6 ayda yataqdan 13 milyard kubmetr qaz və 2 milyon tondan çox kondensat çıxarılıb
1999-cu il iyulun 12-də Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının açılması rəsmən elan olunub. Bu münasibətlə ölkə Prezidenti, ulu öndər Heydər Əliyevin iştirakı ilə təntənəli təqdimat mərasimi keçirilib.
Açılışda ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev, əfsanəvi neftçi-geoloq, akademik Xoşbəxt Yusifzadə, eləcə də Böyük Britaniya, ABŞ, Norveç, Rusiya, İtaliya, Türkiyə, Fransa və İranın ölkəmizdəki səfirləri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyev bu əlamətdar hadisə münasibətilə neftçiləri və ölkə ictimaiyyətini təbrik edərək deyib: “Şahdəniz” yatağı Azərbaycanın Xəzər dənizindəki sektorunda, demək olar ki, ən böyük və ən zəngin neft və qaz yataqlarından biridir... “Şahdəniz” konsorsiumunun prezidentinin və başqa natiqlərin burada verdikləri məlumatlar bizi həddən artıq sevindirir və güman edirəm ki, bu, dünya miqyasında böyük bir hadisəyə çevriləcəkdir”.
Xatırladaq ki, “Şahdəniz” yatağı uzun illərdir ki, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Burada qazma işlərinə 1990-cı ildə başlanılsa da, vəsait çatışmazlığı səbəbindən işlər yarımçıq dayandırılıb. Yalnız 1996-cı ilin iyun ayında Bakıda “Şahdəniz” qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandıqdan sonra neft ölkəsi kimi tanınan Azərbaycan, eyni zamanda, iri qaz təchizatçısı kimi də dünyanın maraq dairəsinə daxil olub. Bu saziş dünyanın transmilli neft şirkətlərinin “Əsrin müqaviləsi”nin imzalanması ilə təməli qoyulmuş Azərbaycanın yeni neft strategiyasının hədəflərinin dəqiqliyinə inamı bir qədər də artırıb.
Hasilata başlanıldığı 2007-ci ilin əvvəlindən 2023-cü il iyulun 1-dək “Şahdəniz” yatağından təqribən 196 milyard kubmetr qaz çıxarılıb. Bunun da 58 milyard kubmetri Azərbaycanın daxili bazarında istifadə olunub. Energetikamızın incisi sayılan “Şahdəniz” yatağının indən belə daha 100 il Azərbaycan və tərəfdaş ölkələr üçün əsas tədarük bazası olacağı proqnozlaşdırılıb.
“Şahdəniz”in açılması rəsmən elan olunandan ötən 24 il ərzində yatağın səmərəli fəaliyyəti istiqamətində çox sayda layihələr reallaşdırılıb. Təkcə cari ilin ilk 6 ayında həyata keçirilən tədbirlər nəticəsində “Şahdəniz” qurğularının hasilat gücü gündə təxminən 72,6 milyon (ildə təqribən 26,5 milyard) standart kubmetrə çatdırılıb.
BP şirkətinin cari ilin birinci yarısının yekun hesabatına əsasən, bu dövrdə “Şahdəniz” yatağında həyata keçirilən tədbirlərə, təxminən, 1 milyard 208 milyon dollar əməliyyat xərcləri və 408 milyon dollar isə əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. Yataq üzrə hasilatın pay bölgüsü sazişi isə 1996-cı il oktyabrın 17-də ratifikasiya olunub. Bakıdan 70 kilometr cənub–şərqdə yerləşən yataq 1999-cu ildə kəşf edilib.
Hazırda “Şahdəniz 2” çərçivəsində “İstiqlal” qazma qurğusu vasitəsilə həyata keçirilən quyuların tamamlama işləri yatağın şərq–şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun aparılıb. Burada quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasının üst modullarında icra olunub. Layihə çərçivəsində şərq–şimal cinahının hasilat axın xətlərində suvurma, təmizləmə, ölçmə və hidrosınaq tədbirləri uğurla yerinə yetirilib, cinahda bütün elastik monoborular quraşdırılıb, eləcə də “Şahdəniz Bravo” platforması ərazisində qalan qoşucu qovşaqların birləşdirilməsi əməliyyatları tamamlanıb. İlin ilk altı ayında “Şahdəniz Alfa” platformasından isə quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər görülüb.
Ümumilikdə hesabat dövründə “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Başqa sözlə, yatağın şimal cinahında beş, qərbində dörd, cənub–şərqində dörd, cənub–qərbində beş və şimal–şərq cinahında üç quyu istismara hazırlanıb. İlin ilk 6 ayında, həmçinin “Şahdəniz” yatağından Azərbaycan, Gürcüstan, Türkiyə bazarlarına, çoxsaylı obyektlər üçün “Bakı–Tbilisi–Ceyhan”a (BTC) və Avropadakı alıcılara qaz çatdırılması davam etdirilib.
Birinci yarımildə “Şahdəniz” yatağının “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə, təqribən, 13 milyard standart kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilib.
Qeyd edək ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə, təxminən, 72,6 milyon (ildə təqribən 26,5 milyard) standart kubmetrdir.
Yataqda quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasının üst modullarında davam etdirilib. Layihə çərçivəsində şimal–şərq cinahının hasilat axın xətlərində suvurma, təmizləmə, ölçmə və hidrosınaq işləri uğurla yerinə yetirilib, cinahda bütün elastik monoborular quraşdırılıb, eləcə də “Şahdəniz Bravo” platforması ərazisində qalan qoşucu qovşaqların birləşdirilməsi işləri tamamlanıb. İlin ilk altı ayında “Şahdəniz Alfa” platformasından isə quyu qazılmayıb, bu müddətdə platformanın qazma qurğusunda profilaktik tədbirlər həyata keçirilib.
BP-nin kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Qordon Birrell “Argus” nəşrinə açıqlamasında Azərbaycandakı neft-qaz yataqlarının zəngin potensiala malik olduğunu bildirib. O, BP-nin “Şahdəniz” yatağında hasilatı 1,2 trilyon kubmetrə qədər artırmaq və “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokunda hasilatın təbii azalmasının qarşısını almaq təşəbbüsləri üzərində işlədiyini də vurğulayıb.
O, “Şahdəniz”də qaz hasilatının bu il 26 milyard kubmetr həcmində pik həddə çatacağını qeyd edərək xatırladıb ki, BP-nin hasilatı daha da artıracağı əsas məqsədlərdən biridir. Hazırda neft hasilatının artırılması üçün sıxlaşdırılmış qazma işləri aparılır.
BP-nin kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidentinin sözlərinə görə, Azərbaycan qazı keyfiyyətli qazdır. Hazırda bu qaz Azərbaycandan Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya vasitəsilə İtaliyaya tədarük edilir. Lakin BP və onun Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindəki tərəfdaşları AÇG-nin fəaliyyət dövrünü artırmaq üçün əllərindən gələni edirlər. AÇG-nin böyük gələcəyi var. Bu, böyük geologiyaya malik nəhəng neft yatağıdır.
Q. Birrell, eyni zamanda, zəngin ehtiyatların zamanla tükəndiyini etiraf edib: “Bizim işimiz bu azalmanı aradan qaldırmaqdır. Biz hazırda məhz bunu edirik. Hazırda BP AÇG-də iki böyük layihə üzərində çalışır. Şirkətin bir nömrəli yeni layihəsi “Azəri–Mərkəzi Şərqi” (ACE) platformasıdır. Platforma gündəlik 100 min barelə qədər neft hasil etmək üçün nəzərdə tutulub. Bu, həmçinin AÇG müqavilə sahəsinin şərqində bir sıra quyuların qazılmasına imkan verəcək”.
BP-nin kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti fikirlərinin davamında ikinci istiqamətə AÇG-də yatağın tam istismar dövrünün maksimum bərpası olduğunu qeyd edir. Bildirir ki, bu proses zamanı yuxarı Balaxanı ehtiyatlarının işlənilməsi, hasilatın azalmasının qarşısını almaq üçün daha çox qaz, su vurulması diqqətdə saxlanılır.
AÇG-də yatağı Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu sazişlə yataqların 2049-cu ilin sonunadək işlənməsi nəzərdə tutulub.
ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelə qədər hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində, ümumilikdə, 300 milyon barelə qədər neft hasil olunacağı proqnozlaşdırılır.
ACE layihəsi çərçivəsində dənizin, təxminən, 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud “AÇG Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.
BP-nin hesabatında digər bir məqam isə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) fəaliyyəti ilə bağlıdır. Hesabatda ilin birinci yarısında CQBK-nin əməliyyat xərclərinin, təqribən, 39 milyon dollar, əsaslı xərclərin isə 3 milyon dollardan çox olduğu bildirilir.
2006-cı ilin sonlarında istismara verilən CQBK boru kəməri Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. CQBK-nin genişləndirilməsi sistemi vasitəsilə kommersiya qaz həcmləri Türkiyəyə 2018-ci ilin iyun ayından, Avropaya isə 2020-ci ilin dekabr ayından etibarən ötürülür.
Yazının sonunda BP şirkətinin cari ilin birinci yarısının yekun hesabatına öz ifadəsini tapan bir məsəlini də xatırladaq. Burada bildirilir ki, 2023-cü ilin birinci yarısında Bakı–Tbilisi–Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 59 milyon dollar, əsaslı xərclərə isə 18 milyon dollar vəsait xərclənib.
BP-nin hesabatına əsasən,1768 kilometr uzunluğunda olan BTC boru kəməri istismara verildiyi 2006-cı ilin iyun ayından bu ilin ikinci rübünün sonunadək bu kəmər vasitəsilə ümumilikdə təqribən 546 milyon tondan çox (4,1 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5402 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC boru kəmərinin ümumilikdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 2023-cü il yanvarın 18-də qeyd edilib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri–Çıraq–Günəşli” neftini və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, bu kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də Qazaxıstan və Türkmənistana nəql olunur.
“Xalq qəzeti”


