Ağdam Sənaye Parkına 160 milyon manatdan çox vəsait yatırılacaq

post-img

Ağdam Sənaye Parkında qeydə alınan rezidentlər tərəfindən inşa edilmiş ilk müəssisənin bu il fəaliyyətə başlaması gözlənilir. Bununla da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində böyük sənaye istehsalı bərpa ediləcək. Ağdam Sənaye Parkında qeydə alınmış rezidentlərın çoxu artıq tikinti işlərinə başlayıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatında bildirilir ki, ümumi ərazisi 190 hektar olacaq sənaye parkının qurul­ması iki mərhələdə nəzərdə tutulub. Artıq birinci mərhələdə əsas işlər tamamlan­maq üzrədir. Ağdam Sənaye Parkında 17 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib. Burada istehsal olunan məhsullar azad edilmiş rayonların əksəriyyətində aparılacaq tikinti-quraşdırma işlərində istifadə ediləcək, eyni zamanda, digər rayonlara göndəriləcək, həm də ixrac olunacaq. 

Parkın prioritet sahələri tikinti mate­riallarının istehsalı, qida sənayesi, kənd təsərrüfatı məhsullarının emalı, gübrə istehsalıdır. Bir sıra layihələr dəyərlən­dirmə mərhələsindədir, qiymətləndirmə komissiyası tərəfindən nəzərdən keçirilir. Bu müəssisələr həm də bərpadan sonra şəhərə qayıdacaq sakinlərin işlə təmin olunmasında böyük rol oynayacaq. 

Qeydiyyatdan keçmiş rezident və qeyri-rezidentlər tərəfindən sənaye par­kına 160 milyon manatdan çox vəsaitin yatırılması nəzərdə tutulur. Bu investisi­yalar nəticəsində 1400-dən çox yeni iş yeri açılacaq. Parkda digər sənaye park­larında olan güzəştlər mövcuddur. Belə ki, bütün sənaye parklarında qeydiyyat­dan keçmiş rezidentlər ilkin mərhələdə bütün infrastrukturla təmin olunur.

“Xalq qəzeti”

İqtisadiyyat