Azərbaycan Transxəzər qaz kəmərinin reallaşmasını fəal dəstəkləyir

post-img

Prezident İlham Əliyevin bu məsələdə mövqeyi aydın və qətidir

Son günlər təbii qazın Mərkəzi Asiyadan Azərbaycan ərazisilə Türkiyəyə nəqlini nəzərdə tutan Transxəzər qaz kəməri ideyası yenidən müzakirə obyektinə çevrilib. Azərbaycan dövlətinin mövqeyi isə bu məsələdə dəyişməz olaraq qalır. İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev məsələ ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib. 

Dövlətimizin başçısı italiyalı jurnalistin Türkmənistan qazının Azərbaycan üzərindən nəql imkanları ilə bağlı sualını cavablandırarkən bildirib ki, bu, ölkəmizin təşəbbüsü ilə başlayacaq bir layihə deyil. Azərbaycanın təşəbbüskarı olduğu layihələrin ölkələrin resurslarına əsaslandığını vurğulayan Prezident İlham Əliyev deyib: “Biz Cənub Qaz Dəhlizi layihənin təşəbbüskarıyıq, əsas səhmdarlarından biriyik və əslində, biz o layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin də əlaqələndiricisi kimi çıxış edirik. Bildiyiniz kimi, bu layihə müvəffəqiyyətlə icra olunmuşdur və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı Panavropa qaz tədarükçüsü adlandırır. Bizim, sözsüz ki, Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ümidvaram ki, ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək”.

Transxəzər layihəsinə gəldikdə isə, dövlətimizin başçısı bildirib ki, bu layihə bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Bu səbəbdən də həmin təşəbbüsün irəli sürülməsinin və yaxud ona sərmayə yatırılmasının Azərbaycandan asılı olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, biz  mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. 

Azərbaycan Prezidenti Xəzər dənizinin Şərq sahillərindən əlavə qaz ehtiyatlarının ölkəmizin ərazisindən Türkiyə və Avropa bazarlarına  çatdırılması üçün Transxəzər sualtı qaz boru kəmərinin çəkilişinin, eləcə də  Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizi kimi yeni infrastrukturun yaradılmasının vacibliyini önə çəkib. Bununla belə, bu mühüm layihəni kim tərəfindən maliyyələşdiriləcəyi sual olaraq qalır. 

Dövlətimizin başçısının Şuşadan səsləndirdiyi mesaj bir sıra mətləblərə aydınlıq gətirir. Həmin suala cavab tapılana qədər layihənin icrasının və yaxud da bu məsələ haqqında düşünməyin bir o qədər real olmayacağını vurğulayan Prezident İlham Əliyev hazırda Avropa banklarının mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirmədiklərini xatırladaraq bildirib ki, Transxəzər layihəsi üçün ciddi vəsait cəlb etmək çətin olacaq: “Lakin kimsə Transxəzər boru kəmərini inşa etmək istəsə, biz şad olarıq. Nəticədə, bizə əlavə tranzit rüsumları ödəniləcək və yeni əməkdaşlıq imkanları yaranacaq”.  

Qeyd edək ki, təbii qazın Azərbaycan ərazisi ilə Türkiyəyə nəqlini nəzərdə tutan  Transxəzər qaz kəməri ideyası ilk dəfə 1997-ci ildə irəli sürülüb. Bundan da məqsəd Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək həmin kəmərlə Türkmənistan qazının Türkiyəyə nəqlindən ibarət olub. Həmin vaxt Türkiyənin “Botaş” şirkəti ilə Türkmənistanın “Türkmənqaz” Dövlət Konserni arasında illik 30 milyard kubmetr olmaqla qazın alqı-satqısına dair kommersiya sazişi imzalanıb. 

Sözügedən sazişə görə, “Botaş” Türkmənistan qazını tam həcmdə almağı və bunun 10 milyard kubmetrini Türkiyənin daxili bazarında satmağı planlaşdırırdı. Digər həcmləri isə Avropaya ixrac etməklə bu infrastrukturun yaradılması və özünün xərclərini kommersiya baxımından qarşılıqlı faydalı bir şəraitdə çıxarmalı idi. Bununla bağlı 30 milyard kubmetr ötürmə qabiliyyəti olan boru kəmərinin Türkmənistandan Bakı yaxınlığına, Səngəçal terminalına  çəkilməsi, Azərbaycan və  Gürcüstan ərazisindən keçməklə Türkiyə ərazisinə daxil olması nəzərdə tutulurdu. 

Daha sonra layihənin müzakirəsi və tranzit ölkələrlə bu prosesin tənzimlənməsi ilə bağlı danışıqlara başlanılıb. Lakin uzun illər keçməsinə baxmayaraq, Transxəzər qaz kəməri layihəsi, hələ ki, müzakirə mərhələsindən o yana keçə bilmir. 

İlham ŞABAN, 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa mediaforumunda Transxəzər qaz kəməri ilə bağlı dediklərinə Türkmənistan Xarici İşlər Nazirliyi münasibət bildirib. Açıqlamanın sonunda layihənin istehsalçı, tranzit ölkələr və istehlakçıların maraqlarına xidmət etdiyi vurğulanır. Bununla belə, türkmənlər layihənin tarixi kimi 2007-ci ili – Berdımuhemmedovun hakimiyyətə gəldiyi ili götürürlər. Halbuki onun əsası 1997-ci ildə Türkiyə ilə imzalanan müqavilə ilə qoyulub. 

Əgər belə səmərəli, maneəsiz layihədirsə, 20 ildən yuxarıdır niyə həyata keçirilmir? Xatırladaq ki, “Nabukko” layihəsi 10 il ərzində müzakirə edilsə də, sonda uğursuzluğa düçar oldu və 2013-cü ildən tarixə qovuşdu. Çünki o, istehlakçıya ucuz qaz vəd etmirdi. Özü də Cənub Qaz Dəhlizi Avropanın cənubuna – İtaliyaya gedirsə, Nabukkonun Avropa qaz bazarının mərkəzinə – Avstriyaya çəkiləcəyi nəzərdə tutlurdu. Bununla yanaşı, Cənub Qaz Dəhlizinin uzunluğu 3 min kilometrdirsə, Nabukko kəməri 4 min kilometr olacaqdı. Bu kimi layihələrdə isə əsas diqqət onunla nəql ediləcək qazın iqtisadi baxımdan səmərəliliyinə yönəldilir.

Rəsmi Aşqabadın qənaətincə, Transxəzər qaz kəmərinin reallaşması Azərbaycanla Türkmənistan arasında Xəzərin dibinin bölünməsi məsələsinə bağlıdır. Yəni, Aşqabad yenə də Xəzərin dibinin sektoral olaraq bölünməsini, ümumən, qəbul etsə də, amma özünə sərf edən “ayrıca məqamlar”ın (Abşeron yarımadası, Çilov adası kimi coğrafi subyektlərin orta xəttə təsiri) nəzərə alınmamasında Bakı ilə olan əvvəlki fikir ayrılıqlarını yenidən gündəmə gətirir.

Fikrimcə, 2021-ci ilin yanvarında Türkmənistanla “Dostluq” yatağının birgə işlənməsinə dair imzalanmış sazişin indiyə qədər kağız üzərində qalması da məhz rəsmi Aşqabadın tez-tez dəyişən mövqeyinin nəticəsidir. İndi sual olunur: Bəs Aşqabad nədən dövlət səviyyəsində belə bir açıqlama ilə çıxış edir? Düşünürəm ki, Türkmənistan, ilk növbədə, özünün qaz resurslarının çoxşaxəli şəkildə beynəlxalq bazarlara çıxarılmasında maraqlı olmasını gündəmdə saxlamağa çalışır. 

Eyni zamanda, o taylı qonşumuz bu ideyanın gerçəkləşdirilməsi yönümündə əsas baryerin Xəzərin dibinin bölüşdürülməsinə dair Azərbaycanla olan fikir ayrılığını qabardır. Ən əsası, Türkmənistan özünün qaz ehtiyatlarının indiyə qədər Avropadakı istehlakçılara çatdırılmaması üçün bütün məsuliyyəti rəsmi Brüsselin üstünə yıxmağa səy göstərir. Bu isə Kremlin maraqları ilə tam üst-üstə düşür.

 

Mirbağır YAQUBZADƏ, 
Xalq qəzeti”

 



İqtisadiyyat