Qarabağ və Şərqi Zəngəzurda “ağıllı” şəhər və kəndlər boy atır

post-img

Hazırda işğaldan azad olunan ərazilərə Böyük Qayıdışın reallaşdırılması üçün müasir şəhərsalma qaydaları nəzərə alınmaqla Qarabağ və Şərqi Zəngəzurda yaşayış və qeyri-yaşayış kompleksləri inşa edilir, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçirilir. 

Bu əsasda bütün bölgədə müasir standartlara uyğun sosial-iqtisadi və mədəni infrastruktur qurulur, kommu­nal xidmətlər şəbəkəsi, xüsusilə tullan­tıların səmərəli idarə edilməsi sistemi yaradılır. Sosial xidmət infrastrukturu bərpa olunur. 

Bir sözlə, Qarabağ və Şərqi Zən­gəzurun yaşayış məntəqələrində zəru­ri sosial-iqtisadi infrastruktur təminatı, iqtisadi canlanmanın sürətləndirilməsi, habelə nəqliyyat potensialının artırılması və yaşayış məntəqələrinin “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında yenidən qurulması yüksək templə da­vam etdirilir. 

Vətən müharibəsi dərhal başa çatan­dan sonra düşməndən təmizlənən əra­zilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə də baş­lanılıb, qısa zaman ərzində bu bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəq­liyyat infrastrukturu formalaşdırılması diqqət mərkəzində saxlanılıb. 

Bütün bunlarla bərabər, işğaldan azad edilən ərazilərin ölkə iqtisadiyya­tına reinteqrasiyası məqsədilə mühüm tədbirlər həyata keçirilir. Erməni faşizmi tərəfindən tamamilə dağıdılan iqtisadiy­yatın qurulması üçün iqtisadi fəaliyyətin canlanması sürətləndirilir və əlverişli biznes mühitinin formalaşdırılması təmin edilir. 

İşğaldan azad olunan yaşayış sahələrində yol tikintisinə xüsusi əhə­miyyət verilir. Çünki yaşayış məntəqələ­rində hərəkətin tənzimlənməsi üçün, ilk növbədə, yol infrastrukturunun yenidən qurulması, körpü və tunellərin inşası xü­susi əhəmiyyət daşıyır. Həm bərpa-quru­culuq işlərinin intensivləşdirilməsi, həm də tranzit-logistik baxımdan bu məsələ daim diqqətdə saxlanılır. 

Prezident İlham Əliyevin cari il iyulun 20-də Füzuliyə səfəri çərçivəsində 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şu­şa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olması da bu önəmli məsələni diqqətdə saxlamasının bariz ifadəsidir. Xatırladaq ki, düşmən­dən təmizlənən ərazilərin yenidən qu­rulması və bərpası layihəsi çərçivəsində həmin avtomobil yolunun layihələndi­rilməsi və tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yolun Tuğ dairəsinədək olan 48 kilometr­lik hissəsinin altı, 33,7 kilometrlik hissə­sinin isə dörd hərəkət zolağından ibarət olacağı nəzərdə tutulur.

Yol tikintisindən söhbət düşmüşkən, xatırladaq ki, Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan tə­mizlənməsi ilə paralel olaraq, ilkin mər­hələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu is­tiqamətdə işlər sürətlə həyata keçirilir. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğalçıdan azad edilən ərazilərdə uzun­luğu 513,1 kilometr olan 10 avtomobil yolu layihəsinə başlanılıb ki, bunlardan da 4-ü artıq tamamlanıb. Əlavə olaraq, uzunluğu 157,5 kilometr olan 2 dəmir yolu layihəsinin də icrasına başlanılıb. 

Dövlətimizin başçısı iyulun 21-də isə Şuşa rayonuna səfəri çərçivəsində Da­şaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlə­rinin təməlini qoyub, 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə maraqlanıb. 

İşğaldan azad edilən ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivə­sində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlə­rinin qurulması istiqamətində də sistemli tədbirlər reallaşdırılır. Eyni zamanda, ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər ‒ mobil rabitə, radio-televiziya yayımı, xüsusi ra­diorabitə, internet və s. təşkil edilir. 

Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan olunub. Hazırda bu iqtisadi rayonlarda elektrik enerjisi təmi­natı məqsədilə ötürücü və paylayıcı şə­bəkənin qurulması üçün genişmiqyaslı və təxirəsalınmaz tədbirlər həyata ke­çirilir, rayon və şəhərlərin əksəriyyətinə ölkənin ümumi enerji sistemindən elekt­rik enerjisi verilməsi üçün infrastruktur formalaşdırılır. 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən in­diyədək işğaldan azad olunan ərazilər­də 11 su elektrik stansiyası yenidən qu­rularaq bərpa edilib və hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 tikintisi aparılan su elektrik stansiyalarında işlər yaxın aylarda yekunlaşacaq. Eləcə də Kəlbə­cər və Laçında daha 9 yerdə su elektrik stansiyasının tikintisinə başlanılıb.

Sosial infrastruktur baxımından 2026-cı ilin sonunadək Qarabağ iqtisadi rayonu üzrə Ağdam və Füzuli şəhərlə­rində 8 yaşayış məhəlləsinin, Hadrut və Suqovuşan qəsəbələrinin və 32 kəndin tikilməsi planlaşdırılıb. Artıq Talış kəndin­də 1-ci faza üzrə 20 fərdi yaşayış evi və 10 qeyri-yaşayış obyekti tamamlanaraq keçmiş məcburi köçkünlərə təhvil verilib. 

Bütün bunlarla yanaşı, Qarabağda bərpa-quruculuq işlərinə başlanan ilk vaxtlardan təhsil müəssisələrinin tikintisi də diqqət mərkəzində saxlanılır. Hazırda 4 məktəb layihəsi həyata keçirilir. Tərtər rayonunun Suqovuşan tam orta məktə­bində bərpa işləri yekunlaşıb, Talış kənd tam orta məktəbi və uşaq bağçası isə artıq istifadəyə verilib. Ağdam şəhərində 2, Füzuli şəhərində isə 1 uşaq bağçası üzrə layihələndirmə işləri aparılır.

Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasi­ya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranıb. İşğal­dan azad edilən ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi məqsədilə döv­lət başçısının müvafiq fərmanına əsasən Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəb­rayıl rayonu ərazisində “Araz Vadisi İq­tisadi Zonası” Sənaye Parkı yaradılıb. Bu sənaye parkında artıq 5 müəssisə rezident, 1 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Hazırda həmin layihələrin ümumi investisiya dəyəri təx­minən 200 milyon manata qədər təşkil edir ki, burada 1800-dən çox yeni iş yeri­nin yaradılması nəzərdə tutulub.

Qarabağ və Şərqi Zəngəzurda mə­dəni və dini irsin qorunub saxlanılması da prioritet istiqamətlərdən biridir. Hazır­da Ağdamdakı Cümə və Qiyaslı məscid­ləri bərpa olunur, Suqovuşan və Hadrut qəsəbələrində isə yeni məscidlərin tikin­tisi üzrə layihələndirmə işləri aparılır. Pə­nahəli xanın sarayı – İmarətdə və Şah­bulaq qalasında yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq. İmarətdə yerləşən Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın qəbirüstü abidəsi özünün ilkin görkəmində artıq bərpa olunub. 

Böyük Qayıdışa dair I Dövlət Proqra­mına uyğun olaraq işğaldan azad edilən ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. Birinci mərhələdə, 2026-cı ilədək Qara­bağ iqtisadi rayonu üzrə 2 şəhər mərkə­zinin və 32 kəndin tikilməsi, 3 məntəqə­nin turizmyönlü inkişaf etdirilməsi, torpaq islahatı ilə bağlı təkliflərin hazırlanması və ən azı 66 min sakinin öz dədə-baba torpaqlarına geri qayıdışının təmin edil­məsi qarşıda əsas hədəflərdir.

Sonda qeyd edək ki, Azərbaycan hö­kuməti işğalçıdan təmizlənən ərazilərin yenidən qurulmasına və bərpasına 1 mil­yard 967,9 milyon manat vəsait yönəldib. Maliyyə Nazirliyinə məlumatına görə, bu, 2023-cü ilin dövlət büdcəsində sözüge­dən məqsədlə nəzərdə tutulan 3 milyard manat vəsaitin 65,6 faizi deməkdir. Hə­min vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.

Dövlət əsaslı vəsait qoyuluşu (in­vestisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 758,7 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulan xərclərin 28,5 faizinə bərabərdir.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat