Sığortaya marağın artırılması hökumətin qarşısında duran strateji hədəflərdən biridir

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ümumi daxili məhsul 133.8 milyard manata çatıb. Bu, ölkəyə böyük neft gəlirlərinin daxil olmağa başladığı 2005-ci ilin ÜDM-i ilə müqayisədə nominal ifadədə təqribən 10 dəfə çoxdur. 

Bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.

Onun sözlərinə görə, 2010-cu ilin statsitikası ilə müqayisədə sığortada penetrasiyanın həcmi təqribən 0.6 faiz bənd artıb. Ölkənin gəlirlilik səviyyəsini nəzərə alsaq, sözügedən sektor üzrə mövcud ümumi və siniflər üzrə ayrı-ayrılıqda penetrasiyanın səviyyəsində minimallıq hələ də qalmaqdadır.

"Sektor üzrə penetrasiyanın ən az 2-3 dəfə yüksəldilməsi üçün sahibkarlar arasında sığorta təbliğatının həyata keçirilməsi, vətəndaşların sığortaya olan marağının daha da artırılması hökumətin qarşısında duran strateji hədəflərdən biridir. Sığorta sektorunun ÜDM-də xüsusi çəkisinin artırılması üçün iqtisadi subyektlərin bu bazarda iştirakçılığına dair təşəbbüslər həyata keçirilməlidir", - deyə Zahid Oruc deyib.  

Mərkəzin rəhbəri onu da bildirib ki, son illər qanunvericilikdə edilən dəyişikliklər, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun qəbulu mühüm addımlardan biridir: "Xüsusilə, sığota təşkilatları tərəfindən bağlanan müqavilələrin artım tendensiyasından görünür ki, bu istiqamətdə hüquqi və fiziki şəxslər arasında tədricən maraq yarana bilinib. Belə ki, 2022-ci sığorta təşkilatları tərəfindən bağlanan müqavilələr əvvəlki illə müqayisədə 20 faiz artıb. Burada əsas drayver könüllü sığorta müqavilələrin sayının yüksək olmasıdır. Könüllü sığorta müqavilələri 32,5 faiz artıbsa, icbari sığorta müqavilələrin sayı 10 faiz artıb". 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

İqtisadiyyat