Bu ilin aprel ayında Avropanın Azərbaycan qazının idxalına xərcləri 490 milyon avroya çatıb. Həmin vaxt Azərbaycan Avropaya 1 milyard 47 milyon kubmetr təbii qaz ötürüb, ixracdan 488 milyon 241 min 329 avro gəlir əldə edib.
Azərbaycanın Energetika Nazirliyi bildirir ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində ölkəmiz Avropaya ümumilikdə 3,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da qaz ixracının illik müqayisədə 10,5 faiz artdığını göstərir.
Bu dövrdə Azərbaycan Türkiyəyə 3,4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edib. Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP ilə Türkiyəyə 1,9 milyard kubmetr qaz nəql edilib.
Qeyd edək ki, Azərbaycan TAP vasitəsilə Avropaya qaz tədarükünü 2020-ci il dekabr ayının 31-dən başlayıb. Boru kəmərinin ilkin buraxılış gücü ildə 10 milyard kubmetr təşkil edir.
“Xalq qəzeti”

