Azərbaycan qlobal ərzaq təhlükəsizliyi müzakirəsində

post-img

Özbəkistanın Səmərqənd şəhərində ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfrans keçirilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi, Özbəkistan hökumətinin təşkilatçılığı ilə keçirilən bu mötəbər beynəlxalq tədbirdə 30-dan çox ölkənin rəsmiləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, elmi-tədqiqat müəssisələrinin mütəxəssisləri və ekspertlər iştirak ediblər. 

Beynəlxalq tədbirdə Azərbaycanı kənd təsərrüfatı naziri Məcnun Məmmə­dov təmsil edib. Kənd Təsərrüfatı Nazirli­yinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən XQ-yə bildirilib ki, plenar iclasda çıxış edən Məcnun Məm­mədov dayanıqlı aqrar qida sistemləri­nin yaradılmasında kənd təsərrüfatının rəqəmsallaşdırılması, eləcə də qabaqcıl texnologiyalar və ən yaxşı təcrübələrin tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi­ni diqqətə çatdırıb. Nazir əhalisinin sayı daim artan dünyada ərzaq təhlükəsiz­liyinin təmin edilməsi üçün aqro-ərzaq sistemlərinin transformasiyasının vacib olduğunu bildirib. 

Azərbaycan hökumətinin kənd təsər­rüfatında rəqəmsallaşmaya xüsusi önəm verdiyini vurğulayan nazir deyib ki, tor­paqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ bölgə­sini “yaşıl enerji” zonası elan edib. Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərdə inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata ke­çirilir. 

M.Məmmədov, onu da bildirib ki, bu ərazilərdə kənd təsərrüfatı ən yaxşı tex­nologiya və təcrübələri özündə birləş­dirən “ağıllı kənd” konsepsiyasına əsasən inkişaf etdiriləcək. O deyib ki, bu hədəf FAO-nun müxtəlif ölkələrdə kəndlərin rəqəmsallaşma yolu ilə gələcəkdə “ağıllı kənd”ə çevrilməsi planına uyğun gəldi­yindən Azərbaycan bu istiqamətdə sıx əməkdaşlığa hazırdır. Azərbaycanın kənd təsərrüfatı naziri çıxışının sonunda bütün bunlarla yanaşı, digər strateji təşəbbüs­lərə qoşulan ölkəmizin beynəlxalq platfor­malarda da effektli əməkdaşlığı dəstəklə­diyini diqqətə çatdırıb. 

Səmərqənd konfransında ərzaq təh­lükəsizliyinin, kənd təsərrüfatının daya­nıqlı inkişafının təmin edilməsi ilə yanaşı, ətraf mühitin, eləcə də torpaq və su re­surslarının qorunması, innovasiyaların kənd təsərrüfatının müxtəlif sahələrinə tətbiqi məsələsinin müasir dövrün ən ak­tual çağırışlarından olduğu vurğulanıb. 

Konfrans işini mövzu ətrafında panel sessiyalarla davam etdirib. Daha sonra tədbir iştirakçıları “Özbəkistan aqro-ərzaq investisiya forumu”nda iştirak edib, “Öz­bəkistanın aqro-ərzaq potensialı” sərgi­sinə baş çəkib, sərgidə nümayiş olunan kənd təsərrüfatı texnikaları, qida sənaye­sinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdı­rılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullara baxış keçiriblər.

Xatırladaq ki, ölkəmiz 20 oktyabr 1995-ci il oktyabrın 20-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına üzv olib. BMT-nin ixtisaslaşmış qurumu olan FAO Azərbaycanda milli, regional və qlobal səciyyəli layihələr həyata keçirir. Həmin layihələr, əsasən, kənd təsərrüfatının in­kişafı, ərzaq təhlükəsizliyinin gücləndiril­məsi, potensialın artırılması, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklə­rinə qarşı mübarizə, təchizat və digər mü­vafiq sahələrdə texniki yardımları nəzər­də tutur.

Qurumun layihələri Azərbaycan hö­kumətinin prioritetləşdirilmiş ehtiyaclarına dair müraciətlərinə uyğun olaraq texni­ki əməkdaşlıq proqramlarına əsaslanır. 2009-cu ildən etibarən FAO kənd təsər­rüfatının inkişafı sahəsində ölkəmizə yar­dım proqramının hazırlanması prosesinə başlayıb. Bu məqsədlə Azərbaycan üçün 2016-2020-ci illər üzrə FAO-nun Milli Orta-müddətli Prioritetlər üzrə Çərçivə Sənədi hazırlanıb. Hazırda həmin sənəd Azərbaycanın prioritetlərinə uyğun olaraq müntəzəm surətdə yenilənməkdədir. Sö­zügedən sənəd hökumətin mövcud milli siyasəti və planları çərçivəsində kənd təsərrüfatı üzrə inkişaf prioritetlərinin hə­yata keçirilməsində FAO-nun Azərbayca­na müvafiq sahələrdə və müəyyən olmuş səviyyədə xidmətlər göstərməsini nəzər­də tutur. Sənəd ölkədəki vəziyyətin qısa təhlili və növbəti 3-4 il müddətində FAO-nun ölkəyə yardımı üçün prioritet tədbir­lərdən ibarətdir.

2015-ci ildə FAO-nun Bakıda Tərəf­daşlıq və Əlaqələndirmə Ofisi təsis edil­dikdən sonra paytaxtımız qurumun bir sıra tədbirlərinə evvsahibliyi edib. Bu baxımdan 19-20 aprel 2012-ci il tarixlərin­də Bakı şəhərində FAO-nun 28-ci Avropa Regional Konfransını, 17-18 aprel tarixlə­rində Kənd Təsərrüfatı üzrə Avropa Ko­missiyasının 37-ci sessiyasını, eləcə də 16 aprel tarixində FAO və qeyri-hökumət təşkilatlarının Avropa üzrə regional müşa­virəsini qeyd etmək olar. 

Yeri gəlmişkən, FAO təşkilatına üzv olduğu müddətdə Azərbaycan hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırıl­ması məqsədilə müxtəlif inkişaf və fövqə­ladə hallara hazırlıq layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çə­tinliklərin müsbət həlli üçün qurumdan dəstək alıb. FAO-nun əsas məqsədi Azər­baycanda qida məhsullarının və tullantı­ların idarə olunması sahəsində layihələrə dəstəyə yönəlib. Ötən müddətdə tərəflər aqrar sahədə 60-dan yuxarı layihə real­laşdırıb, xüsusən də ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən, qida təhlükəsizliyi yaxşılaşdırılıb.

Hazırda isə FAO tərəfindən Azər­baycanda 21 layihə həyata keçirilir. Ölkəmizdə kənd təsərrüfatının mühüm sahələrindən sayılan heyvandarlığın və balıqçılıığın inkişaf etdirilməsi, fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi, milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi, sağlam toxumluq kar­tof istehsalı üzrə milli sistemin yaradıl­ması, pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdiril­məsi, kənd təsərrüfatının davamlı inkişa­fı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi və digər layihələr bu baxımdan maraq do­ğurur. 

2023-cü ilin sonunadək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın ikin­ci mərhələsi üzrə saziş imzalanacaq. FAO-nun Azərbaycan nümayəndəsinin müavini Bariz Mehdiyevin bildirdiyinə görə, tərəflər 2025-ci ilədək əməkdaşlıq çərçivəsində doqquz prioritet istiqamət üzrə iş aparırlar. Bütövlükdə isə, qurum Azərbaycan hökuməti ilə kənd təsərrüfa­tı sahəsinin prioritet inkişaf istiqamətləri üzrə əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindədir. 

 

Mirbağır YAQUBZADƏ

XQ

İqtisadiyyat