Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb.
SOCAR-dan bildirilib ki, görüşdə cari ilin ilk 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə verilən tapşırıqları rəhbər tutaraq layihənin icrası ilə bağlı görüləcək işlər müzakirə edilib.
Görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ilkin hasilat sxemi mərhələsi üzrə bu ayın əvvəlində hasilata başlanılmasından məmnunluq ifadə olunub, layihənin cari vəziyyəti və ölkəmizin hasilat potensialının artırılması baxımından əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsi iki mərhələdə həyata keçirilir. İHS layihəsi çərçivəsində hazırda gündəlik 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat hasil olunur.
“Xalq qəzeti”

