Koreya yarımadasında “hərarət” artır

post-img

Pxenyanın hərbi fəallığının arxasında nə gizlənir?

Son həftələr Koreya yarımadasındakı gərginlik 1953-cü ildə Şimal və Cənub arasında hərbi əməliyyatların bitməsindən bəri ən yüksək həddə çatıb. Şimali Koreya lideri Kim Çen In orduya “müharibəyə hazırlaşmaq” əmri verib. Bundan başqa, Pxenyan Rusiya və Çinlə hərbi əməkdaşlığı gücləndirib, müntəzəm ballistik raket sınaqları keçirib və iki dəfə hərbi kəşfiyyat peykini buraxmağa uğursuz cəhd edib. ABŞ, Cənubi Koreya və Yaponiya liderlərinin son sammiti də KXDR-in artan fəallığına həsr olunub: müttəfiqlər Şimali Koreya təhlükəsinə qarşı mübarizə aparmağa razılaşıblar. Bəs 70 ildən sonra Koreya yarımadasında yenidən müharibə alovlana bilərmi və bu böhranın danışıqlar masası arxasında aradan qaldırılması ehtimalı nə dərəcədə yüksəkdir?

Avqust ayında Kim Çen In atıcı silahlar, artilleriya, qanadlı raketlər və pilotsuz təyyarələr istehsalı üçün bir neçə böyük fabrikə baş çəkib və silah istehsalını artırmağı əmr edib. İstehsal edilən raketlərin bir hissəsi dərhal sınaqdan keçirilib. Belə ki, Şimali Koreya tərəfindən raket buraxılışlarının tezliyi 2017-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Cari ilin əvvəlindən indiyədək Pxenyan 100-dən artıq raket sınağı həyata keçirib. Mütəxəssislərin hesablamalarına görə, atılan raketlərin bəziləri Vaşinqtona 30 dəqiqədən az müddətdə çata bilər. Bundan əlavə, KXDR-in nüvə proqramında da uğur əldə etdiyi iddia olunur. Məlumat verilir ki, mart ayında Şimali Koreya mətbuatında yayılan şəkillərə görə, yerli alimlər Cənubi Koreyadakı hədəfləri vura bilən taktiki raketlərlə təchiz olunan daha kiçik nüvə başlığı yarada biliblər. 

Avqustun 10-da Şimali Koreya lideri ölkənin hərbi komandanlığında dəyişiklik edib, hərbi planların təkmilləşdirilməsi barədə göstəriş verib və ordunun ön xətt bölmələrinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Onlar, lazım gələrsə, “inamlı hərbi-strateji və taktiki üstünlüklə düşmənləri məhv etməyi” bacarmalıdırlar. Əslində, Şimali Koreyanın narahatlıqları əsassız deyil. İyulun sonunda ikinci Amerika nüvə sualtı qayığı Cənubi Koreya limanına daxil olub. Koreya Respublikasının Prezidenti Yun Sok Yeol isə bir neçə ay əvvəl bildirmişdi ki, ABŞ-ın Koreya yarımadasında döyüş başlıqlarını yerləşdirməkdən imtina edəcəyi təqdirdə ölkəsi öz nüvə silahlarını qısa zamanda inkişaf etdirə biləcək. Doğrudur, bir neçə gün sonra Cənubi Koreya hakimiyyəti prezidentin bu bəyanatını geri götürsə də, onun Pxenyana təsir göstərdiyibi bildirirlər. Bunu Qlobal nüvə risklərini izləyən Çikaqo Universitetinin Atom Alimlərinin Bülleteni jurnalı da özünün analitik məqaləsində vurğulayıb: “Dünya liderləri nüvə ritorikasından qaçmağa səy göstərməlidirlər. Əks halda, belə şərhlər nüvə silahının yayılmaması dövrünün sona çatmasına və daha ciddi mərhələnin başlanmasına səbəb ola bilər”. 

Siyasi analitiklərin sözlərinə görə, Pxenyanı xüsusilə narahat edən məsələ ABŞ, Cənubi Koreya və Yaponiya arasında üçtərəi alyansın möhkəmlənməsidir. Avqustun 18-də hər üç ölkə liderləri Kemp Deviddəki ABŞ hərbi bazasında görüşmüş, Şimali Koreyadan artan təhlükəyə birgə müqavimət göstərməyə razılaşmış və “azad və dinc bir Koreya yarımadasına” ümid etdiklərini bildirmişdilər. Ancaq Pxenyanda tam əksini düşünürlər, KXDR vurğulayır ki, sözügedən sammit regionda müharibə risklərini artırır. Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı bəyanatda vurğulanır ki, “Respublikaya qarşı düşmən qüvvələrin ehtiyatsız hərbi qarşıdurmasının getdikcə daha açıq xarakter aldığı indiki vəziyyət ordumuzdan müharibəyə daha fəal və üstün cavab verməyi, ardıcıl və mükəmməl hərbi hazırlığa malik olmağı tələb edir”. ABŞ və Cənubi Koreyanın qısa müddət sonra başlayan birgə təlimləri də Pxenyanı narahat edir. Şimali Koreya rəhbərliyi belə təlimləri hücum üçün məşq kimi qiymətləndirir və buna növbəti raket buraxılışı ilə cavab verir. Avqustun 21-də, hərbi manevrlərin başlandığı gün Kim Çen In Şimali Koreya donanmasının ən yeni korvetini yoxlamağa gələrək, qanadlı raketin buraxılmasına rəhbərlik etdi. 

Eyni zamanda, Şimali Koreya hakimiyyəti əsas tərəfdaşları - Pekin və Moskva ilə əlaqələr qurur. İyulun 27-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pxenyanda 1950-1953-cü illər Koreya müharibəsində atəşkəsin əldə olunmasının 70 illiyinə həsr olunmuş hərbi paradda iştirak etdi. Pxenyanda rusiyalı nazir Kim Çen Inla şəxsən görüşdü - bu, Şimali Koreya liderinin koronavirus pandemiyası başlayandan bəri xarici qonaqla ilk görüşü idi. Xüsusi təşkil olunmuş qəbulda Şimali koreyalı həmkarı Kang Song Nam “Rusiya ordusunun və xalqının ölkənin suverenliyini və təhlükəsizliyini qorumaq üçün ədalətli mübarizəsini” dəstəklədiyini və Şoyqunu Şimali Koreya ordusunun “anti-imperialist mübarizənin bir səngərində əməkdaşlığı və həmrəyliyi daha da gücləndirəcəyinə” əmin etdi. Rusiyalı nazirin silah sərgisinə səfəri Qərb müşahidəçilərini xəbərdar etdi: KİV vaxtaşırı Rusiyanın Şimali Koreyadan sursat aldığını və daha sonra kraynadakı hərbi əməliyyatlarda istifadə etdiyi barədə xəbər verir. Həm Moskva, həm də Pxenyan bu məlumatı təkzib edir. Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqora hətta bəyan etdi ki, Pxenyan Moskvaya heç bir mərmi vermir, çünki o, özü də “müharibədən əvvəlki vəziyyətdədir”.

Siyasi müşahidəçilərin fikrincə, Pekin və Moskva ilə hərbi-texniki əməkdaşlığı gücləndirməklə Şimali Koreya ABŞ, Cənubi Koreya və Yaponiyanın artan üçtərəfli alyansına qarşı tarazlıq yaratmağa çalışır. Stokholm Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (SDP) baş elmi işçisi Sansu Li iddia edir ki,  Kim Çen Inın son davranışı və onun potensial hərbi əməliyyatlardan bəhs etməsi Pekinlə razılaşdırılır və ABŞ-Cənubi Koreya hərbi yaxınlaşmasına yönəlmiş strateji əməkdaşlığın bir hissəsidir. Britaniyalı ekspert Robert Uinstenli-Çesters öz növbəsində vurğulayır ki, “Şimali Koreya təhlükəsi” ABŞ-ın Tayvanı müdafiə etmək üçün istifadə edə biləcəyi resursları azaldır. O, Rusiya və Şimali Koreya arasında əməkdaşlığın iqtisadi komponentinin vacibliyinə də diqqət çəkir. Britaniyalı ekspert xatırladır ki, Şimali Koreyanın Rason limanı Rusiyaya Sakit okeana marşrut təqdim edir. Bu, həm də Pxenyan üçün mühüm gəlir mənbəyi rolunu oynayır: beynəlxalq sanksiyalar Rusiya kömürünün Rason vasitəsilə digər ölkələrə tranzitinə şamil edilmir. 

Bununla belə, Sansu Li bütün hərbi hazırlıqlara baxmayaraq, Kim Çen İnın Koreya yarımadasında yeni müharibəyə çevrilə biləcək hərbi əməliyyatlara qərar verəcəyi ehtimalının az olduğunu düşünür. Bununla yanaşı, ekspertlər xatırladırlar ki, Koreya yarımadasında hərbi gərginliyin qəsdən artırılması Kim Çen Inın ABŞ-ı daha rahat şərtlərlə danışıqlara məcbur etmək üçün dəfələrlə yararlandığı etdiyi texnikadır. Məsələn, 2017-ci ildə gərginliyin davam etdiyi zamanda Kim Çen In ABŞ-ın sabiq prezidenti Donald Tramp ilə üç dəfə görüşmüşdü. Liderlər Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı razılığa gələ bilməsələr də, aralarında şəxsi münasibətlər yaranmışdı. Hətta bu istiləşmədən sonra Şimali Koreya lideri nüvə sınaqlarına könüllü moratorium da qoymuşdu. Buna görə də, ekspertlər düşünürlər ki, ABŞ-da yeni prezident seçkilərindən sonra Vaşinqton-Pxenyan danışıqları intensivləşəcək və Koreya yarımadasındakı hadisələrin sonrakı inkişafına Ağ evə sahib olacaq liderin siyasətindən asılı olacaq. 

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

Dünya