Məhsuldar buğda sortları yaradılır

post-img

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda respublikamızda quraqlığa davamlı, məhsuldar buğda sortlarının yaradılması üzərində iş aparılır. 

Bununla bağlı institutdan XQ-yə ve­rilən məlumatda müəyyən bir sortun formalaşması, rayonlaşması və fermer təsərrüfatına inteqrasiya edilməsinin 15 ilə başa gəldiyi qeyd edilir: “Bu isə, dün­yada baş verən qlobal iqlim dəyişikliyi fonunda tələbatı ödəməyə imkan vermir. Məsələn, 2023-cü ildə sortların yaradıl­ması istiqamətində başladığımız iş 2035-ci ilə qədər davam edəcək”.

Hazırda adıçəkilən elmi–tədqiqat ins­titutunun qarşısında duran əsas vəzifə quraqlığa davamlı, vegetasiya müddə­ti qısa olan sortlar yaratmaqdır. Bu is­tiqamətdə elmi-tədqiqat işləri davam edir. Çünki bitkinin yetişkənlik mərhələsində günəşli günlərin sayı daha yandırıcı, yəni 40-50 dərəcə olduğu üçün yetişmə zamanı problemlər yaşanır. Ona görə də institutda vegetasiya müddəti qısa olan, iyunun ortalarına qədər tam yetişkənlik dövrünü başa vura bilən yeni sortların ya­radılmasına üstünlük verilir. 

Düzdür, bu gün tez yetişən sortlar var, lakin onlar bütün ölkə ərazisində əkil­mir. Məsələn, Şəki–Zaqatala bölgəsində əkilən sortla, Quba–Xaçmazdakı yetişdi­rilən sort arasında fərqlər var. Bu baxım­dan hər bir bölgəyə xas sortların yara­dılması hazırda elm qarşısında dayanan məsələdir. Təbii ki, bu, klassik metodlarla deyil, biotexnologiyadan istifadə etməklə gerçəkləşir. 

Qardaş Türkiyənin Akdeniz Universi­teti ilə əməkdaşlıq nəticəsində institutda molekulyar laboratoriya qurulub. Bunun sayəsində bir sortun 15 ilə yox, molekul­yar səviyyədə 5-6 ilə yaradılması nəzərdə tutulub. Yeni sortlar daha çox məhsuldar­lığı ilə diqqət çəkəcək. Başqa sözlə, indi 30-35 sentner olan orta məhsuldarlıq 40-45 sentnerə çatdırılacaq. 

Azərbaycan seleksiyasına aid “Qızıl buğda”, “Şəfəq-2”, “Fatimə”, “Günəşli”, “Fərəhim”, “Abşeron”, “Ləyaqətli-80”, “Pərvin”, “Xəzri”, “Gilavar”, “Əsgəran” kimi yumşaq, “Zəngəzur”, “Rəvan”, “Dərələyəz”, “Göytəpə” kimi bərk buğda sortları hazırda dövlət reyestrinə daxil edilib və istehsalatda istifadəsinə icazə verilib. Ölkəmizdə buğdanın məhsuldar­lığı dəmyədən və suvarmadan asılı olan sahələr var: Dəmyə ərazilərində nəmişlik­lə təmin edilmiş və edilməmiş yerlər möv­cuddur. Dəmyə ərazilərində yağıntının normaya uyğun yağması məhsuldarlığa müsbət təsir göstərir. Çünki bu ərazilər­də məhsuldarlıq suvarmadan deyil, yağış hesabına formalaşır. 

Bu il quraq dəmyə ərazilərinin 40-50 min hektarında biçin keçirilməyib. Bu, bit­kinin inkişaf mərhələsində yağıntılı günlə­rin azlığı ilə bağlı olub. Suvarılan sahələr­də isə məhsuldarlıq 35 sentnerdən 80 sentrnerə yüksəlib. 

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun məlumatında bildirilir ki, istehsal həcm­ləri Nazirlər Kabinetinin qərarı ilə müəy­yənləşdirilən kvotaya uyğunlaşdırılmalı­dır. Kvota 1700-1800 ton toxum civarında olur, bunun 1200 tonu institut və onun tabeliyindəki qurumlar tərəfindən yerinə yetirilir. 

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda ölkədə elit toxum istehsalının 60-70 faizə çatdırılmasının mümkünlüyü vurğulanır. Eyni zamanda, böyük təsərrüfatların ya­radılması və onlarda elit toxum istehsal olunması planlaşdırılır. Hazırda bununla bağlı yeni bir sistem qurulur. Fermerlərin tələbinə cavab verən, yüksək məhsuldar­lığı olan sortlardan 400 min sünbül top­lanılıb. Məqsəd kvotadan kənar ehtiyacı ödəməkdir. Yaxın 2-3 il ərzində elit toxum­lara tələbatın 70–80 faizinin daxili isteh­sal hesabına ödəniləcəyi nəzərdə tutulur. 

Azərbaycan Toxumçular Assosiasi­yasının sədri Mədinə Əliyeva da yüksək məhsuldar taxıl üçün düzgün toxum se­çiminin önəmi barədə bəhs edir: “Sahəyə yüksəkkeyfiyyətli toxumların səpilməsi məhsuldarlığın artırılmasında mühüm şərtdir. Toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alın­maqla gübrələnməli, səpin optimal müd­dətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır. Sahədən qəbul olunmuş toxum materialını səpinə hazırlayarkən onun təmizlənməsi, quru­dulması, sortlaşdırılması və dərmanlan­ması işləri ardıcıllıqla yerinə yetirilməlidir”.

Assosiasiyanın sədrinin sözlərinə görə, bioloji xüsusiyyətlərinə görə, tor­paq–iqlim şəraitinə uyğun rayonlaşdırıl­mış taxıl sortlarından istifadə məhsuldar­lığı xeyli artırır. Ona görə də taxıl əkininin yerli torpaq–iqlim şəraitinə uyğun sortlar­la keçirilməsi daha məqsədəuyğundur. Əkiləcək torpaq sahələrinin təsnifatına, həmçinin sələfinə görə düzgün seçil­məsi də məhsuldarlığın artmasına təsir göstərən amillərdəndir. Toxumlar sortluq və əkin keyfiyyətlərinə görə, qiymətlən­dirilir. 

Səpin keyfiyyətinə isə təmizliyi, cücər­məsi, cücərmə enerjisi, rütubətliliyi, 1000 dənin çəkisi, ziyanverici və xəstəliklərə davamlılığı kimi amillər daxildir. Toxumla­rın təmizliyi əsas bitki toxumlarının analiz üçün götürülmüş toxum çəkisinə nisbətən qarışıqların çəkisi ilə xarakterizə olunur. Standarta görə, əsas bitki toxumunun tə­mizliyi 97 faizdən az olmamalıdır.

Toxumlar səpin keyfiyyətinə görə ka­teqoriyalara bölünür. Məsələn I sinfin tə­mizliyi 99 faiz, cücərməsi 95 faiz, II sinfin­ki 98 faiz və 92 faiz, III sinfinki 97 və 90 faiz. Əkin keyfiyyətinə görə I, II və III sinfə aid toxumlar kondisiyalı toxumlar adlanır.

Toxumun dərmanlanması mütləq və zəruri tədbirlərdəndir. Onun bütün şəxsi təsərrüfatlarda həyata keçirilməsi va­cibdir. Dərmanlanma zamanı təhlükə­sizlik tədbirlərinə ciddi əməl olunmalıdır. Toxumların cücərmə qabiliyyəti də yüksək olmalıdır. Cücərmə qabiliyyəti 85 faizdən aşağı olan toxumlar səpin üçün yararsız sayılır. Toxumların rütubətliliyi quru toxu­mun çəkisinə nisbətən faizlə ifadə olunur.

Azərbaycan Toxumçular Assosiasi­yası fermerlərə çağırış edərək bildirir ki, yüksək məhsuldarlıq əldə etmək üçün, ilk növbədə, düzgün toxum seçimi, toxumun təmizliyi, cücərdilmə qabiliyyətinin yüksək olması, həmçinin sertifikatlı olması əsas şərtlərdən biridir.

XQ

İqtisadiyyat