Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı çıxış edərək bu barədə deyib: “Bir məsələni də qeyd etməliyəm. Bu da bu günlərdə “Abşeron” qaz-kondensat yatağından çıxarılan ilkin qazın əhəmiyyəti ilə bağlıdır. Bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu günə qədər bizim ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var. “Abşeron” qaz yatağı ilə bağlı bizim ümidlərimiz böyük idi. Bilirdik ki, “Abşeron” qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır”.
Dövlətimizin başçısı çıxışında daha sonra, “Abşeron”un birinci fazasının artıq icra edildiyini və yəqin ki, SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlayacağını vurğulayıb.
Xatırladaq ki, ölkəmizin qaz ehtiyatlarının həcminə görə, ikinci böyük yatağı olan “Abşeron”dan hasilatın başlanması ilə ixracın artırılmasına müsbət təsir göstərəcəyi proqnozlaşdırılıb. İyulun 10-da Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
JOCAP (“Absheron Petroleum” Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və “TotalEnergies” hər biri 50 faiz paya malikdir. Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul platformasının idarəetməsi “Neft Daşları”nda yerləşən mərkəzi idarəetmə məntəqəsindən həyata keçirilir.
Xatırladaq ki, “Abşeron” yatağının işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi 12 il əvvəl imzalanıb. Ötən zaman ərzində yataqdan hasilatın başlanması müddəti dəfələrlə ertələnib. Nəhayət ki, 12 ildən sonra yataqdan ilk qazın alınmasına başlanıb.
“Abşeron” yatağından hasil olunan qaz daxili tələbata yönəldiləcək. Bu isə “Şahdəniz”dən çıxarılan qazın daha çox həcminin ixraca yönəldilməsinə imkan yaradacaq. Yəni Azərbaycan bununla da Avropadakı müştərilərə vəd etdiyi həcmləri təmin etməklə üzərinə götürdüyü öhdəlikləri gerçəkləşdirəcək.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat. Bu da xam neftə bərabər olan bir məhsuldur və beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, "Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə çıxarılacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq”.
Bu məqamda onu da qeyd edək ki, artıq Azərbaycanda “Şahdəniz”lə bərabər iki böyük qaz-kondensat yatağı fəaliyyət göstərir. Halbuki vaxtilə buna şübhə ilə yanaşanlar vardı. Vaxtilə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında da neftin az olması iddia edilirdi. Hazırda 300 milyard kubmetrdən artıq ehtiyata malik “Abşeron” yatağının istismara verilməsi ölkəmizin zəngin enerji potensialına malik olduğunu təsdiqlədi. Dövlətimizin başçısının cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dediyi sözlər də bu baxımdan diqqət çəkdi: “Biz gözləyirdik ki, kəşfiyyat olacaq, amma sözün düzü, bu qədər gözəl nəticələri gözləmirdik. Bu, çox gözəl bir xoş xəbər oldu və Azərbaycanın enerji potensialına kölgə salmağa çalışan bəzi dırnaqarası ekspertlərə də çox yaxşı, tutarlı cavab olmuşdur. Ona görə bundan sonra bizim qaz ixrac planlarımız daha tez bir zamanda və daha böyük həcmdə təmin ediləcək”.
Yeri gəlmişkən, Fansanın “TotalEnergies” neft-qaz nəhəngi də Azərbaycanın SOCAR şirkəti ilə birgə işlədiyi “Abşeron” yatağında qaz hasilatına başladığını elan edib. Bununla bağlı “Le Figaro” qəzetində “TotalEnergies” şirkətinin məlumatına istinadla məqalə dərc olunub.
Məqalədə bildirilir ki, qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsində gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil ediləcək. Vurğulanır ki, 2016-cı ildə SOCAR və “TotalEnergies” arasında saziş imzalanarkən yatağın gücü kondensatın əhəmiyyətli hissəsi də daxil olmaqla, sutkada təxminən 35 min barel neft ekvivalentində qiymətləndirilirdi. Şirkətlərin hər biri layihədə 50 faiz paya malikdir.
Fransa şirkətinin kəşfiyyat-hasilat üzrə baş meneceri Nikolas Terraz bildirib ki, bu layihə şirkətin qaza artan tələbatı ödəmək strategiyasının bir hissəsidir və SOCAR ilə tərəfdaşlığı daha da gücləndirir.
Sonda onu da xatırladaq ki, “Abşeron” qaz yatağı 1960-1970-ci illərdə kəşf edilsə də, hasilata artıq indi başlanılır. JOCAP (“Absheron Petroleum” Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və “TotalEnergies” hər biri 50 faiz paya malikdir.
Azərbaycanın təsdiq olunan qaz ehtiyatları 2,2 trilyon kubmetrdir. Bu göstəriciyə “Abşeron” yatağının ehtiyatı da daxildir. Hazırda illik qaz ixracı 21 milyard kubmetr təşkil edir. Yaxın 5 il ərzində Azərbaycan indiki 21 milyard kubmetr qaz ixracını 30-31 milyard kubmetrə qədər artırmağı planlaşdırır. Avropaya qaz ixracının isə 11 milyarddan 20 milyard kubmetrədək yüksəldilməsi proqnozlaşdırılır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”