Mənəviyyat körpüsü

post-img

Mənim “Kommunist” qəzetində (bugünkü “Xalq qəzeti”) işləməyimin maraqlı tarixçəsi olub. 1971-ci ilin sentyabrı idi. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinin beşinci kursunda dərslər yenicə başlamışdı. Kursumuzun tələbələrini paytaxtdakı respublika qəzet və jurnallarına təcrübəyə göndərdilər. Bölgüdə mən “Kommunist” qəzetinə düşdüm. İnstitutun məktubu ilə redaksiyaya gəldim və məni üçüncü mərtəbədə əyləşən qəzetin redaktor müavini Adil Cavadlıya yönəltdilər. O da telefonla ədəbiyyat və incəsənət şöbəsinin müdiri Əfqan Əsgərova zəng edib məni beşinci mərtəbəyə – 22-ci otağa göndərdi. 

İlk tanışlığımızdan Əfqan müəllim dedi ki, yaxşı vaxtda gəlmisən. Sabah Azərbaycan Dövlət Dram Teatrında yeniyetmə özfəaliyyət üzvlərinin “Oxu tar...” müsabiqəsi keçiriləcək, oradan bir material hazırlayarsan. Bunları de­yib müsabiqəyə dəvətnaməni və təd­birin proqramını mənə verdi. Yarım saatdan sonra isə qəzetdə təcrübədə olmağım barədə redaksiyanın rəsmi blankında arayış da təqdim etdi. Üç ay­lıq təcrübədə qəzetdə incəsənətə aid müxtəlif yazılarım dərc olundu. Sonra da qəzetlə əməkdaşlıq edirdim. 

Əfqan müəllimin təklifi ilə qəzetin redaktoru Ağababa Rzayev instituta tələbnamə yazıb məni ora işə götürmək istədiyini bildirdi. Beləliklə, 1972-ci ildə qəzetə ədəbi işçi (müxbir) götürüldüm. Sonra baş ədəbi işçi, publisistika və felyeton şöbəsinin müdiri işlədim. Ötən əsrin səksəninci illərinin ortalarında mədəniyyət, ədəbiyyat və incəsənət, publisistika, felyeton şöbələrini birləş­dirdilər və ora rəhbər təyin olundum. 1991-ci ilin payızına kimi bu kollektivdə çalışdım.

Qısa arayışı ona görə verdim ki, oxuculara bu kollektivin mehribanlığı­nı, peşəkarlıq prinsiplərini və gənclərə böyük qayğı ilə yanaşdıqlarını, jurna­listika şərəfini həmişə uca tutduqlarını çatdırım. Sözsüz ki, qəzet, ilk növbədə, mövcud sistemin ideoloji ruporu idi. Bu­nunla belə, mənim çalışdığım şöbələr milli mədəniyyətimizin və incəsənəti­mizin bir növ mətbu salnaməsinin da­vamçısı idi. Beş cildlik “Azərbaycan teatrı” kitabını işləyəndə, ilk növbədə, 1919-cu ildən XX əsrin sonlarına qə­dər olan dövrdə Bakıda mövcud olan teatrların repertuarı, premyera tarixləri barədə dəqiq məlumatları, möhtəşəm tamaşalar barədə yazılmış resenzi­yaları məhz bu qəzetin səhifələrindən oxuyub öyrəndim. 

Qəzet ölkənin ədəbi-mədəni duru­mu barədə daim müxtəlif janrlı yazılar verirdi. Yazıçı və şairlərdən Süleyman Rəhimov, Əli Vəliyev, Mirzə İbrahi­mov, İsmayıl Şıxlı, Süleyman Rüstəm, Rəsul Rza, Nəbi Xəzri, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəy­li, Mədinə Gülgün, Mirvarid Dilbazi, Əliağa Kürçaylı, Nəriman Həsənza­də, SSRİ Xalq artistlərindən müğənni Rəşid Behbudov, Zeynəb Xanlarova, Müslüm Maqomayev, aktyorlar İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, rejissor Mehdi Məmmədov, bəstəkarlar Qara Qarayev, Soltan Hacıbəyov, Niyazi, Azərbaycanın Xalq artistləri, musiqi­çilər və aktyorlar Xan Şuşinski, Əh­məd Bakıxanov, Şövkət Ələkbərova, Sara Qədimova, Arif Babayev, Habil Əliyev, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Azər Rzayev, Nəsibə Zey­nalova, Həsən Turabov, Tofiq Kazı­mov, Məmmədrza Şeyxzamanov, Şə­fiqə Məmmədova, Amaliya Pənahova, Səyavuş Aslan, Yaşar Nuriyev, SSRİ Xalq rəssamları Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Azərbaycanın Xalq rəssamları Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, El­mira Şahtaxtinskaya, Ömər Eldarov və onlarca digər sənətkarlarla söhbətlə­rim, müsahibələrim, portret-oçerklərim “Kommunist” qəzetində çap olunb. Bu redaksiyanın məşhur qələm sahibləri Ağababa Rzayevdən, Adil Cavadlıdan, Rəşid Mahmudovdan, Cəmil Əlibəyov­dan, Əfqan Əsgərovdan, Alp Ağami­rovdan, Hidayət Zeynalovdan, Rafael Nağıyevdən, Məryəm Həsənzadədən, Əli İldırımoğludan, Əhməd İsayevdən... jurnalist etikasını, Azərbaycan dilində səlist yazmağı, xeyirxahlığı, mövzuya tələbkarlığı, həqiqətə ləyaqət və vic­danla ayna tutmağı, tənqidi faktlara məsuliyyətlə yanaşmağı öyrənmişəm. 

Bəzən cavanlar “Kommunist” qəze­tindən söhbət düşəndə hər şeyə “par­tokrat” damğası vururlar. Bir faktı xatır­latmaq istədim. 1977-ci il yanvar ayının 7-də qəzetdə “Restoranda orkestr ça­lır...” sərlövhəli yazım dərc olundu. Məqalədə Bakıda restoranların böyük əksəriyyətində fəaliyyət göstərən er­mənilərdən ibarət dəstə öz dillərində və rusca bərbad repertuarla, siyasi, həm də diversiya mahiyyətli “mahnılarla” çıxış edirdilər. 

Redaktor Ağababa Rzayev daxili telefonla saat 11-ə on dəqiqə qalmış məni kabinetinə dəvət etdi. Dedi ki, ölkə rəhbərinin köməkçisi zəng edərək mə­lumat verib, Heydər Əliyev saat 11-də zəng vuracaq. Elə də oldu. Respublika­nın rəhbəri ilə redaktor arasında söhbət xeyli çəkdi. Ağababa müəllim qəzetdə verilməyən çox ciddi faktları da birinci katibin diqqətinə çatdırdı. Heydər Əli­yev kollektivə, o cümlədən, məqalə müəllifinə təşəkkürünü bildirdi. Bir neçə gün sonra Heydər Əliyevin göstərişi ilə Bakı Şəhər Partiya Komitəsinin büro iclasında “Restoranda orkestr çalır...” məqaləsi geniş müzakirə olundu. Yüz­dən çox erməni işdən çıxarıldı, bəzi musiqi kollektivləri tamamilə ləğv edildi. Mənə 27 yaşımda “Qızıl qələm” müka­fatı verildi. 

Bunun ardınca qəzetimizdə milli suvenirlər, ərzaq məhsullarının etiket­lərində erməni dilində yazılar, laqeydlik ucbatından müxtəlif xarakterli mədə­niyyət abidələrinin dağıdılması, Res­publika Xalq Yaradıcılığı Evinin “sandıq ədəbiyyatı” və başqa bu kimi problem­lər barədə yazılar dərc olundu. Bir ay ərzində müvafiq nazirlik və qurumlar, rayon partiya komitələri ciddi tənqid­lərdən sonra görülən tədbirlər barədə mütləq redaksiyaya cavab verirdilər və o cavablar da “Kommunist”in səhifələ­rində yer alırdı.

Ədəbiyyat, mədəniyyət və in­cəsənətlə yanaşı, siyasət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, tikinti, səhiyyə və digər sahələrin də inkişafı problem­ləri, eləcə də, mənəvi-əxlaqi dəyərlərin uca və müqəddəs tutulması da qəzetin yaradıcılıq məramı və qayəsinə daxil idi. 

Redaksiyanın gözəl ənənəsi olan xalqla mənəviyyat körpüsünü daha da gücləndirmək funksiyası bu gün də “Xalq qəzeti”nin əsas məramlarından biridir. Əlli ildən çoxdur özümə həmişə doğma bildiyim redaksiyanın çağdaş kollektivini qəzetin 104 yaşı münasibəti ilə təbrik edir, bu şərəfli işdə onlara ye­ni-yeni yaradıcılıq uğurları arzulayıram.

İlham RƏHİMLİ,
“Xalq qəzeti”nin sabiq şöbə müdiri, professor



Sosial həyat