Ehtiyac artdıqca mənzilə, kirayə haqqı qalxır zilə

post-img

Azərbaycanda kirayə mənzillərin bahalaşması və ya qiymətlərin aşağı düşməsi, əsasən, mövsümi xarakter daşıyır. Kirayə mənzil bazarında qiymətlərin dəyişməsi yay mövsümü üçün daha xarakterikdir. Bu da əsasən, tədris prosesinin başa çatması, eləcə də paytaxt Bakıya və regionlara turist axınının güclənməsi ilə bağlıdır. Bu baxımdan, ev-alqı-satqısı ilə məğul olanların, kirayə mənzillərin tapılmasında vasitəçilik edənlərin bir qismi yay fəslini fürsət hesab etsə də, bəziləri “iş yoxdur”– deyə gileylənirlər. 

Son illər kirayə bazarında, bir qayda olaraq, kəskin qiymət artımı baş verir. Ən yüksək artım isə, ənənəvi olaraq, şəhərin mərkəzi hissəsində müşahidə edilir. Bu ərazilərdə 2 otaqlı mənzilin 1 aylıq kirayə­si 600-800, hətta bəzi hallarda 1000 ma­nata qədər qalxır.

Paytaxtətrafı ərazilərdə isə qiymətlər münasib olsa da, son zamanlar həmin evlərə də tələbatın artması qiymətlərin artmasını qaçılmaz edir. Əmlak sahəsin­də çalışan ekspertlər bunu müxtəlif amil­lərlə izah edirlər. Belə ki, bəzi ekspertlərin fikrincə, son illər bölgələrdən paytaxta iş dalınca gələnlərin sayının kifayət qədər çox olması kirayə mənzillərə tələbatı get­dikcə artırır. Bəziləri isə hesab edirlər ki, il yarımdır davam edən Rusiya–Ukrayna müharibəsi Azərbaycanın, xüsusən də paytaxt Bakının kirayə mənzil bazarına təsirsiz ötüşməyib. Onların fikrincə, ötən müddətdə hər iki ölkədən geri qayıdan soydaşlarımızın sayının artması kirayə mənzillərə tələbatı xeyli yüksəldib. Bu­nunla belə, yayın əvvəllərindən etibarən ali məktəblərdə tədris prosesinin yekun­laşması ilə əlaqədar kirayədə yaşayan tələbələrin paytaxtdan rayonlara dönməsi mənzillərə tələbatı bir qədər azaldır. Bu da kirayə mənzillərin ucuzlaşmasına sə­bəb olur. 

Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Əvvəlki illərdə kirayədə yaşayan tələbələrin geriyə dönüşü, elə­cə də bu il ali məktəblərə qəbul olunan gənclərin ev axtarışına çıxması paytaxtın kirayə mənzil bazarında yenidən can­lanmaya səbəb olub. Bazarda isə kirayə mənzillərin sayı kifayət qədər olmadı­ğından tələb təklifi üstələməyə başlayıb. Bu səbəbdən də indi, necə deyərlər, bazarın ağzı yuxarıdır. Yeri gəlmişkən, mənzillərini kirayəyə vermək istəyənlərin əksəriyyəti ailələrə üstünlük verməsi də tələbələrin ev tapmasını xeyli çətinləşdi­rir. Bu problemin aradan qaldırılmasının yeganə yolu isə tələbə yataqxanalarının tikilib istifadəyə verilməsidir. Düzdür, son illər paytaxtda və bölgələrdə bəzi özəl ali təhsil müəsisələri tərəfindən bu sahədə müəyyən addımlar atılıb. Amma ölkədə olan tələbə sayına görə yataqxanalar olduqca azdır. Ekspertlərin fikrincə, yeni tikiləcək yataqxanalardakı mənzillər tələ­bələrə kirayəyə verilərsə, bu, onların ev probleminin həlli ilə yanaşı, həmin bina­ları inşa etdirən ali təhsil müəssisələrinə də müəyyən dövrdən sonra əlavə gəlirlər gətirəcək.

Yeri gəlmişkən, bugünlərdə Nazirlər Kabineti tərəfindən “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təs­diq edilməsi haqqında” 1 iyul 2010-cu il tarixli qərarında edilən dəyişikliyi ölkənin kirayə mənzil bazarında bir yenilik kimi dəyərləndirmək olar. Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, bundan sonra çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə ya­naşı, kirayəçilər də iştirak edə biləcəklər. 

Elnur FƏRZƏLİYEV,
əmlak məsələləri üzrə ekspert

Hər il ənənəvi olaraq avqust ayı­nın sonlarından başlayaraq sentyab­rın ortalarınadək bölgələrdən paytaxt Bakıya və digər iri şəhərlərə minlərlə tələbə üz tutur. Otən illərə nəzər sal­dıqda görürük ki, əvvəllər Bakı şəhə­rində kirayəlik mənzillərin sayı daha çox və qiymətləri nisbətən əlçatan olsa da, hazırda əmlak bazarında, xüsusən də kirayə bazarında ciddi qiymət artımı müşahidə olunur. Bu­nunla yanaşı, kirayə mənzillərin sayı da gündən-günə azalaraq məhdudla­şır. Bunun da əsasə səbəbi 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt Bakıda istismar müddətini bitirmiş və qəzalı vəziyyətə olan binaların sökülməsi ilə əlaqədardır. 

Söküntü səbəbindən bugünədək çoxsaylı hündürmərtəbəli yaşayış bi­naları və fərdi həyət evlərindən ibarət yaşayış massivlərinin yerində yeniləri salınıb. Məlum olduğu kimi, hər bir çoxmərtəbəli binanın sökülməsi isə həmin binalardakı kirayəlik mənzil­lərin kirayə bazarından çıxması ilə nəticələnir. Digər tərəfdən, həmin binalarda yaşayan sakinlər sökülən binalarının yerində yenisinin tikilib on­lara təhvil verilməsinədək kirayədə qalmalı olurlar. Bu müddət isə, təq­ribən, 2-3 ilədək davam edir. Bu da mərkəz və yaxın ərazilərdə nisbətən ucuz qiymətə olan kirayəlik mənzillə­rin sayının məhdudlaşmasına səbəb olur. Buna görə də həmin ərazilərdə kirayə mənzil tapmaq çətinləşdiyin­dən tələbələr məcburən payatxtətrafı kəndə və qəsəbələrə üz tuturlar. Ətraf ərazilərdəki kirayə mənzillərin qiyməti mərkəzə nisbətən isə daha ucuzdur. Bununla belə, kənar ərazilərdə ki­rayəlik mənzillər götürmək tələbələr üçün vaxt itkisinə və əlavə xərclərə səbəb olur. Bu da onların büdcəsinə öz mənfi təsirini göstərir.

Ötən əsrin 90-cı illərinin əvvəllə­rinədək bütün ali təhsil müəssisələ­rinin hər birinin öz yataqxanaları var idi. Lakin Birinci Qarabağ müharibə­sindən sonra məcburi köçkünlərin bir hissəsi də tələbə yataqxanalarında sığınmalı oldular. dılar. Artıq yataqxa­nalarda məskunlaşmış məcburi köç­künlərin böyük əksəriyyəti dövlət tərə­findən mənzillə təmin olunub, onlar üçün şəhərciklər salınıb. Digər tərəf­dən, uzun illər işğal altında qalmış torpaqlarımız düşməndən geri alınıb. Hazırda həmin ərazilərdə tikinti-bərpa işləri sürətlə davam edir, yeni kənd və qəsəbələr salınır, şəhərlərimiz bərpa olunur. Bu da məcburi köçkünlərimi­zin mərhələli şəkildə öz yurdlarına qayıtması üçün imkan yaradır. 

Hazırda köhnə yataqxanaların bö­yük əksəriyyəti qəzalı vəziyyətdə ol­duğundan həmin binalarda yaşamaq mümkün deyil. Düşünürəm ki, tələ­bələrin kirayə mənzil probleminin həlli üçün birmənalı olaraq köhnə yataqxa­nalar sökülərək onların yerində daha müasir, daha yeni hündürmərtəbəli yataqxanalar tikilməli, tələbə şəhər­cikləri salınmalıdır. Bu, tələbələrin problemini arada qaldırmağa imkan yaratmaqla bərabər, həm də paytaxt ərazisində kirayə mənzilləri əlçatan edər. 

Digər tərəfdən, sökülən binaların sayı gündən-günə artır. Yeni tikilən binalarla köhnə binalardakı mənzillə­rin kirayə qiymətləri arasında, demək olar ki, iki dəfəyə yaxın fərq var. Bu da onu deməyə əsas verir ki, yaxın 10 il ərzində artıq paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərindəki köhnə çoxmənzilli binalar sökülərək yeniləri ilə əvəzləndikcə kirayə mənzillər də indikindən, demək olar ki, iki dəfəyə yaxın daha baha qiymətlərə təklif olu­nacaq. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat