Dövlət Neft Fondunun aktivləri 55 milyard dollara çatıb

post-img

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ölkəmizin əsas gəlir mənbəyi kimi həm dövlət büdcəsinin formalaşdırılmasında, həm də bir sıra ümummilli layihələrin reallaşdırılmasında əvəzsiz maliyyə mənbəyi rolunu oynayır. 2023-cü il iyunun 30-na ARDNF-in aktivləri ilin əvvəlinə (49 milyard 33,6 milyon ABŞ dolları) nisbətən 12 faiz artaraq 54 milyard 915,1 milyon ABŞ dolları olub.

Dövlət Neft Fondundan verilən mə­lumata görə, cari ilin yanvar-iyun ayları ərzində fondun büdcə gəlirləri 11 milyard 701,4 milyon manat, büdcə xərcləri isə 2 milyard 680,8 milyon manat təşkil edib. Hesabat dövründə ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 624,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satı­şından 7 milyard 854,6 milyon manat, bo­nus ödənişləri 765,3 milyon manat, tran­zit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 3 milyard 77,1 milyon manat təşkil edir. Bütövlükdə isə, valyuta məzənnələ­rinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəlirləri 977, 6 milyon manat olub. Yanvar-iyun ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 11 milyon manat təşkil edib.

Azərbaycan Respublikasının suveren fondu olan ARDNF-in ölkə iqtisadiyyatın­da ən böyük rolu onun dövlət büdcəsinə transfertindən başlayır. Bu isə 2003-cü ilə təsadüf edir. Bu il həmin əlamətdar ha­disənin 20 il tamam olur. Ötən müddətdə Azərbaycan xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində əldə etdiyi neft gəlirlərini dövlət büdcəsi xətti ilə ölkə iqtisadiyyatı­na, əhalinin həyat səviyyəsinin yaxşılaş­dırılmasına yönəldib. Təkcə onu qeyd et­mək kifayətdir ki, 2003-cü ildən etibarən Dövlət Neft Fondunda olan kapitalın təqribən 140,6 milyard manatdan artıq hissəsi məhz dövlət büdcəsinə transfert edilib. Bu da ümumi xərcləmənin fak­tiki olaraq 95 faizi deməkdir. Büdcəyə transfert olunan vəsaitlər isə öz növbə­sində Azərbaycanın istər infrastruktur, istər elm və təhsil, istərsə də sosial və iqtisadi cəhətdən inkişaf etməsində mü­hüm rol oynayıb. Yanvar–iyun aylarında ARDNF-in 2023-cü il büdcəsinin icrası çərçivəsində 2 milyard 661 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Bütövlükdə isə, 2007-2022-ci illər ərzin­də bizim büdcə gəlirlərinin məhz yarısı Azərbaycan Dövlət Neft Fondunun vəsa­itləri hesabına təmin edilib.

Cari ilin ilk yarısında aktivlərin artımı ARDNF-in büdcə gəlirlərinin büdcə xərc­lərini üstələməsi, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində mü­şahidə edilib. Fonddan bildiriblər ki, ilin əvvəlindən iqtisadi canlanma müşahidə olunsa da, sərt monetar siyasətin davam etməsi iqtisadiyyatda yavaşlama riskini artırıb. Eyni zamanda, inflyasiyanın apa­rıcı mərkəzi bankların hədəf dərəcələ­rindən hələ də yuxarı olması gələcəkdə faiz dərəcələrinin artmasını istisna etmir. Aktivlərin həcminin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas val­yutaların məzənnələrinin ABŞ dollarına qarşı güclənməsi ilə büdcədənkənar gə­lirlər töhfə verib. 

ARDNF fəaliyyət göstərdiyi illər ərzin­də bir sıra məqsədli dövlət proqramlarının və layihələrin icrasına mühüm töhfələr verib. Belə ki, ötən müddətdə fond tərəfin­dən qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problem­lərinin həlli ilə bağlı tədbirlərin, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Oğuz–Qəbələ–Bakı su kəmərinin, Samur-Abşeron suvarma sis­teminin yenidən qurulmasının, “Cənub qaz dəhlizi”nin, Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının, həmçinin “Azərbaycan İnvestisiya Şirkəti”nin nizamnamə kapi­talının formalaşdırılması kimi tədbir və layihələrin maliyyələşdirilməsi bu baxım­dan diqqəti cəlb edir. 

Azərbaycan dövlətinin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz əsl sahibi olduğu neft kimi əvəzsiz sərvəti insan ka­pitalına çevirə bilib. Ötən müddətdə ölkə­də həyata keçirilən quruculuq işlərindən, yeni istehsal müəssisələrindən tutmuş, Azərbaycan tələbələrinin xaricdə təhsi­linədək bir çox uğurlarımızın təməlində məhz neftdən gələn gəlirlər dayanır. Fon­dun hesabatına əsasən, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabət­liliyinin artırılması üzrə Dövlət Proqramı”­nın maliyyələşməsinə 5,2 milyon manat yönəldilib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 3,6 milyon manat vəsait ayrılıb. 

Göründüyü kimi, hazırda Azərbay­can iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin yaratdığı təməl üzərində hərtərəf­li və dinamik inkişaf edir. Güclü, qüdrətli Azərbaycan quruculuğu davam edir. Qlo­bal proqramlar, irimiqyaslı layihələr, dövlət proqramları ən ümdə məqsədə–Azərbay­canın iqtisadi qüdrətinin və beynəlxalq nü­fuzunun artırılmasına xidmət edir. Dovlət Neft Fondunun vəsaitlərinin artması isə Azərbaycanın maliyyə potensialının və bütövlükdə ölkənin iqtisadi qüdrətinin art­ması deməkdir. Qarşıdakı perspektivlər onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti bundan son­ra da artacaq, iqtisadiyyat sürətlə inkişaf edəcək, xalqımızın maddi-rifah halı daha da yaxşılaşacaq.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat