Asiya İnfrastruktur İnvestisiya Bankı ilə “yaşıl” və dayanıqlı əməkdaşlıq

post-img

Bu qurum TANAP layihəsi üzrə ölkəmizə 600 milyon dollar kredit ayırıb

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti Konstantin Limitovski ölkəmizə rəsmi səfərə gəlib. Bank rəsmisi səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə E.Əliyev Azərbaycanın Asiya İn­frastruktur İnvestisiya Bankı ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Nazir müavini AİİB-in “ya­şıl” və dayanıqlı gələcəyin təmin olunması istiqamətində fəaliyyə­tini, həmçinin üzv ölkələrə güclü iqtisadiyyat qurmaqda dəstəyinin əhəmiyyətini vurğulayıb. O, bankla Cənub Qaz dəhlizi layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmiryol infrastrukturu və digər nəqliyyat-tranzit və logistika la­yihələri çərçivəsində əməkdaşlığa dair fikirlərini bölüşüb.

AİİB-in investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Li­mitovski təmsil etdiyi qurumun Asi­ya regionunda iqtisadi artımın sti­mullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçir­diyi tədbirlərdən bəhs edib. Bankın Azərbaycanla səmərəli əməkdaşlı­ğını qeyd edən qonaq tərəfdaşlığın gələcək inkişaf imkanları barədə fikirlərini bölüşüb. Görüşdə, həm­çinin tərəflər arasında potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-in Azərbaycanda gələcək fəa­liyyət prioritetləri, o cümlədən “yaşıl enerji” və infrastrukturun inkişafı üzrə perspektiv layihələr haqqında müzakirələr aparılıb.

Yeri gəlmişkən, bu, Asiya İnf­rastruktur İnvestisiya Bankının vit­se-prezidenti Konstantin Limitovskinin başçılıq etdiyi nümayəndə heyətinin cari ildə ölkəmizə ikinci səfəridir. Xatırladaq ki, fevral ayın­da baş tutmuş ilk səfər zamanı Konstantin Limitovski ilə iqtisadiy­yat naziri Mikayıl Cabbarov, ma­liyyə naziri Samir Şərifov və Azər­baycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov arasında görüşlər keçirilmişdi. 

Həmin görüşlərdə Azərbayca­nın AİİB ilə əməkdaşlığa xüsusi önəm verdiyi, bankın “yaşıl” və da­yanıqlı gələcəyin təmin olunması is­tiqamətində fəaliyyəti, həmçinin üzv ölkələrə güclü iqtisadiyyat qurmaq­da dəstəyinin əhəmiyyəti vurğulan­mış, tərəflər arasında energetika, infrastruktur, nəqliyyat sahələrində investisiya layihələrinin maliyyələş­dirilməsi istiqamətində əməkdaşlı­ğın genişləndirilməsi perspektivləri müzakirə edilmişdi. Eyni zamanda, tərəflər potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-in Azərbay­canda gələcək fəaliyyət prioritetləri, bankın maliyyə dəstəyi ilə ölkəmiz­də layihələrin həyata keçirilməsi imkanları haqqında müzakirələr aparmışdılar. 

Xatırladaq ki, baş ofisi Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən və nizamnamə kapitalı 100 milyard dollar olan Asiya İnf­rastruktur İnvestisiya Bankı 2014-cü ildə yaradılıb. Həmin gün Asiya qitəsinin 21 ölkəsi bu nəhəng inves­tisiya bankının yaradılması məqsə­dilə memorandum imzalayıblar. Hazırda bankın dünyanın 106 ölkə­sində səhmdarları mövcuddur. 

Bankın əsas fəaliyyət istiqaməti etibarlı investisiyalar üçün uzun­müddətli maliyyələşdirmənin təq­dim edilməsi, eləcə də əsasən Asiya regionunda həyat şəraitinin yaxşılaşdırılması və iqtisadi inki­şafın təmin edilməsindən ibarətdir. Asiya qitəsində iqtisadi artımın sti­mullaşdırılması və infrastruktura bağlı layihələri maliyyələşdirən AİİB, həmçinin regionda kənd təsərrüfatının və infrastrukturunun inkişafı, enerji təchizatı, ətraf mü­hitin mühafizəsi, nəqliyyat və te­lekommunikasiya, su təchizatı və kanalizasiya, şəhərsalma və logis­tik mərkəzlərin yaradılmasında da xüsusi fəallığı ilə seçilir. 

Son 7 ildə AİİB-in əməliyyat portfeli 35 milyard dollara çatıb. Ötən müddətdə bank öz missiya­sına uyğun olaraq Asiya ölkələrinin infrastruktur baxımdan inkişafını dəstəkləməkdə davam edib. Asiya İnfrastruktur İnvestisiya Bankı ölkə­mizlə əməkdaşlığa isə 2016-ci ildə başlayıb. Belə ki, həmin il iyunun 24-də adıçəkilən banka üzv seçilən Azərbaycan Respublikası ötən müddətdə dünyanın bir sıra bey­nəlxalq maliyyə-iqtisadi qurumları ilə yanaşı, AİİB ilə də fəal əməkdaş­lıq edib. Ötən 7 ildə bankdan dövlət zəmanəti ilə 2 layihə üzrə kreditlər cəlb edilib. Artıq hər iki layihənin ic­rası başa çatdırılıb.

Yeri gəlmişkən, AİİB-in Azər­baycanda maliyyələşdirdiyi ilk la­yihə Cənub Qaz Dəhlizinin mühüm seqmentlərindən sayılan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisi ilə bağlı olub. Belə ki, 2016-cı ilin dekabr ayında bank TANAP-ın çəkilişi üçün Azərbayca­na 600 milyon dollar məbləğində kredit ayırıb. Bu, həm də ölkəmizin AİİB-lə əməkdaşlığının uğurlu nü­munələrindən sayılır. 

Bankın Azərbaycan üçün ayır­dığı ikinci kredit isə 2021-ci ilin iyul ayına təsadüf edib. Xatırladaq ki, həmin vaxt bank Azərbaycan Respublikasının “COVID-19-a Ak­tiv Müdaxilə və Xərclərə Dəstək Proqramı” adlı layihəyə 100 milyon dollar məbləğində kredit ayırıb. Hə­min vəsait ölkəmizdə COVID-19 infeksiyasının mənfi tibbi, sosial və iqtisadi təsirlərinin azaldılması üzrə hərtərəfli planın həyata keçirilmə­sinə yardım məqsədi daşıyıb. 

Elə bankın məlumat bazasında da proqramın məqsədinin Azər­baycan hökumətinin COVID-19 pandemiyasının əhalinin sağlamlı­ğına, gəlirlərinə və iqtisadi imkan­larına, həmçinin makroiqtisadi sa­bitliyə mənfi təsirinin azaldılmasına yönəlmiş maliyyə dəstəyi tədbirlə­rini dəstəkləməkdən ibarət olması göstərilir.

Asiya İnfrastruktur İnvestisiya Bankı Azərbaycanla əməkdaşlığı bundan sonra da genişləndirməyə, ölkəmizin iqtisadi inkişaf prioritetlə­rini dəstəkləməyi davam etdirmək niyyətindədir. Bu isə Asiyanın qa­baqcıl maliyyə qurumunun ölkə­mizə olan inam və etibarından irəli gəlir.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat