İxracatda qeyri-neft məhsullarının çəkisi artır

post-img

2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycanın ümumi ixracı 16,1 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac isə 1,5 milyard dollar təşkil edib. Bu və digər məsələlər barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın iyun sayında ətraflı məlumat verilib.

Azərbaycanda ümumi iqtisadi artımın əsas hissəsi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurlu nəticələri hesabına təmin olunsa da, son illər qeyri-neft sektoru üzrə də xüsusi fəallıq nəzərə çarpır. Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə ölkəmizin qeyri-neft sektorunda 18,4 milyon manatlıq məhsul istehsal olunduğu halda, 2022-ci ildə bu göstərici 69,8  milyard manat təşkil edib. 

Bu sahədə artım cari ilin ötən dövründə də müşahidə olunub. Ölkənin qeyri-neft sahələrinin inkişaf etdirilməsinin uğurlu nəticələri isə ixracda da özünü qabarıq şəkildə büruzə verir. “İxrac icmalı”nın məlumatına əsasən, 2023-cü ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz artıb. Hesabat dövrü ərzində yeyinti məhsulları üzrə ixrac 334,4 milyon dollara bərabər olub. Qeyri-neft ixracının strukturunda spirtli və spirtsiz içkilərin payı 5,9 dəfə, şəkər 43,8 faiz, meyvə-tərəvəz isə 10,4 faiz artıb.

Cari ilin yanvar-may ayları ərzində ölkənin aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9 faiz artaraq 349,1 milyon dollar təşkil edib. Yeri gəlmişkən, qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,8 faiz artaraq 92,2 milyon dollara çatıb. Qeyd edək ki, 2023-cü ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  elektrik enerjisi (313,9 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (91,5 milyon  dollar) ikinci, ilkin formalı polipropilen (57,2 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.  

“İxrac icmalı” sözügedən dövrdə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələrin siyahısını da açıqlayıb. Belə ki, yanvar-may ayları ərzində ölkəmizdən qardaş Türkiyəyə 464,6 milyon dollar, Rusiyaya 404 milyon dollar, Gürcüstana 161,2 milyon dollar, İsveçrəyə 53 milyon dollar, Qazaxıstana isə 47,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mallar ixrac olunub.

Nəşrin məlumatında may ayının qeyri-neft ixracı üzrə göstəricilər barədə də ayrıca məlumat verilir. Bildirilir ki, bu ilin mayında Azərbaycandan dünya bazarlarına 278,2 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunub. Bunun da 98,2 milyon dolları yeyinti məhsullarının, 180 milyon dolları isə qeyri-yeyinti məhsullarının payına düşüb.  

Hesabat ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (118,8 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu göstərici üzrə ilk üçlüyü isə Türkiyə (59,2 milyon ABŞ dolları) və Gürcüstan (18,6 milyon ABŞ dolları) tamamlayıb.

Son illər Azərbaycanın kənd təsərrüfatı sektorunda yaradılmış məhsul bolluğu daxili bazarın tələbatını ödəməklə yanaşı, ölkənin ixrac potensialının artmasına da mühüm töhfələr verir. Bu baxımdan əsas bitkiçilik məhsullarından sayılan pomidor və kartofu xüsusi qeyd etmək olar. Elə cari ilin may ayında ölkəmizdən ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında adıçəkilən məhsulların üstünlük təşkil etməsi də bunu təsdiqləyir. Xatırladaq ki, hesabat dövründə Azərbaycandan 37,3 milyon dollarlıq pomidor (tomat) və 19,9 milyon dollarlıq kartof ixrac edilib. May ayında qeyri-neft sektoruna aid malların siyahısında daş kömür qatranının yüksək temperaturlu qovulmanın təmizlənməmiş digər yüngül yağları və məhsulları (17,1 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi aylıq icmalda, həmçinin qeyri-neft sektoru üzrə cari ilin yanvar-may aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi təqdim olunub. Hesabat dövrü  üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “Best Logistik” MMC,  “STP Global Cable” MMC, Şirinov Elvin Valeh oğlu, “My Fruit” MMC, “Lexus-Bakı” MMC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC ilk onluqda qərarlaşıb. 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında isə birinci yer  “Azərenerji” ASC-yə məxsus olub. Siyahıda sonrakı yerləri ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, “ASK Tütün” MMC tutublar.

“İxrac icmalı”nın məlumatında Azərbaycanın 2023-cü ilin yanvar-may aylarında peyk telekommunikasiya xidmətləri sahəsindəki uğurları ilə bağlı yığcam məlumat da yer alıb. Qeyd olunub ki, hesabat dövründə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)  tərəfindən dünyanın 42 ölkəsinə 7,8 milyon  ABŞ dolları dəyərində  peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 faizini təşkil edib. May ayında isə “Azərkosmos” dünyanın  40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Cari ilin yanvar-may ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,7 milyon ABŞ dolları ilə Lüksemburq, 689,8 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri,  430,8 min ABŞ dolları ilə Almaniya və 363 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

Nəşrin məlumatına görə, bu ilin 5 ayında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 851,3 milyon manat, may ayında isə 173,4 milyon manat dəyərində əməliyyat aparılıb.

Göründüyü kimi, son illər ölkəmizdə qəbul olunmuş məqsədli dövlət proqramları, əlverişli biznes mühiti, eləcə də uğurlu şaxələndirmə siyasəti qeyri-neft sektorunun inkişafını sürətləndirir. Bu da öz növbəsində ixracın strukturunda qeyri-neft mallarının payının getdikcə artmasına imkan yaradır.  

 

Mirbağır YAQUBZADƏ, 
“Xalq qəzeti”

 

İqtisadiyyat