Fransa tezliklə Rusiyanı keçərək dünyanın ikinci ən böyük silah ixracatçısı ola bilər. “France24” kanalı Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatını tərtib edənlərdən biri Piter Vezemanın fikrinə istinad edərək belə iddialı bəyanatla çıxış edib.
Məlumat verilir ki, Fransa artıq Çini sıxışdırmağa müvəffəq olub və bu tendensiya davam edərsə, Qərb ölkələri bir-iki ildən sonra dünyanın aparıcı silah ixracatçılarına çevriləcəklər.
P.Vezemanın sözlərinə görə, Rusiya ilə Ukrayna arasında münaqişə qlobal silah bazarında əsaslı dəyişikliklərə səbəb olub. Ekspert iddia edir ki, silah bazarında əvvəllər ABŞ və Rusiyanın hökmranlığı vardısa, indi Fransanın dövrü gəlir. Hesablamalara görə, 2024-cü ildən 2026-cı ilə qədər olan dövrdə Paris Rusiyaya çata və hətta onu keçə bilər. Bundan başqa, analitik Fransanın Rusiyanın əvvəllər tutduğu bazarları qismən tutacağını da vurğulayıb.
Fransalı mütəxəssisin sözlərinə görə, dördüncü nəsil “Rafale” qırıcısının tədarükü bu prosesdə əsas rol oynayacaq. Belə ki, cari ilin iyul ayında Fransa prezidenti Emmanuel Makron və Hindistanın baş naziri Narendra Modi arasında keçirilən danışıqlarda Paris sərfəli müqavilələr bağlamağa nail olub. Dehlinin 26 qırıcı və 3 “Scorpene” sualtı qayığı ilə təmin edilməsi planlaşdırılır. Qətər də 24 fransız qırıcısının alınmasını nəzərdən keçirir. Kolumbiya daha 16, Serbiya isə 12 qırıcı almağa hazırlaşır. Məlumat verilir ki, hazırda Fransanın xaricə 210, Rusiyanın isə cəmi 84 hərbi təyyarə tədarük edəcəyi gözlənilir.
P.Vezeman hesab edir ki, “Rafale” indiyədək Rusiyanın Su-30MKI qırıcısı ilə uğurla rəqabət aparır. Qeyd etmək yerinə düşər ki, “Rafale” 1986-cı ildə ilk uçuşunu həyata keçirən eksklüziv fransız təyyarəsidir.
SIPRI-nin mart ayı üzrə açıqladığı hesabatda deyilir ki, son 10 ildə Fransa hərbi məhsulların satışını 59 faiz artırıb. 2021-ci ildə bu göstəriciyə görə Paris Çini keçib. 2023-cü ilə qədər Fransa silah bazarının 11 faizini tutmağa başlayıb. Bu rəqəm 5 il əvvəl 7,1 faizə bərabər idi. Rusiyanın isə bu göstəriciyə görə 16 faizlik payı 6 faizə düşüb. Nəzərə alsaq ki, 2022-ci il fevralın 24-dən sonra Rusiya hərbi-sənaye kompleksi bütünlüklə ordunun ehtiyaclarını ödəməyə yönəlib, o zaman demək olar ki, fransız silah istehsalçıları üçün müsbət tendensiya davam edəcək.Siyasi analitiklər bildirirlər ki, Fransanın mövqelərinin güclənməsinə ABŞ-ın da müəyyən təsiri var. İddialara görə, ABŞ Qərbin istehsal etdiyi silahları almaq üçün digər ölkələrə təzyiq göstərir.
Fransada 300 minə yaxın işçinin çalışdığı hərbi sənaye kompleksi var. Mütəxəssislərin sözlərinə görə, Hindistanla bağlanmış son müqavilə həm də ölkənin sualtı qayıqlarla təmin olunması baxımından diqqəti çəkir. Avstraliya ilə müqaviləyə xitam verildikdən sonra, bu, çətin vəziyyətdə olan fransız istehsalçısına kömək edəcək.
Xatırladaq ki, sualtı qayıqların tikintisi üzrə müqavilə Avstraliya tərəfindən 2022-ci il fevralın əvvəlində ABŞ və Böyük Britaniyanın daxil olduğu AUKUS İttifaqının üzvü olduqdan sonra pozulub. Hazırda amerikalılar fransızların əvəzinə avstraliyalılar üçün sualtı qayıqlar istehsal edirlər. Müqaviləni pozmaq qərarı, Paris və Vaşinqton arasındakı münasibətlərdə böhrana da səbəb olub və iki ölkə arasında münasibətlərdə “soyuq külək”lərin əsməsi Rusiya–Ukrayna münaqişəsindən sonra dayanıb.
Eyni zamanda, rusiyalı ekspertlər bildirirlər ki, Fransa silah bazarında hələ də Rusiyaya çata bilməyib. Üstəlik, fransız silah istehsalçılarının hesabatlarına baxmayaraq, bir çox cəhətdən onların işləri o qədər də yaxşı deyil. Məsələn, AMX-56 Leclerc tanklarının ixracı ilə bağlı göstəricilər belə deməyə əsas verir. Həmin tanklar Parisin lobbiçilik cəhdlərinə baxmayaraq, Ukraynaya ötürülməyib. Ona görə ki, fransız tanklarının təsirinin az olduğu bildirilib. Hazırda NATO Almaniyanın “Leopard” tanklarına üstünlük verir.
Hərbi ekspertlərin sözlərinə görə, fransızların tank istehsalından daha güclü hərbi təyyarə sənayesi var. Lakin Fransa burada NATO-nun, ən azı Avropanın şəksiz lideri ola bilmir. Birgə layihələri var, xüsusi ilə “beşinci nəsil” Avropa qırıcısının yaradılması barədə təkliflər mövcuddur. Ancaq tərəflərin bir-birinə hərbi sirləri açmaq istəməmələri və digər fikir ayrılıqlarının yaranması “beşinci nəsil” təyyarəsinin meydana çıxmasına əngəl yaradır. Buna görə də, bir sıra mütəxəssis məsləhət görür ki, Fransa hərbi sənaye kompleksinin gələcəyi ilə bağlı parlaq proqnozlar verməyə tələsmək lazım deyil.
Hazırladı:
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”



