Yaxud Lavrov, Qonçar və kolxoz
Mövzuya bir lətifə ilə giriş verməyi məsləhət bildik. Belə ki, sabiq SSRİ-nin dağılmağa doğru getdiyi vaxtlarda kolxozlardan can qurtarmaq istəyənlərin sayı artır. Bu durumda kolxozun itləri yığışıb məşvərət edirlər. İt sürüsünün böyüyü olan “Şarik” bildirir ki, hələ gözləmək lazımdır, bəs perspektiv var. Vədə dolanır ikinci il də itlər yenə oxşar məşvərət keçirəndə “Şarik” yenə dillənir: gözləyin perspektiv var. Üçüncü il kolxozda, ümumiyyətlə, heç kəs qalmayanda, digər itlər “Şarik”dən perspektivin nədən ibarət olduğunu soruşurlar. “Şarik”in cavabını yazının sonunda diqqətə çatdıracağıq. Hələlik isə...
***
Yadınızdadırsa, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov iyulun 25-də özünün vasitəçiliyi ilə Moskvada keçirilmiş Azərbaycanın və Ermənistanın Xarici işlər nazirləri – Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşündən sonra açıqlama vermiş və təxminən bildirmişdi ki, digər vasitəçilərin Bakı ilə İrəvan arasında tez-tələsik hansısa sülh razılaşmasının olduğunu pafoslu təqdim etmələri yolverilməzdir, belə bir addımın atılması real nəticələr doğurmur, əksinə ziyan gətirir. Əslində, Lavrov yeni nə isə deməmişdi. Rusiya XİN-nin rəhbəri əvvəllər də oxşar fikirlərlə gündəmə gəlmişdi. Onun düşüncələri belə təəssürat formalaşdırmışdı ki, Moskva Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına razı deyil.
Ümumən, Rusiyanın arqumenti tərəflərin sülhə doğru məsafə qət etməli olduğu qənaəti üzərindədir. Məsafə nə qədərdir, bununla bağlı nə Kreml öz rəyini açıqlayır, nə də ondan bu barədə soruşan var. Birincisi, Rusiyanın həmin məsafənin uzaqlığı və ya yaxınlığı haqqında nəinki hansısa anlayışı yoxdur, heç mövzu ətrafında götür-qoy etmək belə istəmir. Ona lazım olan Rusiya sülhməramlı kontingentinin bölgədə qalmasıdır ki, onun müddətinin 2025-ci ildə növbəti müddətə uzadılması inandırıcı görünmür.
İkincisi, sülhə doğru məsafə barədə ondan soruşan yoxdur. Soruşan yoxdur, ona görə ki, hamı Moskvanın heç nə deyə bilməyəcəyindən yaxşı xəbərdardır. Mövcud durumda isə meydana Rusiyanın Cənubi Qafqazda sülhün əldə olunmasını istəmədiyinə dair nəticənin çıxması təbiidir. Təbii olmayan, Kremlin bu baxışı dəyişəcək gücdə, ən əsası səmimiyyətdə olmamasıdır. Əvəzində ölkənin siyasiləri düşüncə sırımağı üstün tuturlar. Bu işi görənlərdən biri də Rusiyanın Xarici İşlər Nazirliyinin təmsilçisi Denis Qonçardır.
Bir qədər dəqiqləşdirmə apararaq bildirək ki, D.Qonçar Rusiya XİN-nin Müstəqil Dövlətlər Birliyi üzrə dördüncü departamentinin direktorudur. O, TASS-a müsahibəsində Lavrovun aylar öncə dilə gətirdiklərini təkrarlayıb. D.Qonçar Bakı ilə İrəvan arasında tez bir zamanda sülh müqaviləsinin imzalanmasının yeni konfliktlərə yol açacağı rəyini bölüşməkdədir: “Tələsik hazırlanmış, xam sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Prioritet sürətə deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanmasına verilməlidir”.
Diqqət yetirək, Rusiyanın rəsmi təmsilçilərinin bu sayaq açıqlamaları Azərbaycanla Ermənistan arasında, bütün mövcud gərginliklərə rəğmən, sülh gündəminin aktual əhəmiyyət daşıdığı bir vaxtda düşür. Yeri gəlmişkən, ölkəmizin Prezidenti İlham Əliyev də istər “Euronews” telekanalına müsahibəsində, istərsə də Şuşada iyulun 21-23-də reallaşmış Qlobal Media Forumundakı çıxışında 2023-cü ilin sonunadək Bakı-İrəvan sülh razılaşmasına dair gözləntilərini ifadə etmişdi. Belə bir durumda başlıca məqam heç də Kreml təmsilçilərinin nə üçün anti-sülh ovqatına kökləndikləri deyil, daha çox onların gözləmək və sülh müqaviləsini sonraya saxlamaq məntiqindən çıxış etmələrini konkret hansı arqumentlə əsaslandırmalarıdır. Əsaslandırma yoxdur. Amma Rusiya anlamalıdır ki, tərəflərin sülhə doğru yol getməli olduğunu söyləməklə iş aşmır.
***
Bir məqamı da yada salaq. 2020-ci ilin Vətən müharibəsindən sonra Rusiyanın rəsmi çevrələrində Bakı-İrəvan sülh razılaşmasının vacibliyi bildirilir, lakin Qarabağın statusunun müəyyənləşdirilməsinin sonraya saxlanılmasından danışılırdı. Ancaq Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın, Qarabağ da daxil 86,6 min kvadratkilometr ərazidə suveren hüquqlarını tanıdığını bildirməsindən sonra status məsələsi təxirə düşdü. Maraqlı və təzadlı durum yaranır, elə deyilmi? Deməli, bir halda ki, Qarabağdan yapışmaq mümkünsüzdür, deməli, yapışacaq yer sülh müqaviləsinin özü olmalıdır. Hər halda, başqa cür mühakimə yürütmək mümkünsüz görünür.
Bəli, aydındır ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülhün yaranmasını özünün Cənubi Qafqaz maraqlarına zərər qismində görür. Klassik imperiya təfəkkürü – parçala və hökm sür! Bakı ilə İrəvan dil tapmasın ki, Moskva daim həndəvərdə dolaşa bilsin, özünü xeyirxah mələk qismində göstərmək imkanına malik olsun?
Əlbəttə, nə qədər cılız təsir bağışlasa da, Rusiyanın belə yanaşmasının onun maraq və mənafelərindən irəli gəldiyindən xəbərdarıq. Əslində, Azərbaycan 44 günlük müharibədən sonra öz məqsədlərinə doğru, məsələsinin fərqinə vararaq irəliləməkdədir. Yəni, ölkəmiz gözləmir ki, nə zamansa Kremlin nəzərində canlandırdığı sülh mühiti üçün şərait yetişəcəkdir. Çünki şərait yetişməyə bilər. Ona görə də, məsələ həmin şəraiti və imkanı öz gücü və potensialı ilə yaratmaqdadır. Hər halda, ölkəmiz Qarabağdakı erməni separatizminin sıradan çıxmasını daha otuz il gözləyib Kremlin, yaxud kiminsə şərait formalaşdıracağına ümid bəsləyə bilməz.
***
Sual yaranır: Rusiya fərdi maraqlarını düşünə bilirsə, nə üçün region ölkələrinin mənafelərinin mövcudluğunu saya salmır? Əlbəttə, Moskva bütün tərəfləri nəzərə aldığını bəyan edir. Ancaq onun bununla əlaqədar yalnız özünü düşünmədiyini göstərən hansısa tutarlı arqumenti varmı? Yoxdur! Ədalətli olmaq beləmi çətindir? Ədalətli həll axtarışı yalnız digər vasitəçiləri qınamaqdırmı?
Baxın, fikirlərini diqqətə çatdırdığımız Rusiya XİN-nin MDB üzrə departament rəhbəri D.Qonçar da, belə demək mümkünsə, Lavrov stilində qınamaq yolu tutur. Onun sözlərindən belə çıxır ki, vaxtaşırı olaraq Qərb paytaxtlarında Bakı və İrəvanın “demək olar ki, yaxın həftələr və aylar ərzində” sülh müqaviləsi imzalaya biləcəkləri barədə bəyanatların eşidilməsi düzgün deyil. Burada düzgün olmayan nədir? Qonçarın fikrincə, imzalanma şərtlərini tərəflər özləri müəyyən etməlidirlər. Başa düşmədik, müəyyən edən tərəflər deyil ki? Yuxarı da diqqətə çatdırdığımız kimi, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, daha nə qalır?
***
Deyəsən, Qoncar mətləbə gəlməyi unutmur. Rusiya XİN-in departament direktoru deyir ki, məsuliyyətli vasitəçilərin vəzifəsi fürsətcil mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, güclü uzunmüddətli razılaşmaların əldə olunmasına kömək etməkdir. Belə çıxdı ki, Moskvadan başqa hər kəs hər şeyi fürsət bilir. Bu, düzgün yanaşmadır? Eyni məntiqlə deyilə bilər ki, Kreml də Cənubi Qafqazda sülhün olmamasını özü üçün fürsət sayır...
Sən demə, Qonçarın baxışına görə, vəziyyətdən sui-istifadəyə yol verməməyin yolu yerlərdə hökm sürən reallıqlara, ilk növbədə, ən yüksək səviyyədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına və onların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmaq imiş. Üçtərəfli bəyanatların mexanimzləri nə dərəcədə işləkdir? İşləkdirsə, nə üçün Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələri hələ də qalır? Nəyə görə Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yolu açılmır? Buyursun, Rusiya XİN ölkə prezidenti Vladimir Putinin də imzası olan sənədin icrasını təmin etsin. Etmir və belə görünür, etmək niyyəti də yoxdur. Deməli, qonçarların da regionun ictimai rəyinə verəcəyi mesaj istisnadır.
Bəli, D.Qonçar və onun kimilər Cənubi Qafqazın ictimai rəyinə dürtülmüş şəxslərdir. İndiki halda belələrinin fikir və düşüncələri gərginliyin katalizatorudur. Əlbəttə, onu da vurğulamalıyıq ki, qonçarvari elementlərin varlığı Ermənistan üçün sərfəli görünə bilər. Elə buna görə də ölkənin mediası belələrinin baxışlarını ehkamlaşdırmaq yolunu tutur. Təbiidir ki, bu yolun perspektivi yoxdur.
Sonda əvvəldə diqqətə çatdırdığımız lətifəni tamamlayaq. Daha doğrusu, Şarikin perspektivinə aydınlıq gətirək. Beləliklə, qoca itin ondan nə üçün kolxozdan ayrılmadıqlarını soruşan digər itlərə cavabı bu cür olur: İki il əvvəl kolxoz sədri ilə müavininin söhbətini eşitmişdim. Sədr bildirmişdi ki, vəziyyət belə davam etsə, iki ildən sonra kolxozun bütün azuqəsi lazımsız olacaq və yal kimi itlərə veriləcək.
İndi görünən budur ki, Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləməyin zəruriliyi ilə bağlı bəyanatları “Şarik”in perspektivindən başqa bir şey deyil. Yeri gəlmişkən, bu perspektivə heç qonçarlar da inanmır.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

