Xankəndidə “Pianino parkı”nın zəfər notları

post-img

Xankəndinin mərkəzində, Zəfər meydanının yanında kiçik bir park var. Hamı bura “Pianino parkı” deyir. Yaşıllıqların ortasında suları bəzən lap hündürə qədər yüksələrək günəş şüalarının altında bərq vuran fəvvarə, ətrafında oturub şəhərin təmiz havasından, ilin hər fəslində gözəl təbiətindən zövq almaq üçün söykənəcəkli kürsülər və bir də parkın pilləkənlərinin başındakı meydanda yerləşən mərmər pianino bu yeri hər zaman qonaq-qaralı edir.

Xüsusilə ilıq nəfəsli baharın öz yerini isti yaya təhvil verməyə hazırlaşdığı indiki vaxtlar axşamüstü üzlərindən vətən torpaqlarının azadlığının bəxş etdiyi sevinc, xoşbəxtlik yağan, çöhrələrini təbəssüm bəzəyən insanlar bu parka axışırlar. Hətta uşaqlı-böyüklü bir-birini tanımayanlar da doğmasıyla, yaxınıyla görüşürmüş kimi mehribanlıqla salamlaşır, fəvvarənin ətrafında dolanır, oturub ruhlarını dincəldirlər.

Bura gələnlərin əksəriyyəti adətən pianinonun arxasına keçərək şəkil çəkdirir, barmaqlar istər-istəməz şirmayı dillərin üzərində “rəqs edir”. Bəzən də kimsə gözlərini yumaraq bu sehrli alətdə ustalıqla ifa etməyə başlayır, ətrafa xoş musiqi sədaları yayılır. Parkda hamı susur, bu yerlərin gözəlliyinə gözəllik qatan Xankəndinin qayğısız uşaqları da şən, şaqraq gülüşlərinə ara verib mərmər “qutudan” çıxan ecazkar səsi dinləyirlər.

Ən qəribəsi də bilirsiniz nədir? Kimin nə çalmasından, hətta naşıların necə dınqıldatmasından asılı olmayaraq pianinodan çıxan səslər “Koroğlu” üverturasını andırır, “Bayatı-şiraz”ı xatırladır. Çünki iki ilə yaxındır bu pianino özlüyündən zəfər notlarına köklənib...

Bu axşam biz də parkın qonaqları arasındayıq. Qonaqları deyəndə ki, bura gələnlərin əksəriyyəti daha qonaq deyil, öz yurdunda işləməyə, Qarabağın, Xankəndinin dirçəldilməsində, cənnətə çevrilməsində iştirak etməyə, oxumağa, bir sözlə, burada yaşamağa gələnlərdir. Pianinonun yanında gözləyir, yaxınlaşıb şəkil çəkdirənlərin, ifa edənlərin xoş duyğularına şərik oluruq.

İlk həmsöhbətim Xankəndi şəhər 4 nömrəli orta məktəbin 4-cü sinfini bitirən, sinəsi məzun lentli mələk kimi Mələk Həsənova və valideynləridir. Yəqin, rəqəmlərə fikir verdiniz, ardıcıl iki 4, yəni rəmzi olaraq 44 rəqəmi ilə qarşılaşırıq. Mələk bu il ibtidai siniflə vidalaşır, elə ailəvi gəzintiləri də bununla bağlıdır. Dərsləri çətin olsa da öhdəsindən yaxşı gəlib, deyəsən. Hə, bir də deyir, Xankəndini də, oxuduğum məktəbi də çox sevirəm, yaxşı ki, bura gəlmişik. Atası Rüfət, anası Vüsalə söhbətə qoşulurlar.

Əvvəllər Bakıda yaşayan ailə bir ilə yaxındır Xankəndidədir. İşlə əlaqədar gəliblər, gələn gündən də Qarabağın gözəl təbiətinə, havasına, suyuna heyran olublar. Mələkdən başqa bir oğlan övladları da var, o da 4 nömrəli məktəbin 10-cu sinfində oxuyur. Rüfət Həsənov indi Bakı üçün deyil, Bakıya gedəndə Xankəndi üçün darıxdıqlarını bildirir:

–Bir müddət əvvəl üçgünlük Bakıya getmişdim, Qarabağ üçün necə darıxırdımsa, inanın, az qalırdı ürəyim partlasın. Bu günlərin şahidi olduğumuz üçün özümüzü xoşbəxt hiss edirik. Xankəndidə yaşamaq, işləmək, burada yazılan yeni tariximizin iştirakçısı olmaq çox qürurvericidir. Allah Prezidentimizi qorusun, ordumuzu hər zaman müzəffər etsin! Allah Vətən yolunda canlarından keçmiş şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Bu gözəl günlərimiz üçün hər zaman onlara borcluyuq.

Pianinonun yanına daha bir ailə yaxınlaşır. Tanış oluruq. Afiq Cəfərov əslən kəlbəcərlidir, torpaqlarımız mənfur ermənilər tərəfindən işğala məruz qalanda Ağdamda yaşayırmış. Artıq uzun illərin doğma yurd həsrəti, məcburi köçkünlük həyatı bitib, 4 aydır Xankəndidə məskunlaşıblar. Qızı Aybəniz Qarabağ tikiş fabrikində işləyir.

Söhbətimizə də Aybənizlə davam edirik. İşindən, həyatından razılığını bildirir. Deyir, nə yaxşı da ki, gəlmişik və bizə bu günləri bəxş edənlərə çox minnətdaram.

Pianinonun arxasına Xankəndiyə Gəncədən qonaq gəlmiş İnci Qasımzadə keçir. Səsləndirdiyi musiqi növbəti dəfə parkda sükut yaradır. Elə ilk akkordlardan pianino yenidən zəfər notları ilə dillənir. Anası Ülviyyə xanım fəxrlə qızının Gəncə incəsənət məktəbinin pianino ixtisası üzrə 2-ci sinfində oxuduğunu bildirir, Qarabağa ilk səfərlərinin təəssüratlarını bölüşür:

– Əslən Qərbi Azərbaycandanıq. Bu gün bizim həyatımızda ən yaddaqalan günlərdəndir. Çünki illərdir arzusunda olduğumuz, həsrətini çəkdiyimiz Qarabağımıza qonaq gəlmişik. Şuşanı ziyarət etdik, Cıdır düzünü, İsa bulağını gəzdik. İndi də azad Xankəndinin gözəlliklərindən zövq alırıq. Hər şey mənə yuxu kimi gəlir. Burada olmaq, bu gözəl əhval-ruhiyyəni yaşamaq möhtəşəm hisslərdir. Allahdan xalqımıza, millətimizə hər zaman zəfər sədalı günlər arzulayıram!

... Parkda qələbəlik artır. Əlbəttə, hamısı ilə söhbətləşmək mümkün deyil, ancaq hamının keçirdiyi hisslər də, arzuları da oxşardır, eynidir. Yəqin hamının bir sonsuz istəyi də budur ki, “Pianino parkı”nın mərmər gövdəli pianinosu heç zaman kökdən düşməsin, bundan sonra hər zaman zəfər notlarına səslənsin!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi





Sosial həyat