“Abşeron” yatağında qaz hasilatına başlanıldı

post-img

Azərbaycanın energetika sektorunda daha bir mühüm hadisə baş verdi. “TotalEnergies” şirkəti və onun tərəfdaşı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizində, Bakıdan, təxminən, 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə hasilata başlandığını elan etdi. 

Xatırladaq ki, adıçəkilən yatağın ilk işlənmə mərhələsi sualtı hasilat quyusu­nu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı plat­formasına birləşdirir. Onun hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edır. “Abşeron” qa­zının Azərbaycanın daxili bazarına satı­lacağı nəzərdə tutulur. 

“Yataqların kəşfiyyatı üzrə mütəxəs­sislərimizin uğurunun nəticəsi olan “Ab­şeron” qaz yatağından hasilatın başlan­masını elan etməkdən məmnunuq. Bu layihə şirkətin artan qaz tələbatının ödə­nilməsi strategiyasına uyğundur və SO­CAR şirkəti ilə tərəfdaşlığımızı güclən­dirir”, – deyə “TotalEnergies”in kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz bildirib. 

JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olu­nan layihədə TotalEnergies və SOCAR hər biri 50 faiz paya malikdir. Yeri gəlmiş­kən, SOCAR-ın tərəfdaşlarından sayılan “TotalEnergies” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət “Abşeron” qaz-kondensat yatağında 50 faiz, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri layihəsində isə 5 faiz paya sahibdir.

Məlumat üçün bildiririk ki, “Abşeron” yatağı ötən əsrin 60-cı illərində Azərbay­can geoloqları tərəfindən kəşf edilib. O zaman mövcud texnika və texnologiyalar Xəzər dənizinin dərinliklərində qazma işlərinə imkan vermədiyindən yatağın istismarı mümkün olmayıb. Nəhayət, 1997-ci ildə “Abşeron” yatağı üzrə hasila­tın pay bölgüsünə dair birinci beynəlxalq müqavilə imzalanıb. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələndiyindən 2005-ci ildə müqaviləyə xitam verilib. Bu­nunla belə, Azərbaycan geoloqları, Azər­baycan Dövlət Neft Şirkətinin mütəxəs­sisləri “Abşeron” yatağında məhsuldar layların olması ilə bağlı fikirlərində israrlı idilər. Eyni zamanda, xarici tərəfdaşlar da burada kifayət qədər karbohidrogen ehti­yatlarının olmasına inanırdılar. 

Məhz bu inamın nəticəsi olaraq 2009-cu il fevralın 27-də Azərbaycan Dövlət Neft Şirkəti ilə “Total” şirkəti ara­sında “Abşeron” yatağı üzrə yeni müqa­vilə imzalanıb. 2015-ci ildə isə “SOCAR” və “Total” birgə “JOCAP” (Joined Ope­rating Company Absheron Petroleum) əməliyyat şirkətini yaradıblar. Beləliklə, “SOCAR Absheron” və “Total E&P Abs­heron” törəmə şirkətlərinin bərabər pay­larla iştirak etdiyi JOCAP (Joined Ope­rating Company Absheron Petroleum) birgə müəssisəsi “Abşeron” yatağının operatoru elan olunub. 

Müqavilənin 30 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur. 747 kvad­ratkilometr ərazini əhatə edən müqavilə sahəsində aparılan ilkin kəşfiyyat işləri uğurla nəticələnib. 2011-ci ilin sentyabr ayında “Abşeron”da çox böyük qaz eh­tiyatlarının aşkar olunması rəsmən elan edilib. 

2020-ci il sentyabrın 19-da isə “Ab­şeron” qaz-kondensat layihəsinin real­laşdırılması istiqamətində mühüm hadisə baş verib. Həmin gün Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağı­nın dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Xatırladaq ki, “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırıl­ması daxildir. 

Xəzər dənizində, “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan cənub-qərb­də, dənizin 500 metr dərinliyində yer­ləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həcmində qiymətləndiri­lir. Elə bu zənginliyinə görə də “Abşeron” yatağının bir neçə mərhələdə işlənməsi nəzərdə tutulur. Yatağın işlənməsinin birinci mərhələsində ildə 1,5 milyard kubmetr qaz və 750 min ton kondensat hasilatı nəzərdə tutulur. Növbəti illərdə isə burada illik hasilatın ən azı 4 milyard kubmetrə qədər artırılacağı gözlənilir. Bütövlükdə isə, yatağın istismarı Azər­baycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. 

Yeri gəlmişkən, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bir qədər əvvəl açıqladığı hesabatında bildirilir­di ki, “Şahdəniz” və “Abşeron” yataqları 2023-cü ildə Azərbaycanda maye karbo­hidrogen hasilatının artımının təkanverici qüvvələri olacaq. Hesabatda o da qeyd olunurdu ki, Azərbaycanın köhnə yataq­larında hasilatın əsas azalmasının digər yataqlar hesabına kompensasiya oluna­cağı gözlənilir. Bu artımın isə, əsasən, “Şahdəniz” və “Abşeron” yataqları hesa­bına baş verəcəyi proqnozlaşdırılır. Gö­ründüyü kimi, “Abşeron” yatağının karbo­hidrogenlərlə zənginliyi artıq beynəlxalq səviyyədə də qəbul olunur.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

“Abşeron” yatağından ilk qazın əldə edilməsi Azərbaycan üçün son dərəcə əhəmiyyətli bir hadisədir. Özü də bunun dünya enerji bazarı üçün heç də yaxşı olmayan dövrə təsadüf etməsi ikiqat əlamətdardır. Düzdür, ötən illə müqayisədə müəyyən irəlilə­yişlər müşahidə olunsa da, ancaq bu gərginlik, hələlik, qalmaqdadır. Belə olan təqdirdə Azərbaycan dünyanın enerji bazarında davam edən gərgin­liyin aradan qaldırılması üçün yeni bir şans qazanır.

“Abşeron” yatağının ilkin işlənmə mərhələsi çərçivəsində çıxarılacaq qaz bütünlüklə Azərbaycan bazarına daxil olacaq. Bu da ildə 1,5 milyard ku­bmetr “mavi yanacaq” deməkdir. Bu­nunla da, ölkəmiz özünün qaza olan tələbatının ödənilməsi üçün “Şahdə­niz” yatağından aldığı, eləcə də qısa müddətli sazişlər əsasında Rusiyadan idxal etdiyi qazı dayandıracaq. Əvə­zində isə, bu həcmdə qaz Avropa və Türkiyədəki istehlakçıların tələbatının ödənilməsinə yönəldiləcək. Yəni, əgər biz bu il üçün cari proqnozlara baxsaq, görərik ki, Azərbaycan qaz satışını Av­ropaya təqribən 500 milyon kubmetr, Türkiyəyə isə 1 milyard kubmetr artır­mağı planlaşdırır. “Abşeron” yatağının ilkin işlənmə mərhələsi çərçivəsində də elə bu qədər– ildə 1,5 milyard kub­metr qaz hasil olunacaq. Bu resursla­rın isə bir-birini tamamlamağı özlüyün­də maraqlı görünməyə bilməz. 

Digər tərəfdən isə, növbəti 1-2 ildə Azərbaycan “Azəri-Çıraq-Günəşli” ya­taqlar blokunun dərin qatlarından qaz hasilatına başlayacaq. Bununla da, “Abşeron” yatağının birinci mərhələ­sindən daha çox qaz çıxarmağa nail olunacaq. Çünki ilkin araşdırmalar ona dəlalət edir ki, orada qazılacaq 2 istismar quyusunun hər biri, ən azı, 1 milyard kubmetr qaz çıxarmağa imkan yaradacaq. Beləliklə də, Cənub Qaz Dəhlizi öz resurslarını Azərbaycan qa­zının ixracı hesabına mərhələli şəkildə tam təmin edə bilər.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat