Canlı jurnalistika məktəbi

post-img

Mənim doğma “Xalq qəzeti” barədə danışmağım həm asan, həm də çətindir. Ona görə asandır ki, ömrümün, təxminən, 60 ilini “Xalq qəzeti”nin redaksiyasında keçirmiş, burada çalışan əməkdaşların çətinliklərini və uğurlarını mən də yaşamışam. Çətindir ona görə ki, qəzetin bir əsrdən çox dövrü əhatə edən fəaliyyətini tam əhatə etmək xüsusi tədqiqat işi tələb edir. 85 yaşlı ağsaqqalın belə işə girişmək imkanı nə dərəcədə olarsa, deməyə ehtiyac yoxdur. Amma bir danılmaz faktı da deməmək olmaz ki, bu mətbuat orqanı nəşr olunduğu bütün dövrlərdə Azərbaycan xalqının qəzeti olub. Onun qayğılarından, istək və arzularından yazıb, kədərinə kədərlənib, sevincinə şərik çıxıb. İnsanlar ən son yenilikləri “Xalq qəzeti”ndən öyrəniblər. Haqları tapdananda ona müraciət ediblər, məhz onun məsələyə müdaxiləsindən sonra həqiqət öz yerini tapıb.

“Xalq qəzeti”nin elə dövrləri olmuşdur ki, həftədə altı dəfə – hər gün 500 min­dən çox tirajla çıxmışdır. Bu, o deməkdir ki, hər bir Azərbaycan ailəsi onu oxuya bilib, onun haqq səsini eşidib. Qəzetin mövzu rəngarəngliyi həmişə diqqəti cəlb edib. Qabaqcıl ictimai fikrin, milli tərəqqi ideyasının təbliğinə, xalqımızın azadlıq arzularına, milli şüurun, mədəniyyətin formalaşmasına böyük təsiri olan yazı­lar oxucuları cəmiyyətdə baş verən ha­disələrə açıq gözlə baxmağa sövq edib. Həmin yazıların ritorikadan uzaq, aydın və səlis dildə, məsələlərin qoyuluşu və şərhi baxımından yüksək qəzetçilik mə­dəniyyəti səviyyəsində hazırlanmasında müxtəlif vaxtlarda bu redaksiyada çalış­mış öz dövrünün görkəmli jurnalist və publisistlərinin əməyi çox olmuşdur. 

Bu, bir faktdır ki, “Xalq qəzeti” hə­mişə xalqa, ölkə ictimaiyyətinə arxala­nıb. Onun ətrafında böyük fəhlə-kəndli müxbirlər ordusu olub. Hər gün bu qə­zetə müxtəlif peşə sahiblərindən onlar­ca məktub gəlirdi. Redaksiyada hər bir məktub diqqətlə öyrənilir, onların bir çoxu qəzetdə dərc edilirdi. Qəzet belə­liklə ictimaiyyətlə sıx əlaqə qururdu. Elə ona görə də, “Xalq qəzeti” Azərbaycan zəhmətkeşlərinin sevimli qəzetinə çev­rildi. Adamlar onun səhifələrində ölkə daxilində və beynəlxalq aləmdə baş verən ən son hadisələrlə tanış olur və bu, qəzetə marağı gündən-günə artırır­dı.

Mən şahidəm, ulu öndər Heydər Əliyevin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə respublikamız böyük ti­kinti meydançasına çevrilmişdi. Həmin prosesin təbliğində bizim qəzet öndə gedirdi. Yeni tikilən fabrik və zavodlar, neft istehsalının artırılması üçün gö­rülən tədbirlər, kənd təsərrüfatının inki­şafına göstərilən qayğı barədə qəzetdə müntəzəm yazılar verilirdi. 

Bununla yanaşı, qəzet təsərrüfat­sızlığı, israfçılığı, bürokratizmi, ölkədə gedən quruculuq işlərinə mane olan bütün mənfi halları, çatışmazlıqları daim kəskin tənqid edir, kütlələrin yaradıcılıq təşəbbüsü ilə meydana gələn qabaqcıl təcrübənin geniş yayılmasına çalışırdı. Azərbaycanda elmin, ədəbiyyatın və in­cəsənətin inkişafına dair verilən yazılar rəğbətlə qarşılanırdı. Ən görkəmli elm, mədəniyyət və incəsənət xadimləri bu qəzetin səhifələrində söz deməyə xüsu­si maraq göstərirdilər.

1941-1945-ci illər müharibəsi döv­ründə “Kommunist” qəzeti iki xətti əsas götürmüşdü: ön və arxa cəbhə xətlərinin paralel, həm də bir-biri ilə sıx bağlı işıq­landırılmasını. Müharibə qələbə ilə başa çatdıqdan sonra qəzet öz fəaliyyətinin istiqamətini dəyişdi. İndi qarşıda duran başlıca vəzifə müharibənin vurduğu zi­yanı tez bir zamanda aradan qaldırmaq, sənayeni və kənd təsərrüfatını sürətli in­kişaf yoluna çıxarmaq, insanların güzə­ranını yaxşılaşdırmaq idi. Qəzet verdiyi yazılarda daim belə bir fikri aşılayırdı ki, bunlara yalnız yaxşı işləməklə, hər bir insanın üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməsi ilə nail olmaq mümkün­dür. 

Mən bu sətirləri qələmə alarkən Azərbaycanın bugünkü həyatını və hə­min həyatın güzgüsünə çevrilən “Xalq qəzeti”nin fəaliyyətindəki müsbət ten­densiyaları qeyd etməyi də borc bilirəm. Ali Baş Komandanımızın, xalqımızın və Azərbaycan Ordusunun qətiyyəti nəti­cəsində qazandığımız şanlı Qələbəni “Xalq qəzeti” redaksiyası böyük məsu­liyyətlə işıqlandırmışdı. İndi isə qəzetin hər nömrəsindən işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin sədasını “eşi­dirik”. Son bir ildə “Xalq qəzeti”nin xalqın qəzeti elan edilməsini də alqışlayıram. 

Doğrudur, yubiley günlərində tənqidi fikirlər səsləndirilməz. Amma bir fikir ki, ümumi işlərin xeyirinədir, o, mütləq de­yilməlidir. Üstəlik, qəzetin fəaliyyətində yaranmış canlanma, müasirləşmə də bunu tələb edir. Belə ki, dövlət başçımız az qala hər həftə xalqa xidmət etməyən məmurları tənqid edir, bir çoxu işdən çıxarılır və ya cəzalandırılır. Azərbaycan mətbuatı isə heç kəsi tənqid etmir. Təbii ki, “Xalq qəzeti”ndəki bəzi kiçik tənqidlər istisna olunmaqla. 

Mənim yadımdadır, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev qəzetin, demək olar, bütün nömrələri­ni nəzərdən keçirir, böyük problemlərə toxunan yazıları təqdir edir, zəif yazı­lar barədə fikirlərini söyləyirdi. O vaxt qəzetin elm və təhsil şöbəsinin müdiri Kazım Ələkbərov Azərbaycan Elmlər Akademiyası Neft və Kimya Prosesləri İnstitutunda yüksək vəzifə tutan üç aka­demiki kadr siyasətində qohumbazlıq etdiklərinə və ümumiyyətlə, institutda narazılığa səbəb olmuş bir sıra başqa əməllərinə görə kəskin tənqid etmişdi. Heydər Əliyev məqalə dərc olunan gün qəzetin redaktoru Ağababa Rzayevə zəng vurmuş, məqalə müəllifinə təşək­kürünü çatdırmağı və bu xətti gələcəkdə də davam etdirməyi tapşırmışdı. Ölkədə yaranmış yeni ab-hava insanlarda nöq­sanlara qarşı barışmazlığı artırmışdı. Fikrimcə, həmin tendensiya bu gün də davam etdirilməlidir.

Milli mətbuatımızın bayraqdarı olan “Xalq qəzeti”ni yubiley nömrəsi və 104 illiyi münasibətilə təbrik edirəm. Yaşım çoxdur. Ona görə də özümə arzu edirəm ki, “Xalq qəzeti”nin Xankəndidəki müx­birinin hazırladığı reportajları da oxuya bilim. Oxuyaram, inşallah! O gün uzaq­da deyil. 

Telman HEYDƏROV,
“Xalq qəzeti”nin sabiq şöbə müdiri

Sosial həyat