Anadilli mətbuatın avanqardı

post-img

Mətbuat ruhum ömür yolumdur. Əmək fəaliyyətimin 35 ili “Kommunist” qəzeti redaksiyasında keçib. Hələ tələbəlik illərimdən bu qəzetdə yazılarım dərc edilirdi. Bu qəzetdə işləmək mənim ən ülvi arzum idi. Belə istək çoxlarının ürəyindən keçirdi. 

“Kommunist” qəzeti res­publikanın 1 nömrəli mətbuat orqanı idi. Geniş ictimaiyyət də, bütün idarəedici orqan­lar da bu qəzeti Azərbaycan mətbuatının bayraqdarı qəbul edirdilər. Nədən ki, qəzetin ideya-siyasi səviyyəsi zama­nın, həm də xalqın tələblərinə tam uyğun idi. Bu səbəbdən idi qəzet həftənin altı günü hər dəfə yarım milyon həd­dində tirajla nəşr olunurdu (Rəsmi məlumat: 1981-ci ildə SSRİ-nin müttəfiq respublika­larında çap olunan ən yüksık tirajlı gündəlik qəzetlərin si­yahısı belə sıralanırdı: Birinci yerdə Kiyevdə çıxan “Pravda Ukraina” qərarlaşmışdı – tirajı 560 min nüsxə idi. İkinci yerdə Bakıda nəşr edilən “Kommu­nist” qəzeti idi – gündəlik tirajı 468 min nüsxə ... Yerevanda isə ən çox tirajı olan rus di­lində çıxan “Kommunist” idi – gündəlik 52 min nüsxə ilə).

Hər il respublikanın hər tərəfindən, keçmiş SSRİ-nin müxtəlif yerlərindən, xarici ölkələrdən, qalaq-qalaq, on minlərlə məktub alırdı “Kom­munist” redaksiyası. Mək­tublar şöbəsi onları diqqətlə çeşidləyir, ayda bir neçə dəfə “Məktublar səhifəsi” verilirdi. Redaksiyaya məktub axınının belə çox olması insanların bu qəzetə inamının göstəricisi idi. Məktubların böyük əksə­riyyəti yerlərdəki haqsızlıqlar­dan, qanun pozuntularından, dolanışıq çətinliklərindən, digər mənfi hallardan bəhs edirdi. Yəni, şikayətçilərin əli hər yerdən üzüləndən sonra, məktubla axırıncı ümid yeri kimi inandıqları-güvəndikləri “Kommunist”ə üz tuturdular. Çünki “Kommunist” qəzeti radaksiyasında müraciətlərə diqqət güclü idi. Yazılanlara “hər məktubun arxasında bir canlı insan durur” amalı ilə yanaşılırdı.

Bir qayda olaraq, dövrü­nün müxtəlif cəhətləri, həyatı əhəmiyyətli qanun və qərarlar bu qəzetdə dərc edilir, bəzən ümumxalq müzakirəsinə çıxarılırdı. Dövlət idarəçiliyi­nin bir vəsiləsinə çevrilmişdi bu qəzet. Hər zaman Azər­baycanla əlaqədar çoxyö­nümlü məsələlərə dərhal öz münasibətini bildirirdi. Milli dilin saflığı, orfoqrafiya qay­dalarının tənzimlənməsi, bir sıra əcnəbi sözlərin dilimizdə qarşılığının mətbuata çıxa­rılması uğrunda mübarizədə qəzet öncül mövqedə olub. SSRİ-nin son Konstitusiyası­nın layihəsinin müzakirəsində Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili qəbul olunması uğrunda öz sə­hifələrində geniş müzakirələr açmışdı.

Bunları yazmaqda məqsə­dim bildirməkdir ki, bu qəze­tin adı “Kommunist” olsa da, amalı-məsləyi dövlətçiliyə, azərbaycançılığa, xalqa sə­daqətlə xidmət idi. Bunu belə bir fakt da sübut edir: Qəzetin 10-dan çox şöbəsindən – sə­naye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, elm və təhsil, ədəbiyyat və incəsənət, mək­tublar və kütləvi iş, xəbərlər, yerli mətbuat, idman, elanlar və sairədən fərqli olaraq, adı­nı çəkmədiyin təkcə bir şöbə partiya məsələlərini işıqlan­dırırdı. “Kommunist” partiya mətbuatından üstün olaraq, ictimai-siyasi, kütləvi, başqa sözlə, “xəlqi” qəzet idi. Heç də təsadüfi deyil ki, “Kommu­nist”in davamçısı “Xalq qəze­ti” adlanır.

Belə siqlətinə görəy­di ki, bu qəzeti xalq sevirdi. Onu hər yerdə gözləyirdilər. Elm-incəsənət adamları, şair və yazıçılar, ictimai xadimlər, rəhbər vəzifəlilər müntəzəm olaraq bu qəzetdə çıxış edir­dilər. Onun redaksiyasında çalışmaq arzusunda olanlar isə saysız-hesabsız idi. Biri də mən idim...

1970-ci ilin dekabr ayın­da Bakıdakı digər respubli­ka qəzetləri redaktorlarının şirin vədindən fərqli olaraq “Kommunist”in redaktoru Ağababa Rzayev mənə şi­rin vəd vermədi, qətiyyətlə və konkret dedi: Get, Bakı şəhərində pasport qeydiy­yatına düş, gəl, səni işə gö­türüm! Bu müşkül işi həll etmək üçün 10 günə qədər vaxt itirdim. Fəqət, Ağababa müəllim sözünün üstündəydi. Bu redaksiyada işə düzəlmək istəyində olan çoxsaylıların adam-nəfərinə, tapşırıqlara məhəl qoymadan mənim kimi kimsəsizi təmənnasız surət­də işə qəbul etdi... Sonralar “Kommunist”in başqa bir re­daktoru Rəşid Mahmudovdan da sonsuz qayğı və etimad görmüşəm. Məkanları cənnət olsun, bu unudulmaz nəcib insanların! 

Adlarını sadaladığım bu iki mahir, fədakar jurnalist­dən savayı, Cəmil Əlibə­yov, Ramiz Əhmədov, Tofiq Rüstəmov, onlardan illərlə əvvəl İsrafil Nəzərov, Xasay Vəzirov, Əli Vəliyev daha bir neçə ictimai-siyasi xadim “Kommunist”ə cəfakeşlikə redaktorluq ediblər. Cəfakeş ifadəsini ona görə işlədirəm ki, onlar çətin, riskli olsa da, xalq mənafeyini partiya təz­yiqlərinə qurban vermədən qoruya biliblər. İndi dönüb keçmişə nəzər salanda bəlli olur ki, məqsədi-məramı par­tiyadan çox doğma xalqına xidmət etmək olub bu redak­torların. Belələrinin sayəsində “Kommunist” qəzeti dövrü­nün çoxyönümlü, mürəkkəb, qalmaqallı, məşəqqətlizamanında millətin tərəfində durub, imkanı daxilində öz obyektiv, ədalətli sözünü de­yib. 

1991-ci ilin 19 avqustunda Moskvada SSRİ-nin bir qrup rəhbərinin “Qorbaçov yeni­dənqurmasına” qarşı uğursuz dövlət çevrilişi cəhdi müqabi­lində avqustun 24 və 25-də Sov.İKP MK-nın son plenumu çağırıldı. Plenum Sovet İtti­faqı Kommunist Partiyasının ləğv edilməsi qərarına gəldi. Buna müvafiq olaraq Azər­baycan Kommunist Partiyası da ləğv edildi. Ölkədə “kom­munist” sözü “xalq düşməni” ifadəsinin sinoniminə çevril­di. Uzun illər xalqa, dövlətçi­liyə sədaqətlə xidmət etmiş, partiya mətbuatından daha çox kütləvi-ictimai nəşr olan “Kommunist” qəzeti də məhz bu zaman bütünlüklə xalqın tərəfinə keçdi. Nə yaxşı ki, “Kommunist” qəzetini bugün­kü “Xalq qəzeti” əvəzlədi... 

Rafiq HƏSƏNOV,
“Xalq qəzeti”nin sabiq xüsusi müxbiri



Sosial həyat