I yarımildə ixrac 18 milyard ABŞ dolları təşkil edib

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayına əsasən, cari ilin 6 ayı ərzində Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Cari ilin I yarımilində yeyinti məhsulları üzrə ixrac 459,9 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 13,1 faiz artaraq 478,2 mil­yon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsulları­nın yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1 faiz artaraq 109,2 milyon ABŞ dolları təşkil edib.

Bu ilin ötən 6 ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (314,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (120,7 mil­yon ABŞ dolları) ikinci, pambıq mahlıcı (68,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

Hesabat dövrü ərzində Rusiya Federasiyasına 552,3 milyon ABŞ dolları, Türkiyəyə 512,5 milyon ABŞ dolları, Gürcüstana 180,3 milyon ABŞ dolları, İsveçrə Konfederasi­yasına 68,6 milyon ABŞ dolları, Qazaxıstana isə 58 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

“Xalq qəzeti”

İqtisadiyyat