Qeyri-neft sektoru ümumi iqtisadi inkişafı sürətləndirib

post-img

Bu sahədə artım 6 ayda 6,5 faiz olub

Azərbaycanda ümumi iqtisadi artımın əsas hissəsinin neft strategiyasının uğurlu nəticələri hesabına təmin olunmasına baxmayaraq son illər qeyri-neft sektorunda da xüsusi fəallıq nəzərə çarpır. Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. 

Fikrimizin təsdiqi üçün qeyd edək ki, 2010-cu ildə respublikamızın qeyri-neft sektorunda 18,4 milyon manatlıq məhsul istehsal olunduğu halda, çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın həssas olduğu indiki dövr­də qeyri-neft-qaz sənayesində artım neft–qaz sənayesindəki artımı üstələyib. Mövcud sahədə əlavə dəyər 2023-cü ilin birinci yarımilliyində 6,5 faiz artıb. Ümumi olaraq isə qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə olunub.

Bu uğurlu göstəricilərin əldə edilməsində dövlətimizin başçısının rəhbərliyi ilə ardıcıl və sistemli surətdə həyata keçirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu proqram şübhəsiz ki, ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturuna malik sənaye zonalarının inkişafını sürətləndirib. Belə vəziyyət   ölkənin ixrac qabiliyyətinin güclənməsinə, idxalı əvəz edən məhsulların istehsalının artırılmasına da əhəmiyyətli təsir göstərib.     

Qeyri-neft sektorunun inkişafına sənaye zonalarının müsbət təsirindən danışarkən, xatırladaq ki, indiyədək bu sahədə 10,23 milyard manat dəyərində məhsul satışı həyata keçirilib və onun 3,35 milyard manatlıq hissəsi ixrac edilib. Cari ilin birinci yarısında isə 1,4 milyard manat məhsul satılıb ki, bunun da 33,6 faizi ixracın payına düşüb. Bugünədək   sənaye zonalarında ümumi investisiya dəyəri 7,18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i və yaxud 51,9 faizi  istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarına 6,56 milyard manat investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb.  

Onu da qeyd edək ki, hazırda sənaye zonaları və aqroparklarda  sahibkarlar üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur. Bununla yanaşı, sahibkarlara vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir. 

Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da bərpa prosesi indiyədək sənayeləşmə siyasəti ilə paralel aparılıb. “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 20-ə yaxın sənaye müəssisəsi qeydiyyata alınıb. Düşməndən təmizlənən ərazilərdə kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatının yaradılması nəzərdə tutulub.

Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 3 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən bu zonaya 21 milyon manatdan çox investisiyanın yatırılması, 270-dən artıq iş yerinin yaradılması planlaşdırılıb. Hazırda “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlər üçün infrastrukturun qurulması istiqamətində işlər aparılır. Digər sənaye parklarında olduğu kimi, burada da sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır.

Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidentlərinin ümumi investisiya həcmi isə 36 milyon manata yaxın olan layihələrinin reallaşması nəticəsində 130-dan çox daimi iş yerinin yaradılması planlaşdırılıb. Burada rezidentlik statusu verilən sahibkarlıq subyektlərinin sayı 14-ə çatdırılıb.  

Hazırda iqtisadi zonalarda ixrac fəaliyyətinə xüsusi diqqət yetirilir. Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “SOCAR Karbamid” zavodu tərəfindən istehsal olunan məhsulların “Made in Azerbaijan” brendi ilə dünyanın 23 ölkəsinə (Brazilya, Hindistan, Türkiyə, Rusiya, İsrail, Polşa, Yunanıstan, Rumıniya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s.) ixrac edilməsi bunun parlaq nümunəsidir. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına əsasən, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Hesabat dövrü ərzində yeyinti məhsulları üzrə ixrac 459,9 milyon ABŞ dollarına bərabər olub.

Bu ilin ötən 6 ayında aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 13,1 faiz artaraq 478,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1 faiz artaraq 109,2 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə  ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (314,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (120,7 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (68,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.  

“İxrac icmalı”nda göstərilib ki, 2023-cü ilin iyul ayında “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 22,6 milyon ABŞ dollarına çatıb.   

Vəkil HÜSEYNOV, 
iqtisadçı-ekspert

Qeyri–neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilat və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.

Son 20 il ərzində respublikada yüzlərlə müasir sənaye müəssisəsinin, yeni istehsal sahələrinin, müxtəlif bölgələrdə sənaye parklarının yaradılması isə həm iş yerlərinin açılmasını, həm də qeyri–neft sənayesinin inkişafını sürətləndirib və  daxili tələbatın ödənilməsində yerli məhsulların payının əhəmiyyətli dərəcədə artmasına, ixrac imkanlarının genişlənməsinə gətirib çıxarıb.  

Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var.

Sənaye zonaları və aqroparkların təşəkkülü də belə demək mümkünsə, bax, bu cür  əlverişli şəraitin məhsuludur. Bu müəssisələrdə sahibkarlar üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur. Belə ki, sahibkarlara təşkilati dəstəklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir. 

Həmin parklarda rezidentlər üçün dövlət vəsaiti hesabına müasir və geniş infrastruktur təchizatı “birbaşa qoşulma” (“Plug&Play”) prinsipi əsasında gerçəkləşdirilir. Dövlət vəsaiti hesabına yaradılmış müasir infrastruktur sahibkarlara öz vəsaitlərini birbaşa layihənin icrasına   yönəltmələrinə imkan yaradır. Sənaye məhəllələrində tam infrastrukturla təmin edilən torpaq sahələri, həm də hazır tiklilər sahibkarlara uzunmüddətli icarəyə verilir.

Sahibkarlığın İnkişafı Fondu tərəfindən hər il bu qurumun müşahidə şurasının qərarı ilə müəyyənləşdirilən prioritet istiqamətlər üzrə güzəştli kreditlər müvəkkil kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı və s.) vasitəsilə verilir.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

 



İqtisadiyyat