Xunta rejimi Xankəndidə yaşayan ermənilərdən öz oyunlarında “piyada” kimi istifadə edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxsləri girov götürən separatçı rejim onun ünvanına Bakıdan səslənən davamlı tənqidi fikirlərdən sonra özünü yeni ampluada təqdim etmək qərarına gəlib. Necə deyərlər, sudan quru çıxmağa çalışır. Rejim çirkin niyyətlərini, reinteqrasiya prosesinə mane olmaq cəhdlərini artıq başqa formada reallaşdırmağa çalışır. Onlar sadə insanları qabağa verərək Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinə doğru yürüş təşkil etməyi planlaşdırırlar.
Azərbaycanın beynəlxalq normalara uyğun olaraq, aprelin 23-də Ermənistanla sərhəddə yaratdığı məntəqəni “qeyri-qanuni” adlandıran ünsürlər ölkəmizin, guya, Laçın yolu boyunca insanların və nəqliyyat vasitələrinin sərbəst hərəkətini əngəllədiyini və onları mühasirədə saxladığını iddia edirlər. Yürüşün təşkili üçün “Dəhlizin açılması uğrunda xalq hərəkatı” adlı qondarma qurum yaradılıb.
“Hərəkat”ın təşəbbüs qrupunun üzvü Artur Osipyan “Armenpress”in müxbirinə deyib ki, mövcud vəziyyətdən çıxış yolunu dinc mübarizədə görürlər: “Düşdüyümüz vəziyyətdən çıxmaq üçün biz silahsız, çoxlu sayda mülki şəxslə birlikdə Həkəri körpüsünə gedə və problemləri yerindəcə həll edə, yəni danışıqlara başlaya bilərik. Bu, o demək deyil ki, biz “Artsax”ın dövlət orqanlarını rədd edirik. Çünki belə fikirlər var. Bu, səhv yanaşmadır”.
A.Osipyanın sözlərinə görə, “xalq hərəkatı”nın köməyi ilə onlar artıq qaldırılmış məsələləri bir daha qaldıracaqlar: “Biz göstərmək istəyirik ki, “Artsax”da hansısa cinayətkarlar hakimiyyəti ələ keçirməyib və öz iradələrini diktə etməyə çalışmırlar. Əksinə, “xalq və hökumət” öz müqəddəratını təyinetmə və status məsələsində yekdildir. Bu, müstəqil xalq hərəkatıdır. Biz özümüz gedib dəhlizi (?) açmalıyıq”.
O qeyd edib ki, məqsədləri minlərlə insanın iştirak edəcəyi yürüş keçirmək və yolu açmaqdır. Çünki nə Rusiya sülhməramlıları, nə də beynəlxalq ictimaiyyət bu məsələni həll edir. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məsələsinə toxunan Osipyan əmin olduğunu bildirib ki, onlara ilk növbədə Rusiya sülhməramlıları qoşulmalı, sonra isə dünyaya bunun dinc yürüş, “xalq hərəkatı” olduğu təqdim edilməlidir. Yürüşün vaxtına gəlincə, Osipyan tələsməyəcəklərini bildirib. Deyib ki, cəmiyyətin böyük hissəsinin buna hazır olduğunu görəndə yığıncaq keçirəcəklər: “Artıq hazır olan insanlar bizə təzyiq edirlər ki, tələsin. Amma biz ora az sayda getməyəcəyik. Əsas odur ki, cəmiyyətin əksəriyyətinin dəstəyini qazanaq, indi biz bu problemi həll etməliyik. Hazırda təşkilati işlər davam edir”.
***
Yazının girişində qeyd etdik ki, separatçı rejim onun ünvanına Bakıdan səslənən davamlı tənqidi fikirlərdən sonra özünü yeni formada təqdim etməyə çalışır. Bu, havadan götürülmüş fikir deyil. Laçın yoluna doğru mülki insanların yürüşünün təşkil olunması, Artur Osipyanın “biz göstərmək istəyirik ki, “Artsax”da hansısa cinayətkarlar hakimiyyəti ələ keçirməyib və öz iradələrini diktə etməyə çalışmırlar” deməsi bunun göstəricisidir.
Məlumdur ki, Prezident İlham Əliyev Qarabağ ermənilərinin reinteqrasiyası və onları girov götürmüş rejim başçıları barədə bir neçə dəfə öz mövqeyini açıqlayıb. Dövlət başçımız sonuncu dəfə bu məsələyə iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Gürcüstandan Gela Vasadzenin Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə bağlı sualını cavablandırarkən toxunub. Qeyd edib ki, biz bu məsələ ilə bağlı öz mövqeyimizi dəfələrlə bəyan etmişik və maksimum konstruktivlik göstərmişik: “Lakin təəssüf ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah “prezident”, gah “nazirlər”, gah da “deputatlar” adlandıranlar artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər. Biz təşəbbüs göstərdik, mən Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdim və bu təmasların qurulması məqsədilə, o, Qarabağa göndərildi. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik. Ola bilərdi ki, hansısa səhv olub, onların həqiqətən də bunu istəmədiklərinə əmin olmaq məsələsində yanlışlıq ola bilərdi. Yenə də imtina etdilər. Lakin mən onda dedim ki, üçüncü dəvət olmayacaq. İstəmirlərsə, demək, istəmirlər”.
Daha sonra proseslərin xronologiyasını təqdim edən Prezident İlham Əliyev bizim bütün addımlarımızın məntiqli, əsaslandırılmış, müdrik və kifayət qədər cəsarətli olduğunu vurğulayıb: “Bu səbəbdən sərhəddə nəzarət-buraxılış məntəqəsinin qoyulması postmünaqişə dövründə mühüm mərhələ idi və şəraiti əhəmiyyətli dərəcədə dəyişdi. Həmçinin bu hərəkətlərin, hərçənd dərhal və bütün aktorlar tərəfindən heç də həvəslə deyil, tam qəbul edilməsi nəticədə legitim olaraq qəbul olundu. Bu da bir mesaj idi. Lakin biz neçə dəfə mesaj göndərməliyik, neçə dəfə işarə etməliyik? Məgər bunlar az idi? Həm Fərrux əməliyyatı, həm 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində vəziyyət, həm 2022-ci ilin sentyabrında sərhəddə vəziyyət, həm də nəzarət-buraxılış məntəqəsi. Axı biz neçə dəfə onlara mesaj verməliyik? Məgər belə anlamazdırlar?
Ona görə indi yenidən inteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bax bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır. İndi də istismar edirlər, çünki ekofəallar Laçın-Xankəndi yoluna çıxanda, Xankəndidəki sözdə “erməni rəhbərliyi” sadə vətəndaşlara bu yoldan istifadə etməyə icazə vermirdi...”
Bəli, Qarabağda sadə erməni əhali rejimin girovluğundadır. Azərbaycandan yüksək səviyyədə bəyan edilən bu həqiqət Xankəndidə də eşidilir. Odur ki, onlar indi separatçı, xuntaçı və cinayətkar olmadıqlarını göstərmək istəyirlər. Separatçılara göz dağı olan Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinə doğru yürüşün “xalq hərəkatı” adı altında təşkil olunması da bu məqsədə xidmət edir.
Ümumiyyətlə, Qarabağda yaşayan ermənilər oyunun kiçik fiqurları – piyadalarıdırlar. Daxildən separatçılar, kənardan isə xəbis niyyətli müxtəlif qüvvələr reinteqrasiya prosesinin dinc yolla baş tutmasına imkan vermirlər. İndi yürüş adı altında hansısa təxribatçı hərəkətin törədiləcəyini də istisna etmək olmaz. Ancaq qüdrətli Azərbaycan dövləti yüz belə təxribatın qarşısını ala biləcək gücə malikdir. Reinteqrasiya artıq qarşısıalınmaz prosesdir. Bunu Xankəndidə və İrəvanda da yaxşı başa düşürlər. Lakin vaxtı uzatmağa, geosiyasi durumun dəyişəcəyi nəticəsində yaranacaq hansısa möcüzəyə ümid edirlər. Möcüzə isə baş verməyəcək. Qarabağ erməniləri, nəhayət, bunu anlamalıdırlar.
Zaur MƏMMƏDOV,
Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq
– Qarabağdakı ermənilərin keçirmək istədikləri yürüş mənasız işdir. Onlar Azərbaycana reinteqrasiyanı əngəlləmək üçün müxtəlif bəhanələr axtarırlar. Hazırda Qarabağdakı separatçı rəhbərlik orada yaşayan erməniləri aldatmaqla məşğuldur. Onlar proseslərin hara doğru inkişaf etdiyini, eyni zamanda, Azərbaycanın tələblərini də çox yaxşı bilirlər. Sadəcə, özlərinə bəraət qazandırmaq üçün müxtəlif səhnəciklər düzüb-qoşurlar. Əgər ermənilər, doğrudan da, separatçılara inanırlarsa, deməli onlar düşünməyi bacarmırlar. Çünki 30 ilə yaxın dövr ərzində “qlavarlar”ın Qarabağ ermənilərini hansı acınacaqlı duruma saldığı hər kəsə məlumdur. İşğal dövründə bu işğalın legitimləşdirilməsinə dair bütün cəhdləri uğursuz olan, hətta, Ermənistan tərəfindən belə tanınmayan Qarabağ erməniləri Azərbaycanın 2020-ci il müharibəsindəki Zəfərdən sonra Azərbaycanın regionda yaratdığı reallıqlar fonunda nə edə bilərlər?! Nə qədər, nə vaxtadak müqavimət göstərəcək, reinteqrasiya prosesinin qarşısını almağa çalışacaqlar?
Ermənistanla Azərbaycan arasındakı danışıqlar prosesini Qarabağdakı ermənilərin əli ilə pozmaq istəyən xarici qüvvələr əmin olmalıdırlar ki, rəsmi Bakının tələblərini yerinə yetirməmək tarixi sənədlərin ölkəmiz tərəfindən masa üzərinə qoyulması ilə nəticələnəcək. Bu proseslər isə həmin xarici qüvvələrin ümumiyyətlə, bölgədən çıxarılmasına səbəb ola bilər.
Azərbaycan iqtidarı hazırda təmkin nümayiş etdirir. Ermənistanın və Qarabağda erməniləri girov götürənlərin adekvat addım atacağını gözləyir. Amma onlar bilməlidirlər ki, biz 2020-ci ilədək də təmkin nümayiş etdirirdik. Prezident İlham Əliyevin dediyi kimi, biz İkinci Qarabağ müharibəsinin başlanmasına qədər iki il müddətində erməni rəhbərliyinə də şans vermişik, amma onlar bundan istifadə etmədilər. Biz Laçın-Xankəndi yolunun, sadəcə, “özbaşına keçid” olduğu, Ermənistanın 2021-ci ildə istehsal etdiyi minaların bu yol vasitəsilə göndərdiyi vaxtda da şans verirdik. İndi isə ölkəmiz beynəlxalq aktorlardan addım atmalarını gözləyir. Amma onların vaxtı uzatmalarının, ermənilərin tərəfində dayanmalarının nələrə gətirib çıxardığı hamıya məlumdur. Həmin aktorların bu gün də prosesi uzatması, yeni status-kvo yaratmaq istəyi onlar üçün yaxşı nəticələnməyəcək.
Səxavət HƏMİD, “Xalq qəzeti”



