“Gələcəyin yanacağı” – hidrogen

post-img

Ölkəmizin alternativ enerji potensialı dünyada yüksək dəyərləndirilir

Avropa İttifaqı 2050-ci ilədək karbon emissiyalarını sıfıra endirməyi hədəfləyib. Bu məqsədlə ənənəvi enerji mənbələrini ekoloji cəhətdən daha təmiz olanlarla əvəz etmək üçün mühüm tədbirlər həyata keçirilir. Ekoloji cəhətdən ən təmiz enerji növlərindən biri də yaşıl hidrogendir. Hidrogen özü yüngül qaz olduğu üçün yanma zamanı ondan üç dəfə çox istilik almaq mümkündür. Təsadüfi deyil ki, bu sahədə potensialın yüksək olmasına və ekoloji təmizliyinə görə hidrogeni “gələcəyin yanacağı” adlandırırlar. Yeri gəlmişkən, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına görə, əsrimizin ortalarına qədər enerji istehsalının 12 faizi məhz hidrogenin payına düşəcək.

Hidrogen planetimizdə ən bol ele­mentlərdən biri olmaqla yanaşı, təmiz yanacaq növü kimi getdikcə daha çox maraq kəsb edir. Hazırda Avropada “yaşıl keçid” platformasının əsas is­tiqamətlərindən sayılan hidrogenin istehsalı və ixracına nail olunması sahəsində intensiv iş aparılır. Yeri gəl­mişkən, 2016-cı il aprelin 22-də Birləş­miş Millətlər Təşkilatının Mənzil Qə­rargahında imzalanmış BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiya­sının Paris Razılaşmasında alternativ enerji mənbərindən, o cümlədən hid­rogendən geniş istifadəyə nail olmaqla emissiyaların sıfıra endirilməsi nəzər­də tutulur. Xatırladaq ki, sözügedən sazişə imza atan 171 ölkədən biri də Azərbaycan Respublikası olub. 

Qeyd edək ki, alternativ və bərpao­lunan enerji sahəsində yükək potensi­ala malik olan Azərbaycan Avropanın prioritet elan etdiyi “yaşıl enerji” platfor­masına qoşulan ilk ölkələrdəndir. Bu da təsadüfi deyil. Çünki ölkəmiz uzun illər­dir ki, Avropa İttifaqı ilə enerji sahəsində fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Avropa Komissiyası ilə bir çox sahələ­ri əhatə edən enerji dialoqu var, bura təkcə qaz deyil, həm də bərpaolunan enerji və yaşıl hidrogen daxildir. 

Bu baxımdan gələcək uğurlu əmək­daşlıq üçün Azərbaycan, ilk növbədə, ekoloji təmiz enerji, o cümlədən yaşıl hidrogen istehsalına nail olmalıdır. Bu­nun üçün isə ölkəmizin bərpaolunan enerji potensialı kifayət qədərdir. Yaşıl hidrogenə gəldikdə isə, Azərbaycan özünün zəngin qaz ehtiyatları hesa­bına hidrogen enerjisi istehsalına nail olmaq baxımından yaxşı imkanlara malikdir. Ölkəmizin “yaşıl enerji” po­tensialı artıq dünyanın bir sıra nüfuzlu elmi-tədqiqat və beyin mərkəzləri tərə­findən də yüksək qiymətləndirilir. 

Bu günlərdə Amerika Birləşmiş Ştatlarının nüfuzlu beyin mərkəzlərin­dən sayılan Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin ştatdankənar baş elmi işçisi Çarlz Ellinas deyib ki, Azər­baycan Avropanın yaşıl hidrogen təda­rükçüsü olmaq üçün çox gözəl imkana malikdir. Onun sözlərinə görə, ölkəmi­zin Avropaya ixrac etmək məqsədilə ekoloji təmiz hidrogen istehsalını inki­şaf etdirmək üçün zəngin potensialı və lazımi infrastrukturu var. 

Avropanın 2030-cu ilədək iqlim sahəsində çox iddialı hədəflərə çat­mağın və 2050-ci ilədək tullantıların səviyyəsini sıfıra endirməyin tərəfda­rı olduğunu vurğulayan Çarlz Ellinas bildirib ki, qazıntı yanacağının isteh­lakını əvəzləmək üçün “yaşıl enerji” tədarüklərinin artırılması tələb olunur. Atlantik Şuranın Qlobal Enerji Mərkə­zinin eksperti bu baxımdan ölkəmizin imkanlarının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini vurğulayıb: “Beynəlxalq Enerji Agentliyi Azərbay­canı həm daxili istifadə, həm də ixrac üçün bərpa olunan enerji mənbələrinin mühüm potensialına malik ölkə olaraq müəyyən edib. Ölkədə Avropaya ixrac etmək məqsədilə yaşıl hidrogen isteh­salını inkişaf etdirmək üçün resurs və lazımi infrastruktur mövcuddur. Avro­panın yaşıl hidrogen üzrə hədəflərinə çatmaq üçün məhdud daxili potensialı­nı nəzərə alsaq, ona idxal lazım olacaq ki, bu da Azərbaycanın qarşısında çox gözəl imkanlar açır”. 

Qeyd edək ki, nüfuzlu beyin, düşün­cə mərkəzi sayılan Atlantik Şura 1961-ci ildə NATO-nun nəzdində yaradılıb. Qərargahı Vaşinqtonda yerləşən şura­nın təsis edilən zamanı əsas məqsədi NATO-ya üzv ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsindən ibarət olub. Atlantik Şura siyasi, işgü­zar və intellektual liderlərin forumu kimi yüksək nüfuza malikdir. Bir çox qlobal siyasət və iqtisadiyyat yönümlü proq­ramları və layihələri inkişaf etdirən şu­ranın 10 regional mərkəzi mövcuddur.

Yeri gəlmişkən, hazırda bütün dün­yada hidrogenin istehsalı və istifadəsi ilə yanaşı, onun ixracı məsələsi də xü­susi aktuallıq kəsb edir. Mütəxəssislər bu yanacağın boru kəmərləri ilə nəqlini ən optimal variant hesab edirlər. Ha­zırda bunun üçün məqbul sayılan iki variant üzərində iş gedir. Birinci vari­ant hidrogenin nəqli üçün ayrıca boru kəmərlərinin çəkilməsi ilə bağlıdır. Di­gər variant isə mövcud magistral qaz kəmərlərinin hidrogenin daşınması üçün modernləşdirilməsini və yenidən qurulmasını nəzərdə tutur. 

Ekspertlər Azərbaycanın gələcək­də istehsal edəcəyi hidrogeni dünya bazarlarına ixracı üçün Cənub Qaz Dəhlizinin imkanlarından istifadəni ən məqbul variantlardan biri hesab edirlər. Onların fikrincə, hidrogen qa­rışığının elə təbii qazla birlikdə ixra­cı mümkün olacaq. Bununla yanaşı, hazırda hidrogen ixracı üçün ayrıca boru kəmərinin çəkilməsi imkanları da nəzərdən keçirilir. 

Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən aparılan tədqiqatlar Azərbaycanda ekoloji cəhəfdən təmiz hidrogen istehsalının məqsədəuyğun olduğunu təsdiq edib. Bununla yanaşı, adıçəkilən bankın dəstəyi ilə Niderlan­dın tanınmış “Advision” şirkəti Azərbay­canın hidrogen potensialının qiymətlən­dirilməsi ilə bağlı təhlilini yekunlaşdırıb. Qurumun hesabatında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alıb. 

Bütövlükdə, Azərbaycan böyük qaz yataqları, zəngin ehtiyatları he­sabına hidrogenə keçid baxımından yaxşı imkanlara malikdir. Hidrogenin istehsalı üçün isə ölkəmizdə yeni emal müəssisəsi tikilməlidir. Həmin müəs­sisənin günəş panellərindən və külək qurğularından alınan enerji hesabına fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Azərbaycan Respublikası Bərpa Olu­nan Enerji Mənbələri Dövlət Agentliyi­nin məlumatına görə, artıq ölkəmizdə hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanmasına başlanılıb. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat