Dünya bazarında neftin qiymətinə geosiyasi faktların təsiri tələb-təklif prinsipindən daha çoxdur

post-img

Səudiyyə Ərəbistanı ilə Rusiyanın neft hasilatının azaltmaq haqqında razılıq əldə etdikdən sonra dünya bazarında neftin qiyməti yüksəldi. Dünya bazarında neftin qiymətinin yüksək olması hər iki dövlətin maraqlarına uyğundur.

“Geopolitika.news” saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə Rusiya neft ixracatçısı olan dövlətlərin birləşdiyi OPEK təşkilatında dominant rola malikdirlər və məhz bu iki dövlətin neft hasilatının azaldılması haqqında razılığı dünya bazarında neftin 1 barelinin qiymətinin 90 dollara qədər artmasına səbəb olub. Hər iki dövlət neftin qiymətinin yüksək həddə qalmasına çalışırlar və buna hələlik nail olublar.

Qərbin iqtisadi sanksiyaları ilə üzləşən Rusiya üçün dünya bazarında neftin qiymətinin baha olması olduqca faydalıdır. Ukraynada müharibə aparan Rusiya büdcəsini məhz neft gəlirləri hesabına doldurur. Səudiyyə Ərəbistanının da büdcə gəlirlərinin əsasını neft satışından əldə olunan valyuta təşkil edir.

Bununla yanaşı neftin qiymətinin yüksəlməsinə geosiyasi faktorlarda təsir göstərir. Qeyd etmək lazımdır ki, Vaşinqton ilə Tehranın pərdəarxası razılaşmasına görə İran sutkada 3 milyon barel neft hasil edə bilər. Bu razılaşmaya qarşı da Rusiya ilə Səudiyyə Ərəbistanı birgə addım ataraq neftin qiymətinin artmasına nail oldular ki, bu da ABŞ və Prezident Cozef Bayden üçün qəbuledilməzdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, gələn il ABŞ-da prezident seçkiləri keçiriləcək və C. Bayden ikinci dəfə seçilmək qərarına gəlib. Neftin qiymətinin artması ilə ABŞ-a inflyasiyanın və qiymətlərin artması ilə müşahidə olunur. Son illər ABŞ-da istehlak mallarının qiyməti 5 faiz artıb ki, bu da əhalinin sosial vəziyyətinə mənfi təsir göstərib. Seçki ərəfəsində əhalinin sosial vəziyyətinin pisləşməsi yalnız C. Baydenin deyil, ümumilikdə ABŞ siyasi elitasının siyasi fəaliyyət perspektivinə kölgə salır. ABŞ məhz elə inflyasiyanın qarşısı almaq məqsədi ilə son 40 ildə ilk dəfə olaraq İran ilə müəyyən razılıq əldə etdi. İqtisadi vəziyyəti heç də ürəkaçan olmayan İran ABŞ-ın maraqlarına uyğun addım atmaq məcburiyyətində qaldı.

Göründüyü kimi neftin qiymətinə geosiyasi faktların təsiri, bazar iqtisadiyyatının əsasını təşkil edən tələb və təklif prinsipindən daha çoxdur.

Qərbin böyük investisiyalar sərf edərək alternativ enerji mənbələrini inkişaf etdirməyə çalışsa da dünya hələ uzun müddət qara qızıldan istifadə edəcək ki, bundan da qlobal dövlətlər siyasi məqsədlər üçün istifadə edəcəklər.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak bəyan etdi ki, Rusiya dünya bazarında “sabitliyi” qorumaq üçün neft hasilatını gündəlik 300 min barel azaldacaq. Səudiyyə Ərəbistanı ilə anlaşmadan sonra Rusiya Baş nazirinin bu bəyanatı London birjasında qiymətlərin tez bir zamanda yüksəlməsinə səbəb oldu.

London birjasında “Bernt” markalı neftin bir barelinin qiyməti 88, 6 dollardan 90, 21 dollara qalxdı. ABŞ birjalarında isə WTI markalı neftin bir barelinin qiyməti birdən birə 1, 59 dollar həcmində artaraq 87,14 dolara yüksəldi.

Qeyd edək ki, Azərbaycan da neft hasil edən ölkədir və dünya bazarında neftin qiymətinin artması ölkəmizin maraqlarına uyğundur. Hazırda dünya bazarında Azərbaycan istehsalı olan “Azəri laght” markalı neftin bir barelinin qiyməti 97,06 ABŞ dollarına satılır.

İqtisadiyyat