Azərbaycan Qazaxıstana gəmi verib lokomotiv alacaq

post-img

İki ölkə arasında ticarət əlaqəsi ilin əvvəlindən 64 faiz artıb

Azərbaycan Qazaxıstan istehsalı olan dəmir yolu lokomotivlərinin Azərbaycana idxalı və ölkəmizdən gəmilərinin bu dövlətə ixracı layihələrinin qısa zamanda həyata keçirilməsində maraqlıdır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə görüşündə deyib.

Söhbət zamanı nazir Orta Dəhlizin rəqəmsallaşdı­rılmasının və nəqliyyat-logistika sahəsində “vahid pən­cərə” sisteminin yaradılmasının vacibliyini vurğulayıb. M.Cabbarov hazırkı geoiqtisadi vəziyyətdə ölkəsinin Azərbaycan–Qazaxıstan iqtisadi əməkdaşlığının sürət­ləndirilməsində maraqlı olduğunu təsdiqləyib.

Qazaxıstanın Azərbaycandakı səfiri də, öz növbə­sində, Qazaxıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni səviyyəyə yüksəldiyini bildirib. A. Bayel qeyd edib ki, dövlət başçılarının 2022 və 2023-cü illərdəki qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlıqda yeni mərhələyə qədəm qoyulduğunu göstərir. Diplomat Qazaxıstanın Baş naziri Əlixan Smailovun iyun ayında Azərbaycana rəsmi səfərinin məhsuldar olduğunu, bu­nun nəticəsində 11 birgə sənədin imzalandığını vurğu­layıb.

Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yol­ları administrasiyaları tərəfindən birgə müəssisənin yaradılmasına, Xəzər dənizinin dibi ilə fiber-optik xəttin çəkilməsi üzrə birgə müəssisənin yaradılmasına dair, eləcə də Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinin həcminin artması ilə bağlı sənədlərə xüsusi əhəmiyyət verilir.

Qeyd edək ki, Qazaxıstan Azərbaycana dəyəri 300 milyon ABŞ dollarından çox olan 100 adda əmtəə ixra­cını artırmağa və ikitərəfli ticarət dövriyyəsinin həcmini 1 milyard ABŞ dollarına çatdırmağa hazırdır. 2023-cü ilin yanvar-may aylarında Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 50 faiz– 162,5 milyon ABŞ dollarından 243,6 milyon ABŞ dollarına qədər artıb. Cari ilin əvvə­lindən Orta Dəhliz üzrə ticarət dövriyyəsi 64 faiz arta­raq 1 milyon tonu ötüb.

“Xalq qəzeti”

İqtisadiyyat