi önəm ve­rilməsi, həmçinin əsaslı təmirinin aparıl­ması bunun bariz ifadəsidir. 

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) As­sosiasiyası hazırda Sinqapurla birlikdə Orta Dəhlizin rəqəmsallaşması konsepsi­yasını yaradır. Adıçəkilən assosiasiyanın baş katibi Haydar Abdikerimovun medi­aya bildirdiyinə görə, hazırda dəhlizin detalizasiyası üzrə işlər görülür və cari ilin iyunundan dəhlizə qoşulan ölkələrin (Sinqapur, Bolqarıstan və Litva) bu marş­ruta qoşulacağı nəzərdə tutulur. 

Haydar Abdikerimov bildirir ki, Orta Dəhlizin rəqəmsallaşması üzrə işlər Sinqapurun aparıcı şirkətləri ilə həyata keçiriləcək. Bu konsepsiya iştirakçılar arasında məlumat mübadiləsinin yaxşı­laşmasına, həmçinin sərhəd keçidlərinin sürətləndirilməsinə səbəb olacaq. 

Sərhəd keçidlərinin sadələşdirilmə­sindən danışan assosiasiyanın baş katibi qeyd edib ki, bu məsələ ilə bağlı Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) və BMT-nin struktur bölmələri ilə birgə la­yihələr reallaşdırılır. 

Onu da deyək ki, yaxın beş il ərzində Orta Dəhlizin infrastrukturuna və proses­lərin səmərəliliyinin artırılmasına 5 mil­yard avro investisiya qoyulacaq. Marşrut Mərkəzi Asiya istehsalçılarının Türkiyə, Şimali Afrika və Cənubi Avropa ölkələri istiqamətindəki dünya bazarları ilə inteq­rasiyasında mühüm rol oyna yacaq. 

Marşrutun əsas məqsədi isə Çin, Qa­zaxıstan kimi ölkələrdən, Xəzər dənizi ilə Azərbaycan, Gürcüstan, Türkiyə, Uk­rayna, Polşa, Rumıniya ərazisindən yük tranzitinin təmin olunmasından ibarətdir.

Burada diqqətçəkən bir məqamı da xatırlatmaq istərdik. Belə ki, Avropanın aparıcı logistika şirkətləri, xüsusən Da­nimarkanın “Maersk”, Avstriyanın “Rail Cargo Group”, Finlandiyanın “Nurminen Logistics” və Niderlandın “Rail Bridge Cargo” şirkətləri Orta Dəhlizə yüklər cəlb edir. Dünya İqtisadi Forumunun yaydığı məlumatda isə Çinlə Avropa arasında əmtəə dövriyyəsinin ildə 600 milyard dollar dəyərində qiymətləndirildiyi bildi­rilir. Həmin məlumatda, eyni zamanda, Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz ərazisindən keçən Orta Dəhlizin Çinin Sakit Okean sahilindən Avropaya ən qısa yol olduğu, Şanxaydan Avropaya yüklərin daşınmasının bu marşrutla 10 gün çəkə biləcəyi də vurğulanır. Həm­çinin belə bir səmərəliliyə malik marşrut vaxta qənaətlə yanaşı, tranzit ölkələr arasında ticarətə təkan verə, regional inteqrasiyanı möhkəmləndirə və iqtisadi diversifikasiyaya səbəb ola bilər. 

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Yeni Dehlidə keçirilən G20 sam­miti 1999-cu ildə Asiyada baş vermiş maliyyə böhranında sonra yaranıb və dünya əhalisinin 60 faizini, dünya məcmu istehsalının 80 faizini, dünya məcmu ixracının 75 faizini təşkil edən ən güclü 20 ölkənin təmsil olunduğu beynəlxalq platformadır. Daha çox qlobal iqtisadi problemləri həll et­mək istiqamətində fəaliyyət göstərir. Demək olar ki, ən azı hər il müxtəlif nazirlər və ya dövlət başçıları səviyyə­sində dünya iqtisadiyyatı qarşısında duran problemləri həll etməyə çalışır. Eyni zamanda, qlobal iqlim dəyişikli­yi və bir çox qlobal təhdidlər ilə bağlı mövzular G20 sammitinin gündəliyin­də yer alır. 

Bu dəfəki “New Delhi 2023” sam­miti yekun deklarasiyanın razılaşd­rılmasına 20 gün vaxt sərf olunması baxımından tarixdə ən çətin sammit kimi yadda qalacaq. Nəticədə isə “Böyük 20”lər platformasının təkcə təhlükəsizlik və geopolitika məsələləri üçün deyil, həm də daha çox iqtisadi problemlərin həlli məqsədilə yaradılan bir platforma olduğu hər zaman xatır­lanacaq. 

Sammitdə nəinki Ukrayna ilə bağlı fikir ayrılığı, həmçinin qlobal maliyyə arixitekturasının təkmilləşdrilməsi ilə bağlı məsələlərin, eləcə də alternativ enerji məsələlərinə keçidlə əlaqədar problemlərin səsləndirilməsi mühüm önəmi ilə yadda qalacaq. 

Bu nüfuzlu toplantıda regionu­muza aid olan bir məsələ – Səudiyə Ərəbistanı ilə ABŞ arasında sammitə qədər əldə oluan razılığa əsasən yeni beynəlxalq logistik dəhlizin əsasının qoyulması məsələsidir. Bu beynəlxalq dəhlizin Çinin müəllifi olduğu Orta Dəhlizə alternativ bir infrastruktur ola­cağı vəd edilir. Bu dəhliz rentabelli ol­duğuna görə deyil, Çinin iqtisadi inki­şafına qarşı təməli qoyulan alternativ bir dəhlizdir. Onun aktivləşməsi üçün böyük vəsait və uzun illər lazımdır. O vaxta kimi, artıq Orta Dəhliz oz fəa­liyyətini 100 faiz tam gücü ilə yerinə yetirəcək.

Geopolitik mübarizə özünü geoiq­tisadi qlobal layihələrdə göstərir. Gö­rünən isə odur ki, ABŞ və Avropa tərə­findən Çinin iqtisadi inkşafı qarşısında Hindistan dəstəklənir. Amma reallıq ondan ibarətdir ki, “Hindistan–Səu­diyyə Ərəbistanı–Avropa beynəlxalq logistik dəhlizi” Orta Dəhliz kimi qısa məsafəli deyil və rəqabətqabiliyyətliliyi inandırıcı görünmür.

V. BAYRAMOV
XQ



İqtisadiyyat