Cənubi Qafqazda sülhə qarşı çıxanlara diplomatik mesaj

post-img

Prezidentin köməkçisinin sosial şəbəkə paylaşımına sözardı

Ümummilli lider Heydər Əliyev demişdir ki, yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir. Ulu öndərin bu fikrini xatırlamağımız heç də təsadüfi deyil. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparır. Həyata keçirilən genişmiqyaslı tədbirlərin məğzini yeni yolların salınması təşkil edir. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları böyük yol qovşaqlarını xatırladır. Qətiyyətlə deyə bilərik ki, həmin qovşaqlar ölkəmizin gücünün, qüdrətinin, əzəmətinin göstəriciləri kimi çıxış etməkdədir. Əzəmət qənaət formalaşdırır - Azərbaycan bölgəyə həyat gətirir. 

***

Bəli, Azərbaycan həyat bəxş edən ölkədir. Bu düşüncə Prezidentin köməkçisi, Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsi­nin müdiri Hikmət Hacıyevin “Twitter” paylaşımı ilə yenidən aktuallaşdı. Əvvəlcə H.Hacıyevin Qa­rabağ yolçuluğu zamanı paylaşdığı kiçik videogö­rüntüyə yazdığı fikirləri diqqətə çatdıraq. “Zəngi­lan hava limanından Laçına doğru. Yeni yol çəkilir. Azərbaycan yollarda sədlər və maneələr yaradan digər ölkələrdən fərqli olaraq, yollar inşa edir və əlaqələrin yaxşılaşmasını təmin edir. Yol siviliza­siyanın mədəni və mühüm komponentidir”.

Göründüyü kimi, Prezidentin kömək­çisi iki-üç kəlmə ilə son dərəcə vacib mesaj verdi. Bu mesaj, ilk növbədə, ümumən yolun bəşəri anlamlı mahiyyə­ti barədə düşünməyə vadar edir. Yəni Azərbaycanın apardığı quruculuq işləri bəşəri hadisədir, bütövlükdə, insanlığa faydadır. Axı işğaldan azad olunmuş torpaqlarımızda salınan hər bir yol, bütövlükdə, Cənubi Qafqaz regionu­nu tərəqqiyə və inkişafa aparan böyük göstəricidir. Region isə yalnız orada ya­şayan xalqlar deyil, bütövlükdə, dünya üçün müstəsna əhəmiyyətə malikdir və bu amil çoxsaylı beynəlxalq toplantılar­da dəfələrlə dilə gətirilib. 

***

Əlbəttə, Cənubi Qafqazın gələcək inkişaf istiqamətlərinin vurğulanma­sındakı ən mühüm mesajların müəllifi Prezident İlham Əliyevdir. Azərbayca­nın Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etdiyini deyən dövlətimizin başçısı ötən il aprelin 29-da ADA Universitetində keçirilmiş “Cə­nubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusundakı beynəlxalq toplantıda belə demişdir: “Biz separatizm, erməni təcavüzü səbəbindən otuz il həmin für­səti əldən qaçırmışıq. Cənubi Qafqaz inteqrasiya etməmişdir. Bəli, Azərbay­can və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Bu, vacibdir. Lakin, eyni zamanda hesab edirəm ki, Ermə­nistanda, həmçinin anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaş­dırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər”. 

***

Azərbaycan Prezidentinin bu fikrin­dən sonra H.Hacıyevin “Twitter” payla­şımındakı ikinci məqama keçid etməyin tam zamanıdır. Hikmət müəllim “yollar­da sədlər və maneələr yaradan digər ölkələr” məntiqini elə-belədən gündəmə gətirmir. Dövlətimizin başçısı diqqətə çatdırdığımız iqtibasda Ermənistan üzərinə köklənirdi. Onun köməkçisinin fikirlərindən gəlinən qənaət isə budur ki, İrəvana dəstək göstərənlər da onun­la birgə Cənubi Qafqazda ölkəmizin rəhbərliyi ilə hərəkətə başlayan inkişaf qatarının çarxlarına çomaq soxmaqda­dırlar. 

Bəli, cənab Hacıyev mesajı ilə dün­yanın belələrini görməsinin və nəticə çıxarmasının vacibliyini vurğulayır. Dünya yolun timsalındakı böyük mədə­niyyət hadisəsi ilə vandallıq arasında seçim etməlidir. Azərbaycan seçmək üçün ortaya sübutlar qoyur. H.Hacıyev özü dəfələrlə xaricdən gələn qonaqlar­la bərabər, erməni vandallığının izlə­rini hələ də saxladığı torpaqlarımızda olub, onları əyani vəziyyətlə tanış edib. Ümumən, dövlətimiz mövcud istiqamət­də sistemli və ardıcıl iş aparmaqdadır. 

Ancaq dünyanın, böyük ölçüdə, Er­mənistanı düz yola gətirmək üçün əməli fəaliyyət aparmadığını da görürük. Ək­sinə, baş verənlər onu göstərir ki, bey­nəlxalq aləm İrəvanın avantürizminə, necə deyələr, “züy tutmaqla” məşğul­dur. H.Hacıyev qısa paylaşımı ilə həm də bu məqama diqqət çəkmiş oldu. Eyni zamanda, onun “yol kəsənlər” məntiqi, istər-istəməz keçmişə ekskurs zərurəti yaradır. Cənubi Qafqazda yol kəsənlər kimlər olub? Yollarda basqınlar, quldur­luq edənlər, qətllər törədənlər kimlərdir? Erməni avantüristləri! 

“Xalq qəzeti”nin yaşlı əməkdaşları 1988–1991-ci illəri xatırlayarkən, Qa­rabağın müxtəlif bölgələrində yaşayan sıravi ermənilərin də qəzetə məktub­lar yazdıqlarını, millətçi və şovinistlərin yaramaz əməllərinə qarşı tədbir gö­rülməsi üçün xahişlər etdiklərini, hət­ta yalvardıqlarını vurğulayırlar. Tədbir görülməyib, kimdir müqəssir, yazımızın mövzusu bu olmadığından, məsələnin üzərində dayanmaq istəmirik. Həm də görünən dağa nə bələdçi...

Ancaq tarix təkrarlanır. Bu gün də erməni avantürizmi köhnə “amplua”sın­dadır. Yol kəsməklə məşğuldur. Kəsilən yol isə həm də mədəniyyətin qarşısın­dakı əngəldir. Nəzərə alaq ki, müxtəlif xalqların dinc, əmin-amanlıq şəraitində birgə yaşamalarının özü də böyük mə­dəniyyət hadisəsidir. Digər tərəfdən, Prezident İlham Əliyev və ölkəmizin rəsmiləri dəfələrlə onu da bildiriblər ki, Cənubi Qafqazda nəhəng nəqliyyat xablarının yaradılmasının hədəflədiyi inkişafdan Ermənistanın da, Azərbay­can ərazisində yaşayan ermənilərin də faydalanmaq imkanları var. Bunun müqabilində nə görürük? Hikmət müəlli­min vurğuladığı kimi, yolların kəsilməsi­ni. Nəzərə alaq ki, yol kəsənlər əllərinə düşən ilk imkandaca baş kəsməyə də hazırdırlar...

***

Qarabağın erməni əhalisi arasında elə təbliğat aparılır ki, sanki Azərbay­can vandal ölkədir, bölgədə soyqırımı gerçəkləşdirmək istəyir və sair. Nəti­cədə Laçındakı sərhəddə yaratdığımız nəzarət–buraxılış məntəqəsindən ke­çib Ermənistana yol alan erməni köç­lərini görürük. Sual olunur: onilliklərdir Qarabağda yaşayan, oranı yurd edən sadə erməni nə üçün öz evini tərk et­məlidir? Nəyə görə öyrəşdiyi, uyğunlaş­dığı mühitdən aralı düşməlidir? Erməni avantürizminin təmsilçiləri, Ermənistan hakimiyyəti, o cümlədən Qarabağdakı separatçı rejim bu suallara cavab ver­məyi heç ağlının ucundan da keçirmir. Çünki onların sarsaq baxışlarında in­sanların didərgin salınması adi haldır. Hələ bundan dividend də götürməyə çalışırlar. Baxın, Ermənistan baş naziri Nikol Paşinyan ölkə hökumətinin icla­sında utanmadan bildirir ki, Azərbaycan Laçın yolundan keçib Ermənistana üz tutanların geri qayıtmalarına imkan ver­məyəcək. O, yaxşı bilir ki, gedənlər qa­yıtmaq üçün getmirlər, bölgəni birdəfəlik tərk edirlər. Ancaq ölkəmizə böhtan atıb xal qazanmaq yolu tutur. Öz aləmində siyasi xal qazanır... 

Bir halda ki, tarixə üz tuturuq, bu­nunla bağlı “örnəkləri” də yada salaq. 1988–1991-ci illərdə indiki Ermənistan ərazisindən əsrlərdir orada yaşayan azərbaycanlılar qovuldular. Həmin vaxt Spitakda zəlzələ olmasaydı, heç qaç­mağa macal da tapmayacaqdılar. Ha­mısı qətlə yetiriləcəkdi. Bunu sübuta ye­tirən faktlar var. Ancaq Xocalıda insanlar rayonu tərk edə bilmədilər... İşğal və bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa, çadır şəhərciklərində, vaqonlarda ömür sürməyə məhkumluğu başlandı. 

***

Bəli, erməni başıpozuqların insanın həyat elementlərindən məhrumluğunun necə böyük məşəqqət olduğunu anla­madığının nəticəsidir ki, Qarabağdakı erməni əhali ərazini tərk edir. Halbuki, Azərbaycan sıravi insanların deyil, böl­gədə hələ də varlığını sürdürən, sayı on minə çatan qeyri-qanuni hərbi birləş­mələrin çıxarılmasını istəyir... 

Hazırkı mənzərə onu da deməyə əsas verir ki, ermənilər mədəniyyətdən üz döndərirlər. Bu gün Ağdam–Xankən­di yolu, eyni zamanda, mədəniyyət yoludur. Mədəniyyət isə həm də sülh deməkdir. Uzun illər sözügedən yol azərbaycanlıların və ermənilərin sülh şəraitindəki yaşamlarının göstəricisi, Hikmət Hacıyevin də ifadə etdiyi kimi, bölgədəki sivilizasiyanın mədəni və həlledici komponenti olub. 

Ancaq sonda bunu da bildirək ki, kiminsə nə deməsindən, erməni şo­vinist–revanşistlərinə hansı dəstəyi göstərməsindən asılı olmayaraq, Ağ­dam–Xankəndi yolu açılacaq. Bakı–Xankəndi qatarı da işləyəcək. Bir sözlə, Azərbaycanın əzmi və iradəsi ilə quru­lan yollar Cənubi Qafqazdan dünyaya mədəniyyət və sülh yayacaq. Bu, ge­riyə dönüşü olmayan prosesdir. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət