Müsyö Makronun utopik revanşizmi

post-img

Paris suda boğulanların xilasının yalnız onların özlərindən asılı olduğunu unutmamalıdır 

Fransa BMT Təhlükəsizlik Şurasına “Laçın dəhlizinin bloksuzlaşdırılması” məsələsi üzrə qətnamə layihəsini təqdim etməyə hazırlaşır. Bu barədə “Le Figaro” jurnalının redaktor müavini Jan-Kristof Byüsson özünün məqaləsində məlumat verib. Onun ardınca Prezident Emmanuel Makron “Le Point” nəşrinə müsahibəsində “Laçın dəhlizinin” yüklər üçün açılması üçün təzyiqi davam etdirəcəkləri” ilə bağlı bəyanat səsləndirib. Makronun sözlərinə görə, qətnamənin hazırlanmasında məqsəd “Azərbaycanın Laçın dəhlizini bağlaması səbəbindən aclıqdan əziyyət çəkən Dağlıq Qarabağ sakinlərinə yardım etməkdir”. 

Parisin İrəvana “qorxma, yanındayıq” ismarıcı

Bu, məlum məsələ ilə bağlı Fransanın BMT-yə üçüncü müraciəti olacaq. Həm Makronun açıqlamasından, həm də yerli medianın yaydığı məlumatlardan belə qənaətə gəlmək mümkündür ki, rəsmi Paris BMT TŞ-da anti-Azərbaycan qətnamə layihəsini keçirməkdə israrlıdır. Axı Paris bununla hayların “böyük bacısı” kimi, boynuna düşən qahmarlıq mis­siyasını yerinə yetirməyə çalışır. Çox güman ki, BMT TŞ-nin növbədənkənar sonuncu məlum iclasındakı müzakirələrdən və onun haylar üçün acı aqibətindən sonra Makron Admi­nistrasiyası irəvanlı həmkarlarına təsəlliverici ismarıclar yol­lamaqla bərabər, yeni, “daşdan keçən” sənəd hazırladıqları barədə məlumatı da çatdırıb.

Emmanuel Makronun mediaya dedi­yi “Laçın dəhlizinin açılması üçün Azər­baycana təzyiq edilməlidir” sözləri də həmin ismarıcın tək Paşinyan iqtidarına deyil, Bakının da diqqətinə çatdırılma­sına hesablanıb. Artıq Fransa Bakıya sadəcə siyasi təzyiqlərlə kifayətlənmə­diyini, üstəlik, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qondarma rejimi, separatizmi açıq şəkildə dəstəklədiyini gizlətməyə çalışmır. Bu gün İrəvandakı revanşistlərə, Xankəndidəki separatçı­lara ən böyük ümid verən tərəfin məhz Fransa olduğunu rahatca söyləyə bilərik. Gözlə görünən bu həqiqəti gücləndirən məqamlardan biri də BMT TŞ-nin son iclasından sonra Ermənistan hakimiyyəti və Xankəndidəki separatçıların verdikləri açıqlamalardır. 

Azərbaycan BMT, ATƏT, AŞPA və Aİ kimi beynəlxalq təşkilatlara, onların qərarlarına həmişə hörmətlə yanaşıb. Bunu dünya birliyi də yaxşı bilir. Bəs on­lara qarşı ikiüzlülük, saxtakarlıq edən, qərarlarını yerinə yetirməyən Ermənistan nə edir? “Humanitar fəlakətlə”, “acından ölmək təhlükəsi ilə üzləşmiş” Qarabağın erməni sakinləri üçün yardımlar, bir də qərarlar dilənməklə məşğuldurlar. İndi nəinki “qoca qitə”də, həmçinin okeanın o tayında da hay zarıltısını dinləməkdən beziblər. 

Bütün cinahlarda üstünlüyü ələ almaq! 

Fransa liderinin qətnamə barədə məlum açıqlaması və BMT TŞ-da yeni cəhd anonsu Cənubi Qafqazda onun maraqlarını nəzərə almayan Bakıya qarşı təzyiq forması, həm də ermənilərə “görürsünüz, biz əlimizdən gələni edirik” mesajının verilməsi məqsədini daşıyır. Parisin bu “diplomatik gedişi” ilə paralel olaraq Hayastanın baş naziri Nikol Pa­şinyan sülh müqaviləsi ilə bağlı Azərbay­cana yeni təkliflər göndərdiyini bildirdi. O, son vaxtlar təkrarlamaqdan usanmadığı “humanitar fəlakət”, “Dağlıq Qarabağ (?) ermənilərinin təhlükəsizliyi” barədə saxta iddialarını da davam etdirdi. İrəvanın sülh müqaviləsinə əlavə təkliflərinin yalnız və yalnız vaxtı uzatmağa, Xankəndidəki se­paratçı-xunta rejimini “ayaqda saxlama­ğa” hesablandığını söyləmək olar. 

Fransanın hazırladığı və BMT TŞ-də qəbulunu arzuladığı qətnamənin aqibəti­nin necə olacağı sual altındadır. Bu barə­də əvvəllər də yazmışdıq: BMT TŞ-də hansısa qərarın – qətnamə, bəyanat, yaxud press-reliz iki yolla qəbul edilə bilər. Ya TŞ-nin daimi üzvlərinin yekdil qərarı ilə, ya da onlardan savayı qeyri-daimi 10 üzvdən 9-nun səsini qazanmaqla. Amma bu zaman 5 daimi üzvdən heç biri veto hüququndan istifadə etməməlidir. Daxili nizamnamə nöqteyi-nəzərindən baxdıq­da Fransanın təqdim etməyə hazırlaşdığı qətnamənin BMT TŞ-də qəbulu müşkül görünür. Paris və İrəvan unutmamalıdır ki, TŞ-nin 15 üzvü arasında Azərbayca­nı dəstəkləyən xeyli ölkə var. Bunlardan başqa, əksər ölkələrin səfirləri Azərbay­cana münasibətdə neytral mövqe sər­gilədilər. Ən əsas məsələ isə TŞ-nin da­imi üzvü Rusiyanın bölgədə zəifləməkdə olan maraqlarına görə veto hüququndan istifadə edəcəyinin qaçılmaz fakt olması­dır. Axı Kreml rəsmi Parisin separatçıları xilas edə bilməsə belə, İrəvanda Mosk­vanı əvəzləmək niyyətindən xəbərdar­dır. Həm Cənubi Qafqazdakı mövcud geosiyasi duruma, həm də BMT TŞ-də qüvvələr nisbətinə nəzər yetirdikdə Fran­sanın “bütün cinahlarda üstünlüyü ələ almaq” taktikasının heç bir perspektivə malik olmadığı üzə çıxar. 

Xilası uzaqda axtaranlara məsləhət

Ermənistan tərəfindən “humanitar böhran”, “blokada” bəhanələri ilə edilən siyasi manipulyasiyalar təxribat xarak­terli hərbi fəaliyyətlə eyni zamanda baş verir. Son həftələr ərzində beynəlxalq hüquqla bərabər, Azərbaycan, Rusi­ya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndinin tələb etdiyi öhdəliyin ye­rinə yetirilməməsi müzakirə mövzusuna çevrilib. İrəvan tərəfindən bu öhdəliyin kobud pozuntusu kimi Azərbaycanın Qa­rabağ iqtisadi rayonunda qeyri-qanuni silahlı birləşmələrin, Ermənistan silahlı qüvvələrinin tör-töküntüsünün müəyyən ərazilərdə hərbi-mühəndis istehkamları yaratması, eləcə də, digər təxribatların artması müşahidə olunur. Bu qanunsuz silahlı quldurların respublikamızın suve­ren ərazisində yerləşdirdikləri radioelekt­ron döyüş texnikasından istifadə etməsi, mülki təyyarələrimizin həmin ərazinin üzərindən uçuşuna mane yaratması xü­susi narahatlıq doğurur. Söhbət təkcə “Azərbaycan Hava Yolları”nın deyil, xa­rici ölkələrin təyyarələrinin təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrdən gedir.

Ermənistan hakimiyyəti düzdüyü hər­bi-siyasi labirintdən qurtuluş yolunun yal­nız Bakı ilə dialoqdan, onun beynəlxalq hüquqa və məntiqə söykənən təkliflərinə müsbət yanaşmaqdan keçdiyini anlama­lıdır. Təkcə anlamaqla iş bitmir, həm də reallığı qəbul etməlidir. Necə deyərlər, suda boğulma təhlükə ilə üzləşənlərin xilası onların özlərindən asılıdır. İrəvan sülhə gəlməklə həm də kənarda, uzaq­da dəstəkçilər axtarışından da canını qurtarmış olacaq. Paşinyan onu sülh prosesində, beynəlxalq platformalarda siyasi avantüralara, bölgədə isə təhlükəli hərbi hərəkətlərə təhrik edən aktorların, diaspor-lobbi-daşnak çetesindən imdad gözləməyin səmərəsiz olması ilə barış­malıdır. Bütün bunların ona heç də yaxşı sonluq vəd etmədiyi barədə də ciddi dü­şünməlidir. Sonra günahlandırmağa kim­səni tapmayanda, “miatsum” nağılının Ermənistana xeyirli heç nə gətirmədiyini anlayanda gec ola bilər. Biz Azərbaycan türklərinin sonrakı peşmançılığın fayda vermədiyi barədə məşhur zərb-məsəlini xatırlatmaqla yanaşı, qarşınızdakı gücün nəyə qadir olduğunu unutmamağınızı tövsiyə edərdik. 

İrəvan-Paris tandeminin yeni səylə­rinin də fiaskoya uğrayacağına indidən əminik. BMT TŞ-də hətta az ehtimal olu­nan hansısa anti-Azərbaycan sənədi qə­bul olunsa belə, onu Nyu-Yorkun siyasi zibilxanasına atılmaqdan qeyri perspekti­vi yoxdur. Kart-blanşını İrəvanın qarşına qoyaraq növbəti dəfə revanş götürmək istəyi ilə alışıb-yanan Makronun bu dəfə də döyüş platformasını başıaşağı tərk edəcəyini proqnozlaşdıran ekspertlərlə razılaşırıq. Onun başını dincə qoyub me­muar yazmaq kimi gözəl fürsəti olacaq. Necə ki indi onun sələfi Nikola Sarkozi bu işlə məşğuldur. Amma bir məsələdə şübhəmiz var. Emmanuel kağıza köçürə­cəklərində Bakının gözəlliyini etiraf edən Nikola qədər səmimi və dürüst ola bilə­cəkmi? Nə qədər çətin görünsə də, buna inanmaq istərdik.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Makronun buna qədər BMT Təhlükəsizlik Şurasında Azərbay­cana qarşı qətnamə layihəsini keçirmək üçün göstərdiyi iki cəh­di uğursuzluğa uğrayıb. O, birinci cəhdini 44 günlük müharibənin ge­dişində etmişdi. Həmin məqamda məsələyə Böyük Britaniyanın mü­daxiləsi, Azərbaycanın Qoşulma­yanlar Hərəkatındakı üzv-tərəfdaş­ları qətnamənin mətninə müəyyən dəyişiklikləri təklif etməklə onun Təhlükəsizlik Şurasından keçməsi­nin qarşısını aldı. İkinci dəfə Paris keçən il sentyabr döyüşlərindən sonra buna cəhd eləmişdi. Bu dəfə Rusiya Fransaya qarşı çıxdı. Çünki Azərbaycan–Ermənistan münasi­bətlərinin normallaşmasında üç­tərəfli Bəyanata əsaslanan Moskva bölgədə özündən kənar proseslərin baş verməsi ilə razılaşa bilməzdi. Yenə Böyük Britaniya və ABŞ buna öz etirazlarını bildirdi və nəticədə Paris layihəsini geri götürməyə məcbur oldu. 

İndi isə Makron “Dağlıq Qara­bağa humanitar yardım” adı altında sənədin BMT-də qəbuluna ümid edir. Düşünürəm ki, Rusiya yenə də həmin qətnamədə özünün ro­lunun göstərilməsini tələb edəcək, ABŞ və Böyük Britaniya isə buna qarşı çıxacaqlar. Yəni Makron növ­bəti dəfə aciz duruma düşəcək. Nə qədər dəridən-qabıqdan çıxsa da, rəsmi Parisin bu günə qədərki cəhdləri puç olub, yenə belə ola­caq. Bununla da Fransa iqtidarı bu məsələdə nə dərəcədə dişsiz oldu­ğunu təkrarən dünyaya göstərmiş olacaq. Hətta, fərz etsək ki, tövsiyə, çağırış xarakterli bir qətnamə qəbul edildi, bəs onun icra mexanizmi? Ermənistan 30 ilə yaxın BMT-nin dörd qətnaməsini vecinə almadı, indi bir parça kağızı əlində yel­ləməklə nəyə nail ola biləcək? Heç nəyə! 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət