Dəniz suyu ölkəmizdə də şirinləşdirilir

post-img

İndiyədək 6 milyon kubmetr su duzsuzlaşdırılıb

Dövlət Su Ehtiyatları Agentliyi sentyabrın 8-də İsrailin “Mekorot Water Company” şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması la­yihəsi üzrə müqavilə imzalayıb. 

İmzalama mərasimində Prezident İlham Əliyevin bu il ap­relin 12-də imzaladığı sərəncamla Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsin­də pilot layihənin icrasına başlanıl­dığı və Xəzər dənizinin suyunun emalı sahəsində İsrail şirkətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət ve­rildiyi xatırladılıb. 

Əslində, Bakı şəhərinin və ət­raf ərazilərin su təminatının yaxşı­laşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə­nin həyata keçirilməsi dövlətimizin başçısının 2020-ci il 27 iyul tarix­li sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədi daşıyır. 

Onu da deyək ki, su təhlükə­sizliyi ölkəmizin daim diqqətdə saxladığı prioritet istiqamətlərdən biridir. Bunu xüsusilə respublikamı­zın məhdud su ehtiyatlarına malik ölkələr sırasında yer alması faktı şərtləndirir. Belə ki, hesablamala­ra əsasən, Azərbaycanın yerüstü su ehtiyatı orta illik 32,3 milyard kubmetrdir. Quraqlıq vaxtlarda isə bu göstərici 23 milyard kubmetrə qədər azalır. Yeraltı içməli su mən­bələrində isə 23 milyard 765 milyon kubmetr/gün su ehtiyatı var. Ölkədə adambaşına orta illik 3 min 800 ku­bmetr su düşür.

Beləliklə, ərazinin hər kvadrat kilometrinə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstə­ricisinə görə, Azərbaycan Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümu­mi su ehtiyatının (310 milyard kub­metr) 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, yalnız 10 faizi Azər­baycanın payına düşür. 

Diqqətə yönəldilən bütün bu göstəricilər respublikamızda su qıtlığının mövcudluğundan xəbər verir və dəniz suyunun duzsuzlaş­dırılması zəruriliyini önə çıxarır. Ümumiyyətlə, ölkədə suya tələbatın getdikcə artması, bir sıra hallarda isə sudan qeyri--səmərəli istifadə, eləcə də su itkiləri, nəticədə bəzi regionlarda suvarma dövründə ya­ranan su çatışmazlığı alternativ su mənbələrindən istifadə ilə bağlı təd­birlər həyata keçirilməsini şərtləndi­rir. Dövlət Su Ehtiyatları Agentliyi ilə İsrailin “Mekorot Water Company” şirkəti arasında dəniz suyunun duz­suzlaşdırılması layihəsi üzrə müqa­vilə imzalanması da buradan irəli gəlir. 

İsrailin “Mekorot Water Com­pany” şirkətinin Azərbaycanda də­niz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına cəlb olunması isə bu su operatorunun sözügedən sahədə ixtisaslaşması, mövcud sahədə zəngin təcrübə qazanma­sı ilə bağlıdır. Hazırda adıçəkilən şirkət və onun törəmə müəssisələ­rinin dünyanın bir sıra dövlətləri ilə birgə dəniz suyunun duzsuzlaşdırıl­ması, eləcə də suyun idarə edilməsi sahəsində əməkdaşlığı diqqət çəkir. 

Dəniz suyunun duzsuzlaşdırıla­raq içməli hala gətirilməsi isə res­publikamızda ilk belə təcrübə deyil. Bundan əvvəl də ölkəmizdə müva­fiq pilot layihə reallaşdırılıb, dəniz suyunun duzsuzlaşdılması ilə bağlı təşəbbüs gerçəkləşdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2012-ci ildə 50-70 minlik bir şəhəri içməli su ilə təmin etmək gücünə hesablanan müəssisə Salyan rayonunun Xıdırlı kəndində istifadəyə verilib. Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi adlanan bu zavod dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən tərs os­mos membranları ilə təchiz olunub. Burada ilk mərhələdə ehtiyaclar nəzərə alınaraq dəniz suyundan sutkada 1000 kubmetr şirin su is­tehsal etmək üçün avadanlıq quraş­dırılıb. 2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri apar­madan 2 dəfə artırılaraq sutkada 2 min kubmetrə çatdırılıb. 

Kompleksdə dəniz suyu 12 ki­lometr məsafədən götürülür və ilkin çökməyə məruz qalan su sonradan nasoslar vasitəsilə anbarlara vuru­lur, oradan da qidalandırıcı nasos­larla filterlərə ötürülərək təmizlənir. Bundan sonra da yenidən mikron filterlərindən keçirilir. Ölçüsü 5 mikrondan böyük nə varsa hamısı orada çökür və yüksək təzyiq na­sosu ilə duz sudan ayrılır. Beləliklə, zavodda təmizlənən sudan həm içmək, həm də yaşıllıqların suvarıl­ması üçün istifadə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, müəssisədə gələcəkdə az məsrəfli əlavə işlər görməklə alınan təmiz suyun həcmini 20 min kubmetrədək çatdırılmasına imkan verəcək mü­vafiq infrastruktur yaradılıb. Dəniz­dən suyun götürülməsi üçün uzun­luğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilib.

Bundan başqa, 2012-ci ildə Şir­van kollektorunun suyunun duzsuz­laşdırılaraq suvarılmaya yararlı və­ziyyətə gətirilməsi üçün sutkada 2 min 500 kubmetr gücündə qurğu da işə salınıb. Dəniz suyunun duzsuz­laşdırılması zavodunda və Şirvan kollektorunun suyunun duzsuzlaş­dırılması qurğusunda indiyədək 6 milyon kubmetrdən artıq su istehsal edilib. 

Hazırda bu sulardan yararlı su­yun məhdud olduğu ətraf ərazilərdə salınan 700 hektar yaşıllıqların, o cümlədən zeytun bağlarının və ildə 1 milyondan artıq əkin materialı ye­tişdirilən tinglik sahələrinin suvarıl­masında istifadə olunur.

Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert

Azərbaycanda sudan istifadə edərkən israfçılığa yol verilir. Bu fikrin təsdiqi üçün bir müqayisə aparmağı zəruri bilirəm. Belə ki, indi dəniz suyunun duzsuz­laşdırılması üçün respublikamı­za gələn israilli mütəxəssilərin ölkəsində illik kənd təsərrüfatı məhsullarının istehsalına cəmi 1,2 milyard kubmetr suvarma suyu işlədilir. Azərbaycanda isə bu göstərici il ərzində 12 milyard kubmetr təşkil edir. Bu müqa­yisədən belə nəticəyə gəlmək olur ki, ölkəmiz suya olan tələ­batını İsrailin suya olan tələbatı qədər aşağı endirə bilər. Bunu bayaq vurğuladığım kimi, res­publikamızda su itkilərinin qar­şısını almaqla gerçəkləşdirmək mümkündür. 

Hesablamalara əsasən, bil­dirim ki, Azərbaycanda işlədilən həmin 12 milyard kubmetr suyun 70-80 faizi itkiyə gedir. Halbu­ki ölkəmiz İsraillə müqayisədə daha az kənd təsərrüfatı məh­sulu istehsal edir və suyu dost ölkə ilə müqayisədə, təqribən, 10 dəfədən çox işlədir. 

Bu müqayisəyə əsaslanıb qeyd edə bilərəm ki, dəniz suyu­nun duzsuzlaşdırılması ilə bəra­bər, su itkilərinin qarşısını almaq, bu istiqamətdə zəruri tədbirlər həyata keçirilməli, suyu mən­bədən istifadə olunan ərazilərə itkiyə, israfçılığa yol verilmədən çatdırmaq əsas vəzifə olmalıdır.

Bu baxımdan İsrailin su eh­tiyatlarının idarə edilməsi üzrə təcrübəsini Azərbaycanla bölüş­məsi təqdirəlayiq haldır. Dost ölkə bu sahədə zəngin təcrü­bəyə malikdir. İsrail su ehtiyatları və sistemlərinin idarə edilməsi sahəsində geniş təcrübəyə ma­likdir. Bundan başqa, İsrailin su­varma sistemlərinin yaradılması sahəsində fəaliyyət göstərən şirkətləri var. Mövcud su ehtiyat­larını itirməmək, həmçinin dəniz suyunu içməli suya çevirmək zə­ruri əhəmiyyət kəsb edir. 

Suyun emalı və kənd təsər­rüfatı sahəsində istifadə edilmə­si son dərəcə zəruri bir məsələ­dir. İsraildə əkin sahələrinin 80 faizi emal edilmiş su ilə suvarılır. Bu, dünyada ən yüksək göstəri­cidir. Emal edilmiş sudan istifadə kənd təsərrüfatı sahəsində bö­yük imkanlar yaradır.

V.BAYRAMOV
XQ





İqtisadiyyat