Avropa İnsan Haqları Məhkəməsi həmin məlumatları açıq mənbələrdən də əldə edə bilər
Belə məlum olub ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 32 il bundan əvvəl Meşəlidə hərbi cinayətlər törətmiş erməni faşisti Vaqif Xaçatryan haqqında məlumat vermək üçün Azərbaycana bir həftə vaxt verib. Yəni Bakı avqustun 8-dək Avropanın ali femidasına Xaçatryanın cinayət əməlləri ilə bağlı sübut və dəlilləri təqdim etməlidir. Bundan əlavə, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsini həmin şəxsin olduğu yer, saxlanma şəraiti, səhhəti, göstərilən tibbi yardım və qaytarılmasının mümkünlüyü barədə məlumatlandırmalıdır.
Olduqca maraqlı bir vəziyyət yaranıb. Otuz il ərzində torpaqlarımızı işğalda saxlayan, burada mülki və hərbi xarakterli hər cür cinayətlər törədən, yüz minlərlə insanın haqqını tapdayan bir ölkə Azərbaycanı İnsan Haqları Məhkəməsinə verib.
* * *
Azərbaycanın prokurorluq orqanları haqqında başlatdığı cinayət işi üzrə 2013-cü ildə Vaqif Xaçatryanı beynəlxalq axtarışa verib və o, görülən tədbirlər nəticəsində iyulun 29-da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Laçın yolundakı Həkəri nəzarət-buraxılış məntəqəsində saxlanılıb.
Bəli, Vaqif Xaçatryan 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində qanunsuz erməni silahlı dəstəsinin tərkibində azərbaycanlılara qarşı soyqırımı cinayəti törədib. Onun cinayət əməli o dərəcədə aşkar görünür ki, məhkəmə qarşısına çıxarmaq üçün həmin sənədli xronika kifayət edir.
Ermənistanın beynəlxalq məhkəməyə müraciətindən sonra bir həftəlik vaxtla bağlı qərarın Azərbaycana göndərilməsi hansı hüquqi prinsiplərə əsaslanır? Bundan daha maraqlı məqam isə İrəvanın başkəsən terrorçu ilə bağlı müraciətinə Avropa İnsan Haqları Məhkəməsi nədən bu qədər operativ reaksiya verib?
Məsələyə aydınlıq gətirən ölkəmizin Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov qeyd edib ki, Azərbaycan üzvü olduğu İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyadan irəli gələn öhdəliklərə sadiqdir. Məhkəmənin sorğu verdiyi məlumatı ona təqdim edəcək. Ç.Əsgərov İrəvanın müraciətindəki incə məqama da diqqəti yönəldib: “Eyni zamanda, yumşaq desək, təəccüblüdür ki, Ermənistan hökuməti Avropa Məhkəməsinə belə bir müraciəti edib. Axı həmin məlumatlar elektron şəbəkədə, açıq mənbələrdə və mediada yer alıb. Görünür, Ermənistanın acizliyi artıq hüquqi müstəviyə keçib”.
“Məlumdur ki, Ermənistan Avropa təsisatları, o cümlədən, Avropa İnsan Haqları Məhkəməsi ilə yaxından əməkdaşlıq edir və bu səbəbdən ermənilərin göndərdikləri şikayətlərə bunca operativ münasibətin şahidi oluruq”, – deyən Ali Məhkəmənin sədr müavini daha sonra bildirib: “Bundan əvvəl də, bu ilin iyununda 2 erməni diversantı – Harut Yuriki Hovakimyan və Karen Aşoti Qazaryanla bağlı oxşar gedişatı izlədik. Elə həmin vaxt iki Azərbaycan əsgərinə – Aqşin Bəbirov və Hüseyn Axundova ermənilər tərəfindən işgəncə verilməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət olunmuşdu. Avropa Məhkəməsi reqlamentinin 39-cu maddəsinə əsasən, Ermənistan tərəfinin əsir götürdüyü Azərbaycan əsgərlərinə qarşı zorakılığın dayandırılması tələb olundu. Amma Avropa Məhkəməsi Azərbaycan tərəfinin bu vəsatətini qəbuledilməz saymışdı.
Azərbaycanın əsir alınmış əsgərlərinə işgəncə verilməsi barədə aşkar sübutlara baxmayaraq, heç bir mövqe bildirməyən Avropa İnsan Haqları Məhkəməsi erməni diversantları ilə bağlı “təcili qərar” çıxardı. Yəni Azərbaycandan erməni hərbçinin Azərbaycanda əsirlikdə və ya başqa statusda olması barədə iyunun 6-dək 2 məlumat verməsini tələb etdi. Deyərdim ki, burada xristian təəssübkeşliyindən daha çox qarşı tərəfin bu məhkəmə instansiyasi ilə sıx əməkdaşlığı rol oynayır. Avropa Məhkəməsi ilə işləyən erməni vəkillərin sayı həddindən artıq çoxdur. Azərbaycandan isə bu instansiya ilə əməkdaşlıq edən vəkillərin sayı çox azdır, olanların da əlaqələri zəifdir. Digər tərəfdən, Avropa Məhkəməsinə göndərilən müraciətin məzmunundan da çox şey asılıdır. Müraciətin aydın, dürüst yazılması, Avropa Məhkəməsinin işgüzar dilində olması və əsaslandırılması əsas şərtdir”.
* * *
Deməli, Avropa İnsan Haqları Məhkəməsi İrəvanın yurisdiksiyasını qəbul edib və qarşı tərəf bu məhkəmə instansiyasının qəbul etdiyi qərarı icra etməlidir. Onların tələbi budur ki, hərbi cinayətlərə görə Azərbaycanın həbs etdiyi Vaqif Xaçatryan haqqında ətraflı məlumat verilsin. Onsuz da Azərbaycan bu informasiyanı gizli saxlamır və artıq media məhkəməsiz də belə məlumatları açıqlayır.
Hazırda Vaqif Xaçatryan tibb müəssisəsində müalicə alır, onunla Azərbaycanın Ombudsmanı görüşüb, ailə üzvləri ilə əlaqə saxlamağa şərait yaradılıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərovun sözlərinə görə, Xaçatryan hazırda müalicə alır, ona qarşı verilmiş ittihamlar elan edilib, ilkin dindirilməsi həyata keçirilib. Məlumatlarda o da qeyd olunur ki, saxlanılanın səhhəti ilə bağlı həkimlər tərəfindən müayinəsi aparılıb, tibbi müayinədən sonra isə vəkillə və tərcüməçi ilə təmin edilib. Yəni, beynəlxalq hüquqda tələb olunan bütün prosedurlar gözlənilib, erməni tərəfinin Avropa Məhkəməsi qarşısında qaldırdığı haray-həşirin isə heç bir əsası yoxdur.
Sadəcə, bu insident bir həqiqəti də üzə çıxardı ki, Azərbaycan tərəfi Avropa İnsan Haqları Məhkəməsində daimi fəaliyyət göstərə biləcək səriştəli kadrların yetişdirilməsi və ora göndərilməsi istiqamətində təcili tədbirlər görməlidir. Yoxsa, beynəlxalq məhkəmədə, eləcə də Avropanın digər mülki, hüquqi təsisatlarında ermənilərin tamamilə əsassız, demoqogiyadan uzağa getməyən sərsəm iddiaları üzrə haqlı olduğumuz halda haqsız duruma düşə bilərik.
Vəziyyətdən çıxış yolu kimi indiki şəraitdə Avropa məkanında tanınmış, söz və nüfuz sahibi olan peşəkar vəkilləri Avropa İnsan Haqları Məhkəməsində öz milli maraqlarımızın müdafiəsinə yaxından cəlb etməliyik. Bir daha təkrar etmək istərdik ki, beynəlxalq məhkəmələrdə işləmək üçün savadlı vəkillərin hazırlanmasına ciddi ehtiyac var və bu boşluq doldurulmalıdır.
Bəs Xaçatryanı hansı cəza gözləyir? Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə 14 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə, 107-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə görə isə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Yəni, konkret indiki vəziyyətdə cinayətlərin cəmi qaydasında şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası məhkəmənin hökmü ilə təyin edilə bilər. Yəni, uşaq qatili Vaqif Çərkəzoviçin həbsxanada çürümə ehtimalı böyükdür.
Fikrət SADIXOV,
politoloq
İşğal etdikləri ayrı-ayrı kəndlərimizdə kütləvi qırğınlar törətmiş, Birinci Qarabağ müharibəsi dövründə dörd minə yaxın soydaşımızı əsir götürmüş, onlara olmazın əzablar yaşatmış Ermənistan indi bizi beynəlxalq məhkəməyə verir. Ötən otuz il ərzində Bakı müxtəlif beynəlxalq hüquq instansiyalarına, təşkilatlarına müraciət edib. Həmin müraciətlərin araşdırılması missiyasını ATƏT-in Minsk qrupu öz boynuna götürmüşdü. Bu qrup isə birmənalı şəkildə ermənilərin tərəfini saxlayırdı. Əgər o, bircə dəfə ədalətli qərar çıxarmış olsaydı, Azərbaycan onu tam yerinə yetirməyə hazır idi.
Müharibə cinayətləri, işğalla bağlı BMT-nin dörd qətnaməsinin olduğu da hər kəsə bəllidir. Heç biri yerinə yetirilmədi. Bəs bunu hansı hüquqi məntiqlə izah etmək mümkündür? İrəvan bir cinayətkardan ötrü hay-küy qaldırır, beynəlxalq məhkəməyə müraciət ünvanlayır. Qətiyyən şübhə etmirəm ki, bu cinayət işi ilə bağlı əlimizdə tutarlı sübutlarımız, canlı şahidlərimiz var. Üstəlik, otuz iki əvvəlki video-görüntülər və fotoşəkillər də durur. O tarixi faktların bir neçəsi artıq YouTube-də yerləşdirilib. İnsan Haqları Məhkəməsində bizə qarşı hansısa qərarın qəbul olunmayacağına qəti şübhə etmirəm. Əksinə, biz insanlığa qarşı cinayətlərdə iştirak edən, əli azərbaycanlının qanına bulaşmış şəxsi həbs etmişik. Onun üzərində ədalətli məhkəmə qurulacaq və mütləq layiqli cəzasını alacaq.
İmran BƏDİRXANLI,
“Xalq qəzeti”



